Milli-mənəvi dəyərlərimizin qorunmasına həsr olunmuş tədbir
Region

Milli-mənəvi dəyərlərimizin qorunmasına həsr olunmuş tədbir

Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Sabirabad Rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyimizin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda konfrans keçirildi.

Tədbirdə təşkilatçı qurumların rəsmi şəxsləri, dini icma sədrləri və din xadimləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Konfransı giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov mövzunun əhəmiyyətindən bəhs edərək  mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyindən, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığından danışdı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev müasir dövrdə dünyanın sürətlə qloballaşmasının fərdlərin və cəmiyyətlərin həyatına böyük təsir göstərməsinə diqqət çəkdi. Komitə rəsmisi, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətdən, atılan addımlar və qarşıya qoyulan prioritet məsələlərdən bəhs etdi.

Baş Prokurorluğun idarə rəisinin müavini, ədliyyə müşaviri Asim Yusifov,  Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev öz çıxışlarında dövlətçilik ideologiyasının, onun əsas istiqamətləri olan milli-mənəvi və tarixi dəyərlərimizin qorunmasının xüsusi diqqət mərkəzində saxlanılması və görülən işlərin mühüm əhəmiyyət kəsb etməsindən danışdılar.

Tədbir müzakirələrlə yekunlaşdı.

                                                Tofiq HÜSEYN,

                                               “Respublika”.