Milli-mənəvi dəyərlərimizin qorunması və bərpası ən ümdə vəzifələrdəndir
Siyasət

Milli-mənəvi dəyərlərimizin qorunması və bərpası ən ümdə vəzifələrdəndir

44 günlük Vətən müharibəsi Zəfərlə bitdikdən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə başlanıldı. Şəhər və kəndlərin yenidən qurulmasına, qəsəbələrin salınmasına start verildi. Tarixi yurd yerlərimizdə milli-mənəvi dəyərlərimizin bərpası dövlətin inkişaf strategiyasının əsas istiqaməti kimi müəyyənləşdirildi. Dövlət başçısının tapşırığına əsasən işğaldan azad edilmiş hər bir şəhərin, kəndin bərpası o yerlərin tarixi görkəminin saxlanılması üzrə aparıldı. Təkcə Şuşa şəhərində 150-dən çox tarixi abidənin hər birinin bərpası üçün tədbirlər görüldü.

2021-ci ilin yanvar ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət edərkən Məkkədən gətirilmiş "Qurani-Şərif"i məscidə hədiyyə edən ölkə başçımız demişdir: "Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb. Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb". Cənab İlham Əliyev bu səfəri zamanı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurmuşdur.

İki ay sonra, ikinci dəfə mart ayının 16-da Şuşaya gələn Azərbaycan Prezidenti 1992-ci ildə Şuşanın işğalı zamanı ermənilər tərəfindən dağıdılmış Molla Pənah Vaqifin məqbərəsinin Heydər Əliyev Fondu tərəfindən bərpasına başlanıldığını, Şuşa məscidlərinin, buradakı bulaqların bərpa olunması ilə bağlı müvafiq göstərişlərin verildiyini diqqətə çatdırmışdır.

Prezident İlham Əliyev 2021-ci il mayın 12-də üçüncü dəfə Şuşa səfərində 110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyasının, "Xarıbülbül" otelinin yenidənqurmadan sonra açılış mərasimində iştirak etmiş, otelin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olmuş, Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binaya getmişdir. Yuxarı Gövhərağa məscidində olan ölkə başçımız Şuşada yeni məscidin təməlini qoymuş, Xan qızı Natəvanın sarayına baxış keçirmiş, bərpa edilən "Xan qızı" bulağına da baş çəkmişdir. Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi binada, eyni zamanda Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olmuşdur. Dövlət rəhbəri səfəri zamanı şəhərdə inşa olunacaq 1 saylı ümumtəhsil məktəbinin də təməlini qoymuşdur.

Avqustun 29-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak etmişlər. Ü.Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində görüləcək işlərlə tanış olub, "Otel və Konfrans Mərkəzi"nin təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunmuşdur. Səfər çərçivəsində Vaqif Poeziya Günlərinin açılışında iştirak etmiş və Heydər Əliyev Fondu tərəfindən Şuşada təşkil olunan sərgilərlə tanış olmuşlar.

2021-ci il noyabr ayının 7-də Şuşaya səfər edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk olaraq Zəfər yolunun açılışını etmiş, Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimindən sonra Şuşada Aşağı Gövhərağa məscidində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri ilə tanış olmuşlar. Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə maraqlanmışlar.

2021-ci ilin 24 dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 60 illik yubileyini qalib sərkərdə, Müzəffər Ali Baş Komandan kimi Zəfərimizin qürur zirvəsi olan Şuşada qeyd etmişdi: "Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada - Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olduğunu bir daha təsdiqləyir. Amma eyni zamanda hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm".

Ölkə başçımız və birinci xanım ötən il sentyabr ayının 28-də Şuşada inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşlar. Noyabrın 8-də isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etmişlər. Aprel ayının 22-də ölkə başçımız Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin tikintisi ilə tanış olmuş, Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxış etmişdir. May ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Şuşada Yaradıcılıq Mərkəzinin açılışını etmişlər.

Prezident İlham Əliyev Şuşaya hər səfərində qədim şəhərimizin yenidən qurulması, bərpası istiqamətində aparılan işlərlə tanış olmuş, bu tarixi Azərbaycan torpağının əvvəlki bənzəri olmayan simasının özünə qaytarılması üçün xüsusi tapşırıq və tövsiyələrini vermişdir. Belə ki, işğaldan azad edilmiş torpaqlarımızda milli-mənəvi dəyərlərimizi əsrlər boyu özündə yaşadan dini abidələrimizin bərpası, yenidən qurulması Azərbaycan dövlətinin qarşısında dayanan ən vacib məsələlərdəndir. Qalib xalqın müzəffər sərkərdəsi İlham Əliyev bu günlərdə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan xalqa müraciətində də bu amili xüsusi vurğulamışdır: "Əlbəttə ki, bizim gördüyümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq. Gənc nəsil belə yetişməlidir və biz gənc nəsli belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk". Şuşada olarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bir çox ölkə əhəmiyyətli müəssisələrin yenidən qurulması, bərpası işləri ilə tanış olmuş, o cümlədən Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış sənətkarların həyat və məişətini, bədii dünyagörüşünü özündə əks etdirən sənət əsərlərinin saxlandığı Milli Xalça Muzeyinin Şuşa filialının və Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin, tarixi-mədəniyyət abidələri sırasında mühüm yer tutan Yuxarı Gövhərağa məscidinin, Mehmandarovların malikanə kompleksinin, həmçinin ensiklopedik alim Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərginin açılış mərasimlərində də iştirak etmişlər.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın bərpasında misilsiz işlər görülür. Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması, məscidlərin bərpası və s. bu istiqamətdə həyata keçirilən layihələr sırasındadır.

Bu gün Şuşada sürətli bərpa-yenidənqurma işləri aparılır, bu yerlərə yeni nəfəs, yeni həyat verilir. Şəhər tarixi simasını saxlamaqla ən müasir formada bərpa edilir, müasir turizm infrastrukturu yaradılır. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi və bu qədim şəhərdə beynəlxalq festivalların, dövlət səviyyəli konfransların, mədəni-kütləvi tədbirlərin keçirilməsi Şuşanın şöhrətini özünə qaytarmaqla, milli-mənəvi dəyərlərimizin qorunmasında da boyük əhəmiyyət daşıyır.

Mehparə ƏLİYEVA,

"Respublika".