Milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qorumalıyıq
Siyasət

Milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qorumalıyıq

Ümummilli liderin ideyaları bu gün də yaşayır və həyata keçirilir

13 avqust 2001-ci il.  Azərbaycan Prezidenti Heydər Əliyevin kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərin qorunması, sosial ədalətin bərqərar olunması barədə bəyanatı müstəqil respublikamızın ictimai həyatında böyük rezonans yaratmaqla vətəndaşlarımız tərəfindən razılıqla qarşılandı. Belə ki, ümummilli liderimiz bu bəyanatı verməklə ölkə ictimaiyyətinin də narahatlığına səbəb olan hadisə və proseslərə öz münasibətini qətiyyətlə bildirmişdi. Bəyanatdan 20 il ötsə də o, bu gün də aktuallığı ilə mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda söz, mətbuat azadlığının demokratiyanın əsas prinsiplərindən biri olaraq tam bərqərar olunduğunu vurğulayan ulu öndər təəssüflə bildirirdi ki, bəzi qəzetlər, ayrı-ayrı şəxslərə mənsub olan dövri mətbuat, yaxud müstəqil qəzetlər, müxtəlif partiyalara mənsub olan qəzetlər Azərbaycanın Konstitusiyasının, Azərbaycanın qanunlarının mətbuat azadlığı, söz azadlığı haqqında yaratdığı şəraitdən sui-istifadə edirlər. Biz qəzetlərdə ayrı-ayrı insanların təhqir olunması, onların haqqında böhtanlar, yalanlar yazılmasının şahidiyik. Belə yazıların müəlliflərinin hərəkətləri Azərbaycanın mənəviyyatına, dövlətçiliyinə zidd hərəkətlər kimi qəbul edilməlidir.

Qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi, bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.

Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi ulu öndər Heydər Əliyevi görürük. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan ulu öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır.

Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə səmimi məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

Bəyanatda ümummilli liderimiz Azərbaycanın müstəqil ölkə olaraq qarşıda duran vəzifələrini hamının diqqətinə çatdırır. Yaranmış ictimai-siyasi sabitlik, xalqın rifah halının günü-gündən yaxşılaşması, iqtisadiyyatın inkişaf etməsi, şəhərlərimizin, kəndlərimizin, yaşayış yerlərimizin abadlaşması və inkişaf etməsi tam təsdiq edir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və yaşayacaqdır. Hər bir vətəndaşın borcu bu istiqamətdə xalqına xidmət etməkdən ibarət olmalıdır. Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Gənclərin ədalət və düzgünlük, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, xeyriyyəçilik, cəsarət və şücaət, mərdlik, təmizlik, halallıq, milli-mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət, əməksevərlik ruhunda tərbiyə edilməsində əsas rollardan birini də ailə oynayır. Ona görə də, ailələrdə bu məsələlərə ciddi fikir verilməlidir. Təlim-tərbiyə işinin təşkilində dini maarifləndirmənin də rolunu xüsusi qeyd etmək lazımdır. Bütün əxlaqi kateqoriyaların şərhi yolu ilə gənclərə sağlam həyat tərzi, düzgün yaşam fəlsəfəsi təbliğ olunmalı, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik prinsipi önə çəkilməlidir. Gənc nəslin tərbiyəsində bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin, folklor nümunələrinin, o cümlədən tanınmış yazıçı və şairlərin əsərlərinin mühüm rolu vardır. Eyni zamanda vətəndaşlarda dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından dövlət atributlarına - Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin vacibliyi təbliğ edilməlidir. Milli dəyərlərin, milli adət-ənənələrin zəruriliyi ulu öndər Heydər Əliyevin məruzə və çıxışlarında həmişə qürurla söylənilirdi. Heydər Əliyev göstərirdi ki, milli-mənəvi dəyərlər xalqın mənəvi sərvəti, mənəvi xəzinəsidir, bu sərvətə, xəzinəyə biganə olmaq cinayətdir. Milli-mənəvi dəyərləri qorumaq üçün ümummilli liderimiz Heydər Əliyev bir sıra məqamlara aydınlıq gətirmiş, görüləcək işlərin perspektivini müəyyənləşdirmişdi: “Fürsətdən istifadə edərək, bir-iki məsələyə toxunmaq istəyirəm. O da ondan ibarətdir ki, biz öz dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə tərbiyələndirməliyik”.

Ulu öndər Heydər Əliyev islam dinimizlə bağlı olan mərasim və adətlərin də layiqincə keçirilməsi üçün hər cür şərait yaratmışdı. 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mir Mövsüm Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid kompleksinin yenidən qurulmasına xeyir-dua verməsi ulu öndərin dini-əxlaqi dəyərlərə sadiqliyinin real təsdiqi idi. Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” - bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən ümummilli liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz. Elə buna görə də Prezident İlham Əliyev bizim uğurlarımızın əsas şərtinin “Müstəqil siyasət, milli maraqların qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq”  olduğunu söyləmişdir. Bu gün ulu öndərin ali ideyalarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci Xanım ənənəsini də gətirmişdir. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Ümummilli liderimiz bəyanatda vurğulayır: “Bir də bəyan edirəm ki, biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik və edəcəyik. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır və qanun çərçivəsində lazımi ölçülər götürüləcəkdir. Bu sözləri deyərək mən bir daha Azərbaycan xalqına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm ki, hər bir insan vətəndaşlıq borcunu ən yüksək borc hesab etsin”.

Mustafa KAMAL,

“Respublika”.