Milli memarlıq abidəmiz - Pir Hüseyn   Xanəgahı
Mədəniyyət

Milli memarlıq abidəmiz - Pir Hüseyn   Xanəgahı

Pirsaatçay Xanəgah Kompleksi abidəsi - Pir Hüseyn Xanəgahı milli memarlıq abidəmiz, tariximizin daş yaddaşıdır. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti 2004-cü ildə “Pir Hüseyn Xanəgahı”nı tarix-memarlıq qoruğu elan etmiş, burada yenidənqurma işləri aparmışdır.

Kompleksin əsas binası XIII əsrdə tikilmiş Şeyx Pir Hüseyn Şirvaninin məqbərəsidir. Şeyx Hüseyn Şirvani türbəsinin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəridir. Təəssüf ki, kaşılar hələ XIX əsrdən başlayaraq sökülmüş, müxtəlif tədqiqatçı, yaxud təsadüfi adamlar tərəfindən aparılmış və dünyanın müxtəlif muzeylərinə yayılmışdır.

Hacıqabulun Navahı kəndi ərazisində, Pirsaat çayı sahilində yerləşən bu memarlıq kompleksi Şirvanı dış dünya ilə bağlayan ana karvan yolu üstündə tikilmişdir. Yolüstü durumu xanəgahın möhkəm divarlarla qapalı, bürclərlə möhkəmləndirilmiş - qalaçaya bənzər quruluşunda əks olunmuşdur.  Kompleksin əsas tikililəri bu dördbucaqlı qalanın içindədir.

Pirsaat xanəgahı əhalinin müqəddəs saydığı və ziyarətgaha çevirdiyi Şeyx Pir Hüseyn Şirvaninin türbəsi ətrafında bir neçə yüz il ərzində yaradılmışdır. Türbə, XI yüzilin son çərəyində (Pir Hüseyn 1074-cü ildə vəfat etmişdir) tikilmişdir. Bu yerdə daha qədim tapınağın, pirin olması da mümkündür. Pir Hüseyn türbəsi güneydən məscid binasına bitişikdir. Üstündə tikilmə tarixi qalmayan məscidin plan məkan quruluşu İçərişəhərdə yerləşən Asur məscidindəki ilə eynidir. Mütəxəssislər Pirsaat məscidinin XI - XII yüzillərin qovşağında inşa edildiyini söyləyirlər. Türbəyə bitişik olduğundan məscidin daş döşəməli ibadət salonu həm də ziyarətxana idi. XIII yüzilin ortalarından ziyarətgahın nüfuzunun artması ilə bağlı burada tikinti və bəzək işləri genişləndirilir. Xanəgahın giriş qapısı üzərində tikinti tarixi 1243-cü ildir. Məscidin zəngin bədii yapma gəc naxışlı mehrabı və Pir Hüseyn türbəsinin çoxrəngli kaşı bəzəyi həmin ilin əsəridir.

Kompleksdən dövrümüzə çatan ən maraqlı və mühüm memarlıq əhəmiyyəti daşıyan abidələr Pir Hüseynin türbəsi və minarədir. Məscid və onun yanındakı tikililər dördkünc qala divarının içində yerləşir. Məscidin yolu qalanın şərq divarına bitişik tikilmiş otaqdandır. Məscidin daxili cənub divarı müxtəlif naxışlarla bəzədilmişdir. Mərkəzi hissədə mehrab, onun hər iki tərəfində isə pannolar vardır. Mehrabın yalnız orta hissəsindəki yazıda mina fraqmentləri qalmışdır.

Pir Hüseyn məqbərəsinin yerləşdiyi binanın divarına naxışlı keramik lövhələr vurulmuşdur. Kompleksə daxil olan minarənin aşağı kvadrat hissəsinin ölçüləri 3x3 metr, hündürlüyü isə 17 metrdir. İçərisində daşdan hörülmüş dolama (vintvari) pilləkən vardır. Mehtərlər üçün ayrıca tikilmiş otaqlar abidənin cənub-şərqində yerləşir. Qala divarlarındakı mazqallar, habelə tinlərdə düzəldilən hündür qüllələr kompleksin bütünlüklə mühafizə xarakterli olduğunu sübut edir. Pirsaatçay üzərindəki Xanəgah zəngin inşaat texnikasına malik qiymətli bir tarixi-memarlıq abidəsidir. Burda böyük ustalıqla daş üzərində həkk olunmuş və rəngli keramika ilə bəzədilmiş təbii daşdan gözəl bir divar hörgüsü yaradılmışdır.

Xanəgah Dövlət Qoruğu hazırda bura ziyarətə gələnlərin sevimli məskənidir. İbadət və ziyarət edənlər üçün Xanəgahda hər cür şərait var. Bələdçilər memarlıq abidəsinin tarixi və xüsusiyyətləri barədə qonaqlara ətraflı məlumat verirlər.

Tofiq HÜSEYN,

“Respublika”.