Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar
Mədəniyyət

Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı yubileyin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir:  “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. ...Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür”...

Doğrudan da, Dədə Ələsgər möcüzələrlə dolu yaradıcılığının dərinliyinə, rəngarəng çalarına, poetik dəyərinə görə Azərbaycan-Türk ədəbi irs xəzinəsində, islam və təsəvvüf dünyasında Mövlana, Yunus Əmrə kimi dühalarla yanaşı duran, haqlı olaraq aşıq poeziyasının zirvəsi hesab edilən cahanşümul dini-fəlsəfi-poetik dühadır.

Möcüzəli, sirli-sehirli, dərin mənalar kəsb edən Aşıq Ələsgər yaradıcılığını təhlil etmək, ona peşəkarlıqla qiymət vermək, əlbəttə, ədəbiyyatşünasların, ilk növbədə, ələsgərşünasların öhdəsinə düşür. Mən isə Dədə Ələsgər möcüzəsinə bağlanan, bütöv yaradıcılığını sevən, onu daim, təkrar-təkrar heyranlıqla mütaliə edərək, hər dəfə özünə yeni bir sirr kəşf edən həvəskar oxucu kimi bəzi fikirlərimi bölüşmək istədim.

Bütövlükdə, Dədə Ələsgər poeziyası kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi sirli, müəmmalı, sehirli, gözəlliklə, nurla, hikmətlə dolu möcüzəli bir şeir dünyasıdır.

Həyatında Aşıq Ələsgər yaradıcılığının  heç olmasa bir qoşmasını oxumuş, ürəyi poeziya ilə döyünən hər bir insanın bu xəzinəyə biganə qalmayaraq onun dərinliklərinə can atacağına, baş vuracağına əminəm. Çünki Aşıq Ələsgər yaradıcılığı gözəlliklə (bu qeyri-adi sözün geniş, tam fəlsəfi mənasında), müdrikliklə, bəşər idrakının kamilliyi ilə çalxalanan dərin bir ümmandır! Bu ümmanın dərinliklərinə baş vurduqca hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi ifadəsini bütövlüklə başa düşmək qarşısında aciz qalır. Keçən əsrin birinci yarısında yaranıb bu günə qədər inkişaf edən, Dədə Ələsgər fenomeninin, sirlərlə dolu yaradıcılığının sehrini açmağa, təhlil və tədqiq etməyə yönələn ədəbiyyatşünaslarımız H.Əlizadə, M.H.Təhmasib,  H.Araslı, Ə.Axundov,  Y.Qarayev, İ.Ələsgər, H.İsmayılov və bir çox başqaları ciddi tədqiqatlara baxmayaraq, hələ də bu əzəmətli xəzinənin müəmmalarını, sirlərini bütövlüklə aşkar edə bilməmişdir.

Göyçə aşıq məktəbinə, Göyçə folkloruna, Dədə Ələsgər yaradıcılığına zaman-zaman verilən qiymətlər, təhlillər, dərin, sanballı tədqiqatlar Aşıq Ələsgərin Dədə epitetinə, sözün əsl mənasında, layiq olduğunu, onu Haqq Aşığı, Sufi Mürşid, Övliya kimi, mənsub olduğu ali sufi mərtəbənin göstəricisi kimi qeyd etməyi, sufi baxış çərçivəsindən yanaşmağı lazım bilirlər və onun şeirində kökləri ilə türk Tanrıçılığına bağlanan və ondan qaynaqlanan türk sufizmi ilə islam və onun müqəddəs kitabı “Qurani-Kərim” vəhdətində axtarmağı təlqin edirlər.

Tədqiqatçıların gəldiyi qənaət göstərir ki, Aşığın vergili şəxsiyyət olmağını və bu verginin texnologiyasını ilahiyyat və müqəddəslik məkanında - sakral dünya ilə təmasın və sakral informasiya daşıyıcılığının yollarında, peyğəmbərlərə verilən - ilahi vəhy, övliyalara verilən həvalə və şairlərə verilən ilham yollarında axtarmaq lazımdır. Bir çox tədqiqatçılar doğru olaraq, Aşıq Ələsgəri şairlikdən bir pillə yuxarı, “qudsal şəxsiyyət”, övliya kimi təqdim edirlər.

Ürfan elmində, Allahı tanımaq və ona qovuşmaq ideyasının kökü dörd sufi mərhələ - Şəriət, Təriqət, Mərifət və Həqiqət ilə bağlıdır.

Bu mərhələlərin - insanın ruhi-mənəvi saflaşmasını işarələyən “sufi mərtəbələri”n Aşıq Ələsgərin “Gərəkdi” rədifli ustadnaməsinin iki bəndindəki misralarında necə yer aldığına diqqət edək:

...Xalqa həqiqətdən mətləb qandıra,

Şeytanı öldürə, nəfsin yandıra,

El içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdi...

...Arif ola, eyham ilə söz qana,

Naməhrəmdən şərm eyləyə, utana,

Saat kimi meyli haqqa dolana

Doğru qəlbi, doğru yolu gərəkdi...

Diqqətli müşahidə ilə 1-ci bəndin ilk, “Xalqa həqiqətdən mətləb qandıra” və 2-ci bəndin üçüncü, “Saat kimi meyli haqqa dolana” misralarının “həqiqət”, 1-ci bəndin ikinci, “Şeytanı öldürə, nəfsin yandıra”, 2-ci bəndin dördüncü, “Doğru qəlbi, doğru yolu gərəkdi” misralarının “təriqət”, 1-ci bəndin üçüncü, “El içində pak otura, pak dura”, 2-ci bəndin ikinci, “Naməhrəmdən şərm eyləyə, utana” misralarının “şəriət” və nəhayət, 1-ci bəndin dördüncü, “Dalısınca xoş sədalı gərəkdi” və 2-ci bəndin birinci, “Arif ola, eyham ilə söz qana” misralarının “mərifət” kateqoriyalarına aid olduqlarının şahidi oluruq.

Aşıq Ələsgər yaradıcılığı hikmətlə nəfəs alan müdriklik xəzinəsidir. Onun bu gün əlimizdə “İstər” rədifli hikmətlə nəfəs alan bir qəzəli var. Əruz biliciləri, qəzəlsevərlər etiraf edirlər ki, artıq elə bir mötəbər ürfan məclisi yoxdur ki, bu qəzəl orada səsləndirilməsin. Bu qəzəl elə bir möhtəşəm şeirdir ki, o, poetik gücü ilə qəzəliyyatın zirvəsi olan Füzulinin qəzəlləri səviyyəsində dayanıb. Bu qəzəlin beytlərində fəlsəfə, din, lirika, tariximiz, adət-ənənələrimiz, gözəl, şirin, səlis dilimiz, elm, ürfan var və onun hər beytinin açıqlaması, xırdalanması xeyli vaxt tələb edir. Qəzəlin bir beytində zahidə, insanlara Allah, Peyğəmbər və Qurani-Kərim adından yol göstərən din xadiminə müraciətlə:

Demə, zahid, mənəm alim, oxuram əntə-sübhani,

Siratdan istəyən keçmək, xudadan pərü bal istər.

— deyərək, bildirir ki, cənnətlə cəhənnəm arasında tükdən nazik, qılıncdan iti olan sirat körpüsündən keçmək üçün, Qurani-Kərimi oxumaq, əzbər bilmək, onun kəlamlarını insanlara çatdırmaq heç də bəs etmir, yalnız sənin bu dünyada gördüyün xeyirxah işlər, əməllərin sənə qol-qanad verib  körpü üzərindən keçirə bilər.

Aşıq Ələsgər gözəllik aşığı, aşiqi, şairi idi. , gözəlliyə Tanrının bəxş etdiyi ilahi, müqəddəs varlıq, saflıq, səmimilik, paklıq, sözün mənəvi mənasında ucalıq məfhumu kimi yanaşırdı. Aşığın ilk şeirlərindən olan “Köynəyinə” rədifli qoşmasında dediyi:

Sinən Kəbə, köynək Kəbə örtüyü,

İzin versən, sürtəm üz köynəyinə.

misraları söylədiyim fikri poetik, obrazlı şəkildə olduqca parlaq, qabarıq şəkildə sübut edir.

Gözəllik vurğunu olan Aşıq Ələsgər bütöv poeziyasında,  cümlədən, lirikasında qadın gözəlliyini tərənnüm edərkən xalqımızın milli-əxlaqi, tərbiyəvi adət-ənənəsinə sadiq qalaraq, heç vaxt onlardan kənara çıxa biləcək epitetlərə yol verməmişdir. Onun məşhur “Çərşənbə günündə, çeşmə başında” misrası ilə başlayan qoşmasında bir gözələ vurulan aşiq onun nişanlı olduğunu bilərkən “Sındı qol-qanadım yanıma düşdü” deyərək ağır olsa da, ata-babalarımızdan miras qalmış adətimizə uyğun olaraq fikrindən daşınmışdır.

Aşıq Ələsgərin bədii, obrazlı düşünmə tərzi, poetik təxəyyülü onun lirikasında daha qabarıq şəkildə özünü büruzə verir.  Qadın gözəlliklərini tərənnüm edərkən, bəzən klassik bənzətmələrdən istifadə etsə də, çox zaman yalnız onun özünəməxsus bədii obrazlı düşünmə tərzi ona qədər poeziyada işlənməyən yeni bənzətmələr tapıb, kəşf edib uğurla  gözəllikləri öz poetik zirvəsinə yüksəltməsinə imkan vermişdir. Aşığın Həcər xanımı vəsf etdiyi “Düşərmi” rədifli qoşmasındakı əvəzsiz bənzətmələr kimi:

Həcərxanım, qaşın, gözün təhrində

Xətt yazsam, Quranda ayə düşərmi?!

Götürsən niqabı məh camalından,

Hüsnün nuri-təcəllaya düşərmi?!.

Bu cür bənzətmələr içərisində birisini xüsusi qeyd etmək istərdim. Xalqımızın ən çox sevdiyi Novruz bayramıyla bağlı onun mənsub olduğu mart ayında qeyd edilən adət və ənənələrimizin, dörd müqəddəs çərşənbənin insanların qəlbində yaratdığı xoş ovqat, əhvali-ruhiyyə, mənəvi hiss və duyğuların gözəlliyini dərindən duyan Dədə Ələsgər “Getmə amandı” qoşmasının bir bəndində deyir:

...Camalın göyçəkdi bayram ayından,

Görən doymaz qamətindən, boyundan.

Layiq deyil qurban kəsim qoyundan,

Sənə qurban canım, getmə, amandı...

Zəngin poeziyamızda gözəlliklə bağlı çoxsaylı inci nümunələrinin mövcudluğunu nəzərə alaraq, bayram ayının gözəlliklərini görüb və duyan bir insan kimi tam cəsarət və məsuliyyətlə deyə bilərəm ki, nə Dədə Ələsgərə qədər, nə ondan sonra poeziyamızda qadın gözəlliyini tərənnüm edən belə bir güclü bənzətmə, epitet deyilməmişdir!

Aşıq Ələsgər əsl insan gözəlliyini ilk növbədə onun mənəvi dünyasında axtarır.

Qadın gözəlliklərini vəsf edərkən elə bədii obrazlar yaratmağa nail olur ki, sanki rəssamın ilhamla işlədiyi bir mənzərə qarşısında dayanıb onu heyranlıqla seyr edirsən. “Sarı köynək” rədifli qoşmasında bu ecazkar mənzərəni yaradan obrazlı bənzətmə çox uğurlu və olduqca poetikdir.

Ümumiyyətlə, Ələsgər şeirinin hər birində obrazlı bənzətmələr, ifadələr və eyhamlar, bədii tapıntılar, mənalı məcazlar onun poetik qüdrətindən, dilə, sözə hakimliyindən, özünəməxsus dərin təxəyyül, düşünmə tərzindən xəbər verir.

Aşıq Ələsgər üçün sevgi, məhəbbət müqəddəs hisslərdir. Sağlığında məhəbbətinin varlığından zövq alan, nəcib hisslər keçirən, ona itaət edən Aşıq Tanrı dərgahında da sevgisinin xəyali təmasından məmnun qalır, ruhu şad olur.

Yazıb-oxumağı bilməsə də, güclü hafizəsi və yeni şeylər öyrənmək marağı Aşıq Ələsgərə zəngin bilik əldə etməyə imkan yaratmışdır. O, dövrünün ziyalıları və din xadimləri ilə söhbətlər aparar, savadı olan dost-qohumlarına, mollalara tarixi, bədii və dini kitablar, xüsusilə Qurani-Kərimi oxutdurub, saatlarla onları dinləyərmiş. Aşıq Ələsgərin şeirlərində rast gəldiyimiz “Şəninə dastan yazıram, Rüstəmin dastanı kimi”, “Ürəyim bir Kərəmə, bir Şeyx-Sənana yanır”, “Səxavətdə misli Hatəm, səddə İsgəndər kimidir, “Qəlbdən yas tuturam Məcnuna, Fərhada bu gün”, “Hüsndə Yusifsanı, kamalda Loğman kimidir, “Hər yana kağız dağıldı, Süleyman fərmanı kimi”, “Min yaşasın İsmayılı, nərəsi Heydər kimidi”, “Erkək yan-yana kəsildi, Minanın qurbanı kimi” misralar, ayrı-ayrı şeirlərində Firdovsi, Nizami, Nəsimi, Füzuli, Hafiz kimi şairlərin adlarının çəkilməsi, “Onlar da yazdığı, ayə, məndədi” söyləməsi dediyimizə sübutdur.

Aşıq Ələsgərin məclislərində iştirak etmiş müasirlərinin — qocaların və şəyirdlərinin dediklərinə görə, onun fitri istedadı, vergili şəxsiyyəti, dinləmək yolu ilə əldə etdiyi biliklər və güclü hafizəsi, məclislərdə bədahətən şeir söyləməsinə, onları yadında saxlamasına və şəyirdlərinə öyrətməsinə, deyişmələri zamanı heç bir sual qarşısında aciz qalmamasına, bu deyişmələrdə bütün rəqiblərinə qalib gəlməsinə imkan vermişdir. Haqqında söylənilən xatirələrdən, dastan və rəvayətlərdən məlum olur ki, Aşığın qarşı-qarşıya söhbət elədiyi insanların fikrindən keçənləri oxumaq və baş verəcək bir çox hadisələri əvvəlcədən yuxuda görmək qabiliyyəti də bir möcüzə idi.

Aşıqlıq sənətinə böyük məsuliyyətlə yanaşan Dədə Ələsgər özündən sonra böyük bir aşıq məktəbi qoyub getmişdir. Göyçədə adları bəlli olan 170-dən artıq aşığın çoxu Aşıq Ələsgərin sənət şəcərəsinin üzvləri olmuşlar. Olduqca təvazökar olan Aşıq, apardığı məclislərdə heç vaxt özünü təbliğ etməz, Qurbanidən, Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Ağ Aşıqdan, ustadı aşıq Alıdan və başqa sənətkarların şeirlərindən oxuyar, öz şeirlərini isə yalnız məclis əhlinin xahişi və tələbi ilə ifa edərmiş. Bununla da dahi sənətkar yüksək təvazökarlıq nümunəsi göstərərək, aşıqlıq sənətinin kredosunu, “nizamnaməsini”, əsl aşıqlıq sənətində vacib olan tələbləri yuxarıda örnək gətirdiyimiz “Gərəkdi” rədifli şeirində:

Aşıq olub, diyar-diyar gəzənin,

Əvvəl, başda pür kamalı gərəkdi.

Oturub-durmaqda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdi.

söyləyərək, bu meyarlara ilk növbədə özü riayət edər, şəyirdlərinə nümunə, yol göstərər, onları “danışdığı sözün qiymətin bilməyə”, arif olmağa, “haqqa dolanmağa”, “doğruluğa” çağırar, yönəldər və bu yüksək insani, mənəvi, ürfani keyfiyyətlər ruhunda tərbiyə edərdi.

Dinimizin qanun-qaydalarına həmişə ləyaqətlə əməl edən, həqiqəti, təriqəti, şəriəti, mərifəti dəqiq bilən, hər zaman Tanrıya ibadət edən Aşıq, xalqının hər bir fərdini İslam qayda-qanunlarına uyğun müsəlman görmək istəyirdi. Aşıq Ələsgər üçün müsəlman — ən nəcib, mənəviyyatı yüksək, Qurani-Kərimin buyurduğu insani keyfiyyətləri və əməlləriylə cavab verən insandır:

Mən istərəm, alim, mömin yüz ola,

Meyli haqqa doğru, yolu düz ola,

Diliylə zəbanı üzbəüz ola,

Ələsgər yolunda can qurban eylər.

Qeyd etdiyimiz kimi, Aşıq Ələsgər çox güclü hafizəyə, müşahidə qabiliyyətinə malik bir sənətkar olduğundan ətrafda baş verən hadisələrə, insanların düşüncə və əməllərinə sanki yazımızın epiqrafına rəğmən görünəcəkli məsafədən, “göy üzündən” baxar, müşahidə, seyr edər, onların olduqca düzgün poetik mənzərəsini çəkər, qiymət, dəyər verər, mənalandırardı. Yer üzündə isə  öz möcüzəli, vergili şəxsiyyəti, sirli-sehirli, müəmmalı, hikmətli sözü və şeiri ilə, ecazkar sazı və sənəti ilə ətrafındakı insanları heyran qoyardı.

Aşıq Ələsgərin yaradıcılığında yüksək insani keyfiyyətlər, namus, qeyrət, mərdlik, dostluq, saflıq, düzlük və s. xüsusi yer tutur. Aşıq “Dost dostdan inciyər, qəlbində dönməz”, “Dost odur ki, dosta yalan satmasın” deyərək, əsl dostluğun dərin, möhkəm, saf köklərə bağlı olduğunu ön plana çəkir.

Aşıq Ələsgər ədəbiyyatımızda yeganə poeziya dühasıdır ki, Azərbaycan klassik və aşıq yaradıcılığının bütün formalarında ən yüksək meyarlara cavab verən şeir nümunələri qoyub getmişdir. Onun yaratdığı dildönməz formasında dediyi “Bax-bax” rədifli şeiri isə ədəbiyyatımızda bəlkə də yeganə örnəkdir. Aşığın dodaqdəyməz və təcnisləri isə aşıq şeirinin zirvə məqamıdır. Dilimizi gözəl bilən, onun geniş imkanlarından bacarıqla istifadə etməyi bacaran Dədə Ələsgər şeirin ən çətin forması olan təcnislərdə yüksək meyarlı poetik nümunələr yaratmışdır. Dahi sənətkar bütün təcnislərində cinas sözlərlə fikrin, məna ilə məzmunun üzvi qaynağına, vəhdətinə böyük uğurla nail ola bilmişdir. Sözümüzün təsdiqi üçün onun “Nədi adı” rədifli dodaqdəyməz təcnisinə müraciət edək:

Şəriətlə təriqəti seçənlər,

Təriqətlə həqiqətin nədi adı?

Hansı şah haqq ilə ilqar eylədi,

Nə incidi, nə ah çəkdi, nə dadı?

Dədə Ələsgər irsinin yüksək fəlsəfi, əxlaqi, Ürfani tutumunun, mahiyyətinin əhəmiyyətini görkəmli yazarlarımız böyük sevgi və ehtiramla qeyd etmişlər. Bu irs onu, Xalq yazıçımız Mirzə İbrahimovun dediyi kimi, “Azərbaycan və dünya ədəbiyyatının klassik simaları ilə yanaşı duran dahi söz ustadı səviyyəsinə yüksəltmişdir”. Xalqımızın sevimli şairi Səməd Vurğun isə “Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında Dədə Ələsgərdən bir nişanə görürəm” - deyərək, onun özündən sonra aşıq poeziyasının bütün formalarında nə dərəcədə geniş, rəngarəng yaradıcılıq nümunələri qoyub getdiyini qeyd etmişdir. Bəxtiyar Vahabzadənin “Ələsgər şeirinin hikmətinə, dərinliyinə səcdə edirəm”, Məmməd Arazın “sözün qüdrətini ən uca nöqtəyə qaldırıb, oradan əsrinə baxmış” sözlərini deyən görkəmli şairlərimiz bu məktəbdən öyrəndiklərini etiraf etmişlər.

Dədə Ələsgər irsi sirləri hələ tam açılmamış möcüzəli bir poeziya ümmanı kimi, tədqiqatçılar, ələsgərşünaslar qarşısında sonsuz üfüqlər açır, yaradıcılıq imkanları yaradır.

150 illik yubileyi ilə bağlı ulu öndər Heydər Əliyevin göstərişi ilə Dədə Ələsgərin Göyçədə, anadan olduğu Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır və daim yaşayacaqdır.

Ələddin ALLAHVERDİEV,

professor, Moskva.