Milli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə MDB Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında çıxış edib
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə MDB Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçılarını salamlayan spiker Sahibə Qafarova bu ilin mart ayında Almatıda Parlamentlərarası Assambleyanın yaradılmasının 30 illiyinin qeyd edildiyini xatırladıb. O, bildirib ki, təşkilata üzv ölkələrin parlamentləri arasında əlaqələr tərəfdaşlıq, qarşılıqlı hörmət, etimad və xoşməramlılıq ruhuna söykənir. Assambleya çərçivəsində birgə fəaliyyət ikitərəfli və çoxtərəfli parlamentlərarası əməkdaşlığımızın inkişafı ilə yanaşı, ölkələrimiz arasındakı əlaqələrin də möhkəmlənməsinə töhfə verir.

Çıxışında hazırda regionda mövcud olan vəziyyət barədə məlumat verən Milli Məclisin sədri deyib ki, Azərbaycan erməni işğalından azad edilmiş ərazilərində fəal şəkildə genişmiqyaslı quruculuq və yenidənqurma işləri aparır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması bizim milli ideyamızdır. Azərbaycan bütün gücünü bu ideyanın tezliklə həyata keçirilməsinə səfərbər edib. Yeni şəhərlər, kəndlər salınır, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Spiker bir neçə gün əvvəl Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verildiyini xatırladaraq, bunun işğaldan azad edilmiş ərazilərdə Füzulidən sonra çox qısa müddətdə tikilmiş ikinci beynəlxalq hava limanı olduğunu bildirib. Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, Zəngilana səfər edən çoxsaylı xarici qonaqlar həm işğal illərində baş verən dağıntıların, həm də aparılan işlərin miqyasının şahidi olurlar.

Bu ərazilərə həyatın qayıtdığını deyən Sahibə Qafarova vurğulayıb ki, bu ilin may ayında Zəngilanda ilk kənd - Ağalı kəndi yenidən salınıb, ilk məcburi köçkünlər buraya qayıdıblar. Sentyabr ayında kəndin orta məktəbində 29 ildən sonra ilk zəng çalınıb.

Milli Məclisin sədri çıxışında qeyd edib ki, Ermənistan tərəfindən basdırılan minalar hələ də bərpa işlərində ən böyük problemlərdən biridir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra iki il ərzində mina partlayışları nəticəsində 260-dan çox Azərbaycan vətəndaşının həlak olduğunu və ağır yaralandığını deyən Milli Məclisin sədrinin sözlərinə görə, bu minalar Ermənistan tərəfindən həm işğal illərində, həm də müharibədən sonra, 2021-ci ildə basdırılıb. Spiker Sahibə Qafarova xüsusilə qeyd edib ki, bu ilin sentyabr ayının 13-də Ermənistanın növbəti hərbi təxribatı, sərhəd zonasında Azərbaycan qüvvələrinin təchizat yollarını minalamaq cəhdi Azərbaycan-Ermənistan sərhədi ərazisində toqquşmaya, nəticədə çoxsaylı insan tələfatına səbəb olub.

Sahibə Qafarova çıxışında daha sonra diqqətə çatdırıb ki, 30 ildir işğalın qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış 5 prinsipi əsasında Ermənistana sülh təklif edib. Son zamanlarda iki ölkənin rəhbərləri, xarici işlər nazirləri, həmçinin sərhədlərin delimitasiyası üzrə komissiyanın baş tutmuş görüşləri və yaxın gələcəkdə keçirilməsi planlaşdırılan görüşlər sülh prosesi ilə bağlı müəyyən nikbinlik yaradır. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb. Spiker ümidvar olduğunu bildirib ki, Ermənistan siyasi iradə nümayiş etdirəcək, bu prosesi gecikdirməyəcək və sülh sazişinin imzalanması üçün real addımlar atacaq. Bura 2020-ci ilin 10 noyabr tarixli Üçtərəfli Bəyannamənin bütün bəndlərinin həyata keçirilməsi, o cümlədən Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişin təmin edilməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması da daxildir. Sülh sazişinin imzalanması regionda sülh, sabitlik və firavanlığa nail olmağın yeganə yoludur.

AZƏRTAC