Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini ilə görüşüb

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri qonağı salamlayaraq, Azərbaycanın Qırğızıstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Spiker qeyd edib ki, Azərbaycan və qırğız xalqları ortaq tarixə, mədəni və mənəvi dəyərlərə malikdirlər. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Yüksək səviyyəli siyasi dialoq əməkdaşlığımızın həyatın digər sahələrində də dərinləşməsinə öz təsirini göstərir.

Parlamentlərarası əlaqələrdən söz açan spiker hər iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin dərinləşməsinin ümumi mənafelərə xidmət etdiyini söyləyib. O bildirib ki, deputatlarımız beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi olaraq görüşür, səmərəli fəaliyyət göstərirlər. Bu baxımdan, Qırğızıstan nümayəndə heyətinin Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına qatılmasını Milli Məclisin sədri yüksək dəyərləndirib, konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb.

Spiker İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirak edəcək nümayəndə heyətləri rəhbərlərinin Şuşaya səfərindən söz açaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən danışıb. O bildirib ki, Şuşa nəinki Azərbaycanın mədəniyyət paytaxtıdır, həm də bütün türk dünyasının ayrılmaz bir parçasıdır.

Sahibə Qafarova qeyd edib ki, vaxtilə işğal altında olan torpaqlarımızda Ermənistan tərəfi bütün şəhər və qəsəbələri dağıdıb, yaşayış məskənlərini viran qoyub. İndi isə azad olunmuş ərazilərimizdə sürətli quruculuq və bərpa işləri aparılır. Spiker bölgəyə səfər zamanı qonaqların bütün bunların canlı şahidi olacaqlarını söyləyib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primov ölkəmizə səfərindən və Azərbaycan parlamentində olmağından məmnunluğunu ifadə edib. İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştiraka dəvətə görə qonaq Milli Məclisin sədrinə təşəkkür edib. O qeyd edib ki, qırğız xalqının Azərbaycan xalqı ilə ümumi ortaq dəyərləri var. Bu mənəvi yaxınlıq əlaqələrimizin inkişafı üçün yaxşı zəmin yaradır. Dövlət başçılarımızın səfərləri və görüşləri, yüksək səviyyəli nümayəndə heyətlərinin müxtəlif platformalarda həyata keçirdikləri görüşlər tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Qonaq parlamentlərarası əlaqələrin iqtisadi, mədəni, humanitar sahələrdə münasibətlərin dərinləşməsinə də müsbət təsir edəcəyinə inamını ifadə edib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC