Milli Məclisin sədri Sahibə Qafarova Daşkənd şəhərində işgüzar səfərdədir
Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Daşkənd şəhərində işgüzar səfərdədir

Sentyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfər edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında parlament sədrini Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistan Respublikasının rəsmi şəxsləri qarşılayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində Qadın Parlament Sədrlərinin 14-cü Sammitinin tədbirlərinə qatılacaq, sessiyada çıxış edəcək və sammitdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək. Sammitin sonunda tədbirin yekunlarına dair Daşkənd Bəyannaməsi qəbul olunacaq.

İşgüzar səfər sentyabrın 10-da başa çatacaq.

AZƏRTAC