Milli Məclisin sədri İran Prezidentinin andiçmə mərasimində iştirak edib
Digər xəbərlər

Milli Məclisin sədri İran Prezidentinin andiçmə mərasimində iştirak edib

Avqustun 5-də İran İslam Şurası Məclisində (Parlamentdə) yeni seçilən Prezident İbrahim Rəisinin andiçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, İran İslam Şurası Məclisinin binasında keçirilən mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10-a yaxın ölkənin prezidenti, 20 ölkənin parlament sədri, 11 xarici işlər naziri, həmçinin Avropa İttifaqının, BMT-nin, İqtisadi Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.

Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti təmsil edib. 

Nümayəndə heyətinə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər daxildir.

İran parlamentinin sədri Məhəmməd Qalibaf mərasimdə çıxış edərək iyunun 18-də keçirilən prezident seçkilərində İran xalqının iradəsinin ifadə olunduğunu bildirib. Diqqətə çatdırıb ki, İranın tarixində yeni səhifə açılır. Ölkənin inkişafı üçün bütün dövlət qurumları daha da səmərəli çalışmalıdırlar. Lakin bu işdə əsas yük Prezident İbrahim Rəisinin rəhbərlik edəcəyi hökumətin üzərinə düşəcək.

İranın Ali Məhkəməsinin rəhbəri Möhsün Eniji çıxışında seçkilərin qanunauyğun və demokratik şəraitdə keçirildiyini bildirib.

Prezident İbrahim Rəisi müqəddəs “Qurani-Kərim”ə and içərək xalqa ləyaqətlə xidmət edəcəyini vurğulayıb. Yeni Prezident ölkəsinin iqtisadi inkişafı üçün səylə çalışacağını və korrupsiyaya qarşı kəskin mübarizə aparacağını da diqqətə çatdırıb. Qeyd edib ki, İranın böyük iqtisadi potensialı var və bu potensialdan səmərəli istifadə olunmalı, idarəetmə müasir tələblərə cavab verməlidir.

Ölkəsinin xarici siyasətindən danışan yeni Prezident İranın heç zaman münaqişə yaratmaq niyyətində olmadığını, dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələri qurmaq istədiyini bəyan edib.

AZƏRTAC