Milli Məclisin sədri Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb

İyulun 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqları səmimi salamlayan Sahibə Qafarova bu cür görüşlərin əlaqələrimizin inkişafına töhfə verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan-Fransa əlaqələrinin qədim tarixi kökləri var. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq əlaqələrinin müasir dövrdə təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə qoyulub. Bu gün Prezident İlham Əliyev əməkdaşlığımızın daha da dərinləşməsinə böyük önəm verir. Təsadüfi deyil ki, bu sahədəki xidmətlərinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2011-ci ildə Fransa Respublikasının “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Görüşdə Sahibə Qafarova əsas diqqəti 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbə və sonrakı mərhələdə Ermənistan tərəfindən törədilən təxribatlara yönəldib. Bildirib ki, ötən il Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan tərəfindən ərazilərinin 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa edib. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Qarabağ problemi tarixə qovuşdu. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirdi. İndi işğal nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün zəmin yaranıb. Təəssüf ki, Ermənistan yenə də təxribatçı əməllərindən əl çəkmir. Sərhəddə təxribatlar törədir, minalanmış ərazilərin tam xəritəsini təqdim etmir, hərbi əsirlər barədə həqiqətə uyğun olmayan məlumatlar yayır. Sahibə Qafarova bildirib ki, bütün bunlar Qarabağda başlamış sülh prosesinə, quruculuq, abadlıq işlərinə maneə törədir.

Dostluq qrupunun üzvlərinin Gəncə şəhərinə, işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfər edəcəklərini bildirən Milli Məclisin sədri vurğulayıb ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri vəhşicəsinə dağıdıb. Bu ərazilər, sözün həqiqi mənasında, Xirosimanı xatırladır. Sahibə Qafarova ümid etdiyini bildirib ki, dostluq qrupunun üzvləri öz ölkələrinə qayıtdıqdan sonra işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş dağıntılar barədə həm Milli Assambleyanın üzvlərinə, həm də Fransa ictimaiyyətinə obyektiv məlumatlar verəcəklər. Milli Məclisin sədri təəssüf hissi ilə bildirib ki, bəzi Qərb ölkələrində erməni lobbisinin təsiri altında fəaliyyət göstərən siyasi qüvvələr Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul edirlər. Əlbəttə ki, bütün bunlar Azərbaycan ictimaiyyətini narahat edir. Biz bu məsələdə beynəlxalq birliyin daha ədalətli davranacağına, Ermənistanın törətdiyi təxribatlara və vəhşiliklərə obyektiv münasibət bildirəcəyinə ümid edirik.

Səmimi qəbula görə minnətdarlığını bildirən Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvü Jerom Lamber ölkəmizə səfərlərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib. Bildirilib ki, bu cür görüşlər bölgə həqiqətləri ilə yaxından tanış olmaq, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.

Görüşdə Fransa Milli Assambleyasının üzvləri - Frederik Düma, Karol Büro-Bonnar, Jan Lük Reitzer, Sandrin Morş, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Soltan Məmmədov, qrupun üzvü Cavanşir Feyziyev çıxış edərək, tərəfləri maraqlandıran məsələlər ətrafında fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC