Milli Məclisin sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
Siyasət

Milli Məclisin sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

İyunun 24-də Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova qonağı səmimi salamlayaraq, Azərbaycanın bütün beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib. Milli Məclisin sədri ölkəmizin BMT-nin bir çox təsisatları ilə sıx əlaqələr qurduğunu və uğurlu əməkdaşlıq həyata keçirdiyini, paytaxt Bakının BMT-nin bir neçə mühüm tədbirinə ev sahibliyi etdiyini, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirildiyini qeyd edib.

BMT-nin Azərbaycandakı ofisinin müxtəlif proqramlar çərçivəsində ölkəmizin dövlət qurumları ilə fəal əməkdaşlıq etdiyini də bildirən S.Qafarova xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün görülən tədbirləri qeyd edib.

Görüşdə Milli Məclisin sədri Qulam İshaqzainin ölkəmiz üçün çox əhəmiyyətli və tarixi bir dövrdə ölkəmizdə fəaliyyət göstərdiyini bildirərək, xatırladıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsini özü yerinə yetirib. Hazırda isə yeni bir dövrə - bərpa və yenidənqurma dövrünə qədəm qoymuşuq.

Üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən törədilən təxribatlarla bağlı məlumat verən Sahibə Qafarova bildirib ki, müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə çoxlu sayda hərbçi və mülki vətəndaşımız Ermənistan tərəfindən basdırılmış minalara düşüb. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozaraq, müharibə cinayətlərini davam etdirir. S.Qafarova iyunun 4-də üç azərbaycanlının xidməti fəaliyyətlərini yerinə yetirərkən minaya düşərək həlak olmaları faktını xatırladaraq bildirib ki, onlardan ikisi jurnalistdir. Sahibə Qafarova, həmçinin qeyd edib ki, Ermənistan sərhədlərin delimitasiyası məsələsində də təxribatlara əl atır, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərməkdə davam edir və bu Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs edilmiş terrorçuları “hərbi əsirlər” kimi qələmə verməyə çalışır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ölkəmizdəki fəaliyyəti dövründə ona göstərilən dəstəyə və yaradılan şəraitə görə təşəkkürünü ifadə edərək, bu illər ərzində təşkilatla Azərbaycanın müvafiq qurumları arasında məhsuldar əməkdaşlıq həyata keçirildiyini qeyd edib. O, son illərdə BMT-nin müvafiq proqramları çərçivəsində baş tutan tədbirlərdən danışıb.

Milli Məclisin sədri Qulam İshaqzainin Azərbaycandakı uğurlu fəaliyyətini, BMT ilə ölkəmiz arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.   

AZƏRTAC