Milli Məclisin sədri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova fevralın 21-də Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri Ralf Horlemann ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən Milli Məclisin sədri ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə qeyd olunub ki, Azərbaycan və Almaniya dost və tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf edir və əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Azərbaycan Almaniya ilə həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı çərçivəsində uğurla əməkdaşlıq edir.

Görüşdə, həmçinin ölkələrimiz arasında əməkdaşlığın inkişafında parlamentlərin rolunun əhəmiyyəti, qarşılıqlı səfərlərin və səmərəli dialoqun bu istiqamətdə önəmi ifadə edilib. Həmçinin dostluq qruplarının fəaliyyəti, onların parlamentlərarası əlaqələrin inkişafında rolu qeyd olunub. Vurğulanıb ki, dostluq qrupları müntəzəm dialoq, görüşlər vasitəsilə parlamentlər arasında körpü rolunu oynaya bilərlər.

Sahibə Qafarova Azərbaycanda mövcud olan tolerantlıq, multikultural dəyərlər barədə məlumat verib, 2017-ci ildə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olduğunu xatırladıb. Bildirilib ki, Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərilir. Bu da Azərbaycanda mövcud olan tolerantlıq mühitinin, multikultural dəyərlərin səviyyəsinin bariz göstəricisidir.

Görüşdə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə, ərazi bütövlüyümüzün bərpası, azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülhün əldə olunması istiqamətində səyləri və Ermənistanın bu prosesə maneə yaradan təxribatları barədə də geniş məlumat verilib. Milli Məclisin sədri xatırladıb ki, fevralın 18-də Münxendə Prezident İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşündə də sülhün əldə olunması ilə bağlı danışıqlar aparılıb və ölkəmizin beynəlxalq hüquqa, tarixi ədalətə söykənən mövqeyi bir daha diqqətə çatdırılıb.

Sahibə Qafarova, həmçinin son dövrlər Laçın yolu ətrafında vəziyyətlə bağlı məlumat verib. Deyib ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə manipulyasiya ilə məşğuldur.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.