Milli Məclisin iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib
Siyasət

Milli Məclisin iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib

Aprelin 5-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarova onun rəhbərliyi ilə parlament nümayəndə heyətlərinin son günlərdə bir işgüzar və bir rəsmi səfəri barədə məlumatı bölüşüb.

Bildirib ki, martın 28-29-da Qazaxıstan Respublikasının Almatı şəhərinə işgüzar səfərdə məqsəd MDB-nin Parlamentlərarası Assambleyasının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək idi.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, o, martın 29-da Assambleyanın 30 illiyinə həsr olunmuş təntənəli iclasda çıxış edib. S.Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuduqdan sonra mövzu ilə bağlı fikirlərini bölüşüb.

Milli Məclisin sədri tədbirdə MDB Parlamentlərarası Assambleyanın siyasi, hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əlverişli müstəvi olduğunu diqqətə çatdırdığını deyib.

Sahibə Qafarova bildirib ki, o, Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar barədə də məlumat verib. Bildirib ki, postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq üçün perspektivlər yaranıb. Həmçinin Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bəndlərini xatırladıb.

Bildirib ki, Azərbaycan Bəyanat çərçivəsində öhdəliklərinə sadiqdir. Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməli və münasibətlərin normallaşmasına çalışmalıdır. Xatırladıb ki, Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə Ermənistandan hələ də cavab gözləyir.

Sahibə Qafarova qeyd edib ki, ondan sonra çıxış edən Ermənistan parlamenti spikerinin Azərbaycana qarşı irəli sürdüyü xüsusən atəşkəs rejiminin pozulması barədə iddialara cavab olaraq dövlətimizin haqlı mövqeyini bütün iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, üçtərəfli Bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tamamilə çıxarılmalıdır.

Qeyd edib ki, Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycan bütün hərbi əsirləri Ermənistana təhvil verib. Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan erməni hərbçiləri Cenevrə Konvensiyasına uyğun olaraq müharibə əsiri deyillər.

S.Qafarova bir daha bəyan edib ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və qarşı tərəfdən cavab gözləyir.

Milli Məclisin sədri bildirib ki, Qazaxıstana işgüzar səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli təmaslar da olub. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko və Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

O qeyd edib ki, Milli Məclisin nümayəndə heyəti martın 31-dən aprelin 2-dək Özbəkistan Respublikasında rəsmi səfərdə olub. Bildiyiniz kimi, Özbəkistan Mərkəzi Asiyada mühüm geosiyasi mövqe tutan bir dövlətdir. Ərazisi təqribən 449 min kvadratkilometr, əhalisi isə 34 milyon nəfərə yaxındır. Azərbaycanla Özbəkistan arasında ortaq tarixi köklərə, dini və mənəvi dəyərlərə, dil birliyinə əsaslanan dərin dostluq əlaqələri var. Özbəkistanla ikitərəfli münasibətlərin daha da inkişafı dövlətimizin xarici siyasətinin önəmli bir istiqamətini təşkil edir.

 Sahibə Qafarova bildirib ki, Özbəkistana rəsmi səfər çərçivəsində ilk görüş aprelin 1-də bu ölkənin Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva ilə olub. Aparılan söhbət zamanı dost ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edilib, ikitərəfli əlaqələrin dərinləşməsində parlamentlərin rolu vurğulanıb.

Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyi, parlament üzvlərinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi və bir-birinin mövqeyini dəstəklədiyi qeyd olunub. Yüksək səviyyəli siyasi dialoqun digər sahələrdə də münasibətlərimizin inkişafına müsbət təsir göstərdiyi bildirilib.

Elə həmin gün Milli Məclisin sədri və Özbəkistan Ali Məclisi Senatının sədri xanım Tənzilə Narbayeva tərəfindən Azərbaycanın və Özbəkistanın qanunvericilik orqanları arasında əməkdaşlıq haqqında sazişin və 2022-ci il üçün "Yol xəritəsi"nin imzalanması mərasimi keçirilib.

Həmin gün daha bir görüş Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov ilə olub. Görüşdə Azərbaycanla Özbəkistan arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Bildirilib ki, imzalanmış dövlətlərarası sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir. Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib. Bu sahədə müntəzəm dialoqun aparılmasının vacibliyi vurğulanıb.

Aprelin 1-də Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə də görüşüb. Görüşdə dövlətlərimiz müstəqillik qazandıqdan sonra ikitərəfli münasibətlərimizin daha da inkişaf etdiyi, son illərdə bu sahədə böyük uğurlar əldə olunduğu bildirilib.

Qeyd edilib ki, Azərbaycanın və Özbəkistanın dövlət başçıları arasında yüksək səviyyəli əlaqələr dinamik, səmərəli və qarşılıqlı faydalı münasibətlərin inkişafında mühüm rol oynayır. Qarşılıqlı fəaliyyətin bütün sahələrində - iqtisadiyyat, siyasət, mədəniyyət və sosial sahələrdə nəzərəçarpan irəliləyiş əldə olunduğu diqqətə çatdırılıb.

Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərin müsbət rolu vurğulanıb. Bildirilib ki, qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün qanunverici orqanlar arasında sistemli və müntəzəm əməkdaşlığı daha da gücləndirmək lazımdır. Parlament üzvləri "xalq diplomatiyası"nın təşviqində, iqtisadi və humanitar layihələrin dəstəklənməsində əsas rol oynamalıdırlar.

S.Qafarova xarici səfərlər zamanı həmişə olduğu kimi, bu dəfə də həm Özbəkistanın dövlət başçısı, həm də parlamentin hər iki palatasının rəhbərləri ilə keçirilən görüşlərdə həmsöhbətlərinə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, regionda yaranmış yeni şərait və imkanlar barədə ətraflı məlumat verib.

Bu görüşlərdə də bildirilib ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə yerinə yetirib.

Bir daha qeyd edilib ki, Qarabağ münaqişəsi artıq tarixə çevrilib. Hazırda Azərbaycan işğal dövründə Ermənistan tərəfindən dağıdılmış şəhər və kəndlərdə bərpa-quruculuq işləri həyata keçirir.

Özbəkistanın hər zaman Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləməsindən razılıq ifadə edilib. Füzuli rayonunda məktəb tikintisi ilə bağlı verdiyi dəstəyə görə Özbəkistana minnətdarlıq ifadə olunub.

Sahibə Qafarova bildirib ki, Özbəkistana rəsmi səfər çərçivəsində bir sıra digər tədbirlər də keçirilib.

Aprelin 1-də Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfirliyini ziyarət edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb. Həmin gün parlament nümayəndə heyəti Yeni Özbəkistan Parkında Müstəqillik abidəsini ziyarət edərək önünə əklil qoyub.

Aprelin 2-də parlament nümayəndə heyəti Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub. Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyulub.

Nümayəndə heyətinin üzvləri Mərkəzdə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, Azərbaycanla Özbəkistan arasında münasibətlərə dair eksponatlar ilə tanış olublar.

Azərbaycan parlamentinin nümayəndə heyəti Daşkənd şəhərində fəaliyyət göstərən Prezident məktəbini də ziyarət edib. Məktəbə xatirə hədiyyəsi və kitablar təqdim olunub.

Nümayəndə heyəti, həmçinin Həzrəti İmam məscid kompleksi ilə tanış olub, XVI əsrdə inşa edilmiş "Muyi-mübarək" mədrəsəsinə və Özbəkistan Müsəlmanları İdarəsinin kitabxanasına baxıb.

Çıxışının sonunda Milli Məclisin sədri Azərbaycan parlament nümayəndə heyətinin Özbəkistana rəsmi səfərinin uğurlu olduğunu qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib.

Sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib.

Komitə sədrləri Hicran Hüseynova, Zahid Oruc, deputatlardan Bəhruz Məhərrəmov, Əli Məsimli, Vahid Əhmədov, Fazil Mustafa, Aydın Mirzəzadə, Razi Nurullayev, Rüfət Quliyev, Elman Nəsirov çıxış edərək gündəmdə olan bir sıra mövzulara dair fikirlərini açıqlayıblar. Deputatlar Ermənistanın son təxribatları, xarici medianın yaydığı yalan məlumatlardan bəhs edib, Azərbaycan Prezidentinin qətiyyətli mövqeyindən, əsgərlərimizin yüksək döyüş ruhundan danışıblar. Bildirilib ki, son günlər baş verən proseslər Azərbaycan davamlı sülhün və bölgədə təhlükəsizliyin təmin olunması üçün vacib tədbirlər həyata keçirdiyini göstərib.

Çıxışlarda Qazaxıstanın Almatı şəhərində keçirilən MDB PA-nın Şura iclasında Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistan parlamentinin spikerinə tutarlı cavabı və qarşı tərəfin sülhün bağlanmasına hazır olduğunu etiraf etməsi barədə danışılıb. Qeyd edilib ki, erməni mətbuatında bu hadisə ermənilərin növbəti uğursuzluğu kimi qiymətləndirilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova iclasda 17 məsələnin müzakirə ediləcəyini söyləyib. Birinci məsələ Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsidir.

İclasda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Nazir müavini çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan dövləti 2021-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edib. Ötən il xüsusilə işğaldan azad olunmuş doğma torpaqlarımızın yenidən dirçəldilməsi istiqamətində nəhəng bərpa-quruculuq işlərinin aparılması ilə əlamətdar olub. Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yol-nəqliyyat, enerji, sosial infrastrukturlar qurulub, o cümlədən Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Zəngəzur dəhlizinin təməli qoyulub, mədəniyyət paytaxtımız Şuşada "Xarıbülbül" musiqi festivalı, Vaqif Poeziya Günləri yenidən bərpa olunub.

Qeyd olunub ki, Ermənistanın işğal dövründə torpaqlarımızda törətdiyi vəhşiliklər, müharibə və insanlıq əleyhinə cinayətləri, xüsusilə ərazilərimizin minalanmasının yenidənqurma işlərinə ciddi əngəl törətməsi və mülki vətəndaşlar arasında yeni qurbanlara səbəb olması dünya birliyinin diqqətinə çatdırılıb. Bu sahədə Ədliyyə Nazirliyi tərəfindən davamlı iş aparılıb, 2021-ci ildə xarici dövlətlərin ədliyyə nazirlərinə, prokurorlarına və hakimlərinə, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin və Avropa Şurasının rəsmilərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasına, Dünya Bankına və digər qurumlara 70-dən çox məktub göndərilib.

Məruzədə bildirilib ki, postkonflikt dövründə həyata keçirilən ardıcıl tədbirlərdə Azərbaycan bələdiyyələri də yaxından iştirak ediblər, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı göstərilməsi, onların problemlərinin həlli istiqamətində məqsədyönlü işlər görülüb. Bələdiyyələr tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə xatirə guşələri yaradılıb, bulaqlar istifadəyə verilib, şəhidlərin anım mərasimlərinin təşkilində fəal iştirak edilib. Eyni zamanda şəhid ailələrinin və müharibə iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində müxtəlif yardımlar olunub, onların yaşadıqları məhəllələr, küçələr abadlaşdırılıb, evləri təmir olunub.

Vilayət Zahirov deyib ki, 2021-ci ildə respublikamızda aparılan hərtərəfli islahatlar çərçivəsində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlər görülüb, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət dəstəyi göstərilib.

Diqqətə çatdırılıb ki, ötən il 80 min 359, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 3116 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 76720 (95,5 faiz) akt qanunvericiliyə uyğun hesab edilib. Habelə bələdiyyələrin fəaliyyəti ilə bağlı 4092 müraciətə baxılıb. Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3286 aktla bağlı bələdiyyələrə təkliflər verilib, onlardan 2232-si ləğv edilib, 732-si dəyişdirilib, təmin olunmayan 19 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb. Ədliyyə Nazirliyinin təklifləri və ya məhkəmə iddiaları əsasında bütövlükdə 9096 hektar torpaq sahəsinin, o cümlədən 6848 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.

Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, vətəndaş müraciətlərinə xüsusi qayğı və həssaslıqla yanaşılması nəticəsində baxılmış müraciətlərin 294-ü, o cümlədən xüsusi nəzarətdə saxlanılan şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının müraciətlərindən 96-sı təmin edilib.

Məruzədə qeyd olunub ki, 2021-ci ildə İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bələdiyyələrin 75 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları aşkar edilərək, toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 15-i üzrə cinayət işi başlanılıb.

Bununla yanaşı, 2021-ci ildə yerli büdcənin əsas formalaşma mənbələrindən olan yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi sahəsində problemlərin aradan qaldırılması da diqqət mərkəzində saxlanılıb. İl ərzində uçotdan kənarda qalan vergitutma obyektlərinin qeydiyyata alınması nəticəsində bələdiyyə büdcələrinə yalnız torpaq və əmlak vergisindən 2020-ci illə müqayisədə təxminən 3,5 milyon manat çox vəsait daxil olub. O cümlədən, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üzrə bu artım təxminən 2,5 milyon manat təşkil edib. Həmçinin torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların təqribən 2 milyon manatdan çox hissəsinin yerli büdcələrə ödənilməsi təmin edilib.

Ümumilikdə 2021-ci il ərzində həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli özünüidarəetmə orqanı kimi nüfuzunun artırılmasına, o cümlədən bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.

Sonra iclasda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək məruzə ilə bağlı komitənin rəyini səsləndirib. Qeyd edib ki, məruzədə həm bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, həm də onların fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım üzrə ötən il ərzində həyata keçirilən məqsədyönlü işlər barəsində əhatəli məlumatlar verilib. Məsələ komitə iclasında da geniş müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Bildirilib ki, 2021-ci ildə bələdiyyələrlə iş sahəsində bir çox istiqamətlərdə müsbət irəliləyişlər müşahidə olunur. Ötən il ərzində nazirlikdə 80 mindən çox bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, bələdiyyə fəaliyyəti ilə bağlı 4 mindən çox müraciətə baxılıb. Dövlət başçısının qanunun tələblərinə dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, şəffaflığın artırılması və korrupsiyanın yolverilməzliyi barədə tapşırıq və göstərişlərinə uyğun olaraq nazirlik tərəfindən bələdiyyələrin fəaliyyətində hüquqpozmalara qarşı mübarizə gücləndirilib. Qanunvericiliyin tələblərinə zidd olan 3 mindən çox bələdiyyə aktının ləğv və ya dəyişdirilməsi üçün təkliflər verilib.

Komitə sədri ötən il ərzində vətəndaşların müraciətlərinə xüsusi qayğı və həssaslıqla yanaşıldığını, şəhid ailələrinin, müharibə iştirakçılarının müraciətlərinə diqqətin daha da artırıldığını əhəmiyyətli hesab edib. O, bələdiyyələrin fəaliyyəti ilə əlaqədar vətəndaş müraciətlərinin bir çoxunun torpaq məsələləri ilə bağlı olduğunu qeyd edərək, torpaqların, xüsusilə də ümumi istifadədə olan örüş torpaqlarının qanunsuz istifadəsi, zəbti hallarına qarşı daha əhatəli mübarizə aparıldığını söyləyib. Qeyd edib ki, ötən il ərzində 2020-ci illə müqayisədə 1000 hektara yaxın daha çox torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib, 2 dəfə çox örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları Ədliyyə Nazirliyinin təklifləri və ya məhkəmə iddiaları əsasında ləğv olunub və ya dəyişdirilib.

Vurğulanıb ki, məruzədə diqqət çəkən məqamlardan biri də ötən il yerli büdcə gəlirlərində nəzərə çarpacaq artımların olmasıdır. Ədliyyə Nazirliyi tərəfindən yerli büdcə gəlirlərinin artırılması, eləcə də büdcə vəsaitlərindən səmərəli istifadə olunması istiqamətində xeyli iş görülüb.

Çıxışının sonunda komitə sədri 2021-ci ildə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin ölkəmizdə "Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası"nda müəyyən edilmiş öhdəlik və vəzifələrin icra vəziyyəti ilə bağlı növbəti monitorinq prosesində Ədliyyə Nazirliyinin yaxından iştirak etdiyini söyləyib.

Məruzə ətrafında aparılan müzakirələrdə komitə sədri Hicran Hüseynova, deputatlardan Fazil Mustafa, Vahid Əhmədov, Tahir Kərimli, Vüqar Bayramov, Könül Nurullayeva, Razi Nurullayev, Əli Məsimli, Qüdrət Həsənquliyev, Etibar Əliyev çıxış edərək Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2021-ci ildə gördüyü işləri müsbət qiymətləndiriblər. Deputatlar məruzənin yüksək səviyyədə hazırlandığı bildirərək, bir sıra qeyd və təkliflərini də səsləndiriblər.

Müzakirələrin yekununda Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi nəzərə alınıb.

Sonra "Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə məsələyə baxılıb.

Məsələ ilə bağlı Toponimiya Komissiyasının sədri İsa Həbibbəyli çıxış edərək bildirib ki, yaranmış vəziyyətlə əlaqədar Toponimiya Komissiyasının tərkibində müəyyən dəyişiklik edilməsi tələb olunur. Qeyd edilib ki, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Nəsimi adına Dilçilik İnstitutunun Toponimiya sektorunun müdiri, filologiya elmləri doktoru Qara Məşədiyev vəfat etdikləri üçün onların adları Komissiyanın tərkibindən çıxarılmalıdır. Komissiyanın sədri həmin boş qalan yerlərə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Akif Kazım oğlu İmanlının, Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Şərəfxan oğlu Abışovun namizədlikləri təqdim edib, onların fəaliyyəti barədə məlumat verib.

İclasda irəli sürülmüş namizədliklər deputatlar tərəfindən müsbət qarşılanıb və "Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 4 məsələsi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş beynəlxalq sazişlərin təsdiq olunması ilə bağlıdır. Qeyd edib ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun tələbinə görə bu qanun layihələri bir oxunuşda qəbul ediləcək.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol"un təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. O, adıçəkilən Protokolun vacibliyini qeyd edərək, onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydalarını tənzimləyən sənəd olduğunu deyib. Bildirilib ki, Protokolda üzv ölkələrin maliyyə pay bölgüsü müəyyən olunub. Dövlətlər tərəfindən ödəniləcək həmin maliyyə bölgüsü təşkilatın normal şəkildə fəaliyyətinə kömək göstərəcək.

Deputat Hikmət Məmmədovun səsləndirdiyi sual Səməd Seyidov tərəfindən cavablandırıldıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, gündəliyin dördüncü və beşinci məsələləri Prezidentin bir məktubu ilə daxil olub və Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında sazişlərin təsdiq edilməsi ilə bağlıdır.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ilə bağlı məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və birgə təhlükəsizliyin gücləndirilməsi haqqında 1996-cı il martın 8-də müqavilə, eyni zamanda, Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında 1997-ci il fevralın 18-də saziş imzalanıb. Həmin sənədləri rəhbər tutaraq, dövlət sərhədindən daşınmalar və buraxılış məntəqələrinin keçmə qabiliyyətinin artırılması sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin əhəmiyyətini nəzərə alaraq, habelə dövlət sərhədindən şəxslərin və nəqliyyat vasitələrinin keçməsi, o cümlədən yüklərin, malların daşınması üçün lazımi şəraitin yaxşılaşdırılması məqsədilə və Azərbaycan Respublikası ilə Gürcüstan vətəndaşları arasında mədəni, humanitar və digər əlaqələrin qorunub saxlanmasının vacibliyindən irəli gələrək bu Saziş imzalanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanun layihəsi barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, ləğv edilən saziş 1997-ci ildə Azərbaycan və Gürcüstan Hökumətləri arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında bağlanmış Sazişdir. Təsdiq edilən Saziş isə 2021-ci il sentyabrın 29-da Azərbaycan və Gürcüstan hökumətləri arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında bağlanmış Sazişdir. Bu sazişin əsas məqsədi dövlətlər arasında iqtisadi maraqları rəhbər tutaraq ticarətdəki texniki maneələrin aradan qaldırılmasına xidmət edir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov hər iki sənədlə əlaqədar komitənin müsbət rəyini bildirib.

Komitə sədri Siyavuş Novruzov qeyd olunan məsələlər barədə fikirlərini açıqlayıb, təkliflərini səsləndirib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İclasda Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" ilə həyata keçirilməyə başlanmış neft strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndiyədək müxtəlif neft şirkətləri ilə 40-dan çox kontrakt bağlanıb və bu kontraktlar Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verib.

Parlamentin sədri deyib: "İndi biz bu qəbildən olan növbəti bir kontraktı - Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "GL İnternational LTD" MMC arasında Risk Xidmət Sazişini müzakirə edəcəyik".

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "GL İnternational LTD" MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsini təqdim edib.

Sazişdə göstərilən neft yataqlarının istismar tarixinə toxunan komitə sədri, həmçinin layihənin yerli investisiyanın cəlb edilməsi, yerli şirkətlərin və kadrların inkişafı, yeni texnologiyaların tətbiqi kimi üstünlüklərindən bəhs edib. Sadiq Qurbanov 2021-ci il dekabrın 14-də bağlanan saziş əsasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və yenidən işlənməsinin parametrləri barədə məlumat verib. Nəzərdə tutulan işlər, onların yerinə yetirilməsi qaydaları və müddətləri barədə ətraflı danışıb.

Məlumatda Sazişin həyata keçiriləcəyi aralıq dövrü (ilk 24 ay) və hasilat dövründə (aralıq dövründən sonrakı 25 il) həyata keçiriləcək iş proqramları, hasilatın artırılması və bölgüsü, kəşfiyyat işlərinin aparılması, Azərbaycan vətəndaşlarının işlə təmin olunması və kadr hazırlığı kimi məsələlərlə bağlı podratçının götürdüyü öhdəliklər diqqətə çatdırılıb.

Müzakirələr zamanı çıxış edən deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Tahir Kərimli, İltizam Yusifov, Asim Mollazadə, Rauf Əliyev Sazişi yüksək qiymətləndiriblər, sənədlə bağlı fikirlərini, qeyd və təkliflərini bildiriblər.

Komitə sədri Sadiq Qurbanov və Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Yaşar Lətifov deputatların toxunduğu bəzi məqamlara aydınlıq gətirib, səsləndirdikləri sualları cavablandırıblar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra iclasda ikinci oxunuşda olan məsələlərə baxılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Prezident tərəfindən bir məktubda daxil olmuş və mahiyyətcə bir-birinə yaxın olan gündəliyin növbəti iki məsələsi - "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri ilə bağlı məlumat verib. Qeyd olunub ki, hər iki sənəd "Media haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanıb və lisenziya tələb olunan teleradio yayımı fəaliyyəti subyektlərinin "Media haqqında" qanunla müəyyən edilmiş audiovizual media fəaliyyəti subyektlərinin təsnifatına uyğunlaşdırma məqsədi daşıyır.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Komitə sədri Tahir Mirkişili daha sonra "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, qanunun 11.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir. Təklif olunan dəyişikliyə əsasən bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilir və buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilir. Qanun layihəsi qeyd olunan sahələrdə müvafiq dövlət orqanının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edir.

Deputatlar Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Naqif Həmzəyev sənəd barədə fikirlərini açıqlayıblar, qeydlərini bildiriblər.

Komitə sədri Tahir Mirkişili qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov "Antiinhisar fəaliyyəti haqqında", "Yeyinti məhsulları haqqında" və "Dövlət sirri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə Dövlət Ehtiyatları Agentliyi yaradılıb və Agentliyin nizamnaməsi təsdiq edilib. Adıçəkilən qanunlara təklif olunan dəyişikliklər həmin fərmanlara uyğun olaraq hazırlanıb və dəqiqləşdirmə xarakteri daşıyır. Qeyd olunan qanunların müvafiq maddələrində "material" sözü "dövlət və səfərbərlik", "və səfərbərlik" sözləri ilə əvəz olunur.

Sənədlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Aqrar siyasət komitəsinin müsbət rəyləri bildirildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra plenar iclasda birinci oxunuşda olan qanun layihələri müzakirəyə çıxarılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirilib ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Sənəd bir sıra xarici ölkələrin təcrübəsi öyrənilməklə, beynəlxalq investisiya hüququnda son yeniliklər nəzərə alınaraq işlənilib. Layihənin müzakirələri zamanı Dünya Bankının ekspertləri cəlb edilib, onların təklif və tövsiyələri nəzərə alınıb.

Qeyd edilib ki, 4 fəsil, 19 maddədən ibarət qanun Azərbaycanda investisiya fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir, investorların hüquqlarının və qanuni maraqlarının qorunmasına təminat verir. Qanun yerli və xarici investorlar tərəfindən Azərbaycan ərazisində həyata keçirilən investisiya fəaliyyətinə şamil edilir. Qanunda investisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri, dövlət siyasətinin məqsədi və əsas istiqamətləri, investisiya fəaliyyətinin təşviqi, əsas prioritetlər, investisiya fəaliyyətinin həyata keçirilməsi formaları və xüsusiyyətləri ilə bağlı maddələr təsbit olunub. Sənəddə, habelə investorların hüquqları və vəzifələrinə dair müddəalar öz əksini tapıb. Eyni zamanda, investisiya fəaliyyətinə dövlət tərəfindən verilən təminatlar, o cümlədən investorlara və onların investisiyalarına tətbiq olunan rejim, milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat, investisiya gəlirlərinin köçürülməsi, mübahisələrin həlli, dəymiş zərərin əvəzinin ödənilməsi, investisiya fəaliyyətinin dayandırılması ilə bağlı məsələlər nəzərdə tutulub. Qanunun tələblərinin pozulmasına görə şəxslər Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Deputatlar Fazil Mustafa, Qüdrət Həsənquliyev, Aydın Hüseynov, Elşad Mirbəşir oğlu sənədə dair öz münasibətlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov mahiyyətcə bir-birinə yaxın olan növbəti iki məsələ - "Narkoloji xidmət və nəzarət haqqında" Qanunda dəyişiklik edilməsi barədə, habelə "Hərbi qulluqçuların statusu haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə qanun layihələri haqqında birinci oxunuşda məlumat verib.

Bildirilib ki, Qanunlara təklif olunan dəyişikliklər "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının təsdiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamının tələblərindən irəli gəlir. Həmin Sərəncamın 4.2-ci bəndi qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur. Bununla əlaqədar olaraq təqdim olunan layihələrdə bir sıra kateqoriya şəxslərin, o cümlədən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların - çağırış dövründə, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların - ildə bir dəfədən az olmayaraq, kadr zabit heyətinə könüllü daxil olanların - müvafiq əmr imzalanmazdan əvvəl, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların - bağlaşma imzalanmazdan əvvəl icbari narkoloji müayinədən keçirilməsi təklif edilir.

Layihələrlə bağlı Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov həmin komitələrin müsbət rəylərini səsləndiriblər.

Komitə sədri Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Sahib Alıyev, Etibar Əliyev, Sabir Rüstəmxanlı təklif olunan dəyişikliklər barədə fikirlərini bildiriblər.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirilib ki, sənəd narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətlərindən biri kimi təklif edilir. Qeyd edilib ki, Cinayət Məcəlləsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutan hüquqi normalar müəyyən edilir. Və belə əməllər külli və xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiya nəzərdə tutulur. Eyni zamanda, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri, onların prekursorlarını əldə etmə, saxlama, hazırlama, habelə Cinayət Məcəlləsinin 235-ci, 237-ci və 240-cı maddələrində də nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda törədildikdə, onlara görə daha ağır sanksiyanı nəzərdə tutan yeni maddələrin əlavə edilməsi təklif edilir.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Nizami Səfərov bildirib ki, layihə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğunlaşdırılma məqsədilə hazırlanıb və bu sahədə cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə səbəb olan halları nəzərdə tutur. Sənədə əsasən bu qanunun narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minməsi nəzərdə tutulub.

Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov hər iki layihəyə komitədə müsbət rəy verildiyini söyləyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov daha sonra Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Diqqətə çatdırıb ki, sənəddə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi isiqamətlərindən biri kimi cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin miqdarı qanunla həmin maddələr üçün müəyyən edilmiş xüsusilə külli miqdarın aşağı həddindən artıq olduqda, onların məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi təklif edilir. Məcəllənin müvafiq maddələrinə təklif edilən dəyişikliklər qeyd olunan prosessual qaydaları nəzərdə tutur.

Deputat Rəşad Mahmudov bu layihə ilə bağlı Səhiyyə komitəsinin rəyini diqqətə çatdırıb.

Nizami Səfərov, habelə Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında digər qanun layihəsi (birinci oxunuş) barədə də məlumat verib. Bildirib ki, Məcəllənin 51-1.1-ci maddəsinə uyğun olaraq elektron qaydada cinayət mühakimə icraatı bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə aparılır. Təklif edilən dəyişiklik dəqiqləşdirmə məqsədi daşıyır, məhkəmə icraatı və ibtidai istintaq zamanı məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmələrdə aparılan icraatın "Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə aparılmasını müəyyən edir.

Dəyişiklik prosessual sənədlərin və digər materialların bu Məcəllə ilə müəyyən edilmiş prosessual qaydalara uyğun olaraq məhkəmələrlə elektron qaydada mübadilə edilməsi üçün müvafiq orqanların elektron informasiya sistemlərinin "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiya olunmasına xidmət edəcək.

Deputatlar Qüdrət Həsənquliyev və Tahir Kərimli təqdim olunan məsələlər barədə fikirlərini səsləndiriblər.

Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

AZƏRTAC