Milli Məclisin deputatları Ələt Azad İqtisadi Zonasında görülən işlərlə tanış olublar
Siyasət

Milli Məclisin deputatları Ələt Azad İqtisadi Zonasında görülən işlərlə tanış olublar

İyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin başçılığı ilə parlamentin bir qrup deputatı Ələt Azad İqtisadi Zonasına (Ələt AİZ) səfər ediblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, deputatlar səfər çərçivəsində zonada aparılan işlərlə, yaradılan şəraitlə yaxından tanış olublar.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deputatları zonanın ərazisi ilə tanış edib. Ələt AİZ-in inkişaf konsepsiyası haqqında danışan sədr zonada beynəlxalq standartlara uyğun yaradılan infrastruktur, istehsalat, ticarət və logistika mərkəzləri, gömrük-keçid məntəqəsi, eləcə də zonada fəaliyyət göstərəcək xidmətlər haqqında geniş məlumat verib.

Sonra deputatlara Ələt Azad İqtisadi Zonası haqqında təqdimat nümayiş etdirilib. Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı ilə bağlı icra olunan layihələrdən söz açıb, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin həyata keçirilməsindən bəhs edib. Bu kontekstdə Ələt AİZ-in ixrac potensialının artırılması, xarici investisiyaların cəlb edilməsi istiqamətində böyük əhəmiyyətini vurğulayıb. V.Ələsgərov təqdimatda AİZ-in investorlara təklif etdiyi əlverişli işgüzar mühit, unikal qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar və güzəştlər paketi, ticarətin sadələşdirilməsinə əsaslanan gömrük rejimi, ixtisaslaşmış personal və investorların hüquqlarının tam qorunması və digər imkanlar barədə ətraflı izahat verib.

Tahir Mirkişili Azərbaycanın ən böyük qeyri-neft sektoru layihəsi olan Ələt Azad İqtisadi Zonasının yaradılmasını ölkəmizin iqtisadiyyatına xarici sərmayələrin cəlb olunması və qeyri-neft sektorunun inkişafı baxımından yüksək qiymətləndirib. Komitə sədri Ələt AİZ-in yeni texnologiyaların, innovasiyaların ölkəmizə gətirilməsi və yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətini xüsusi qeyd edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Ziyad Səmədzadə, Məşhur Məmmədov, Aydın Hüseynov, Elnur Allahverdiyev, Rüfət Quliyev, İqbal Məmmədov, İltizam Yusifov, Razi Nurullayev çıxışlarında iqtisadi zonada investorların cəlb olunması üçün münbit şəraitin yaradılmasından bəhs ediblər, azad zonanın fəaliyyəti üçün mükəmməl normativ hüququ bazanın olduğunu söyləyiblər. Deputatlar zonanın ölkənin qeyri-neft sektorunun inkişafına və regional əməkdaşlığa, ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyini, vətəndaşların sosial rifahına müsbət təsir göstərəcəyini qeyd ediblər.

Bununla da Milli Məclisin deputatlarının Ələt Azad İqtisadi Zonasına səfəri başa çatıb.

Səfərdə deputatlar Mahir Abbaszadə, Məzahir Əfəndiyev, Anar Məmmədov, Müşfiq Cəfərov və Əliabbas Salahzadə də iştirak ediblər.

AZƏRTAC