Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ASEAN Parlamentlərarası Assambleyasının (ASEAN PA) 43-cü Baş Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, noyabrın 23-də Baş Assambleya çərçivəsində təşkilata üzv ölkələrin nümayəndələri ilə müşahidəçi parlamentlərin təmsilçiləri arasında dialoq keçirilib. Tədbirdə Milli Məclisin üzvləri - Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Ramin Məmmədov və Elnur Allahverdiyev iştirak ediblər.
"Sülh, davamlı inkişaf və COVID-19-dan bərpaya investisiya" mövzusunda keçirilən müzakirələrdə deputatlarımız çıxış edərək, Azərbaycanın sülh, davamlı inkişaf, COVID-19-dan sonrakı dövrdə bərpa prosesində fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat veriblər.
Daha sonra Milli Məclisin üzvləri tərəfindən üzv parlamentlərin nümayəndələrinin sualları cavablandırılıb.
AZƏRTAC