Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstanda işgüzar səfərdədir
Siyasət

Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstanda işgüzar səfərdədir

Sentyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının 10-cu plenar iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasının Türküstan şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Türküstan şəhərinin Həzrət Sultan Beynəlxalq Hava Limanında nümayəndə heyətini Qazaxıstan Parlamenti Məclisinin sədr müavini Pavel Kazantsev, Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.

Sentyabrın 28-də Milli Məclisin sədri TÜRKPA-nın 10-cu plenar sessiyası çərçivəsində keçiriləcək Şura iclasında və sessiyanın işində iştirak edəcək. Sahibə Qafarovanın plenar sessiyada çıxışı gözlənilir.

Tədbirdə təşkilata üzv ölkələrin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, o cümlədən qonaq qismində Özbəkistanın və müşahidəçi olan Macarıstanın parlament nümayəndə heyətləri, türk əməkdaşlıq təşkilatları, müşahidəçi və digər qurumların təmsilçiləri iştirak edəcəklər. Sessiyanın sonunda Türküstan Bəyannaməsi imzalanacaq, KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

AZƏRTAC