Milli maraqlarımızdan irəli gələn qətiyyətli addım
Siyasət

Milli maraqlarımızdan irəli gələn qətiyyətli addım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub ünvanlayıb.

Məktubda Mehriban xanım Əliyevanın Azərbaycanla UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi, UNESCO-nun dəyər və prinsiplərinin qorunması sahəsində 2004-cü ildən xoşməramlı səfir kimi fəaliyyəti dövründə təşkilatla çoxsaylı birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda, 2013-cü ildə Azərbaycan ilə UNESCO arasında imzalanmış Çərçivə Sazişi, Azərbaycan-UNESCO Etimad Fondu, mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə bir sıra ölkələrdə həyata keçirilən layihələrə dəstək və digər tədbirlər qeyd olunub. Məktubda həmçinin, 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib.

Azərbaycan müstəqil və qüdrətli dövlət kimi heç bir zaman haqqının tapdalanmasına imkan verməyib və öz haqqını necə tələb edəcəyini də gözəl bilib. Əslində, UNESCO-ya fransız əsilli Odri Azulenin direktor təyin olunması ilə hər şey açıq-aydın bəlli idi. Əgər, UNESCO kimi böyük nüfuza sahib bir təşkilat dünyada hər hansı bir səbəbdən dağıdılan və yaxud da hansısa bir vəhşiliyə məruz qalan mədəni abidələrin qorunmasına, bərpa olunmasına birbaşa müdaxilə edə bilirsə, o zaman, erməni terrorçularının 30 illik işğal dövründə Qarabağda dağıdıb, məhv etdikləri çoxsaylı mədəni abidələrimizə qarşı nədən biganə yanaşdı? Nədən dağıdılıb, yerlə-yeksan olan ərazilərimizə faktaraşdırıcı missiya göndərmir? Axı, Qarabağda elə mədəni, tarixi abidələr var ki, onlar təkcə Azərbaycan üçün yox, bütünlükdə dünya üçün böyük əhəmiyyətə malik abidələrdir. Təkcə, Azıx mağarasını misal çəkə bilərik ki, öz əhəmiyyətinə görə dünyada ən qədim dörd insan məskənindən biridir. Yəqin ki, UNESCO və yaxud da digər beynəlxalq təşkilatlar düşmən işğalından azad edilmiş dünya əhəmiyyətli abidələrin hazırkı vəziyyətindən maraqlı deyillər? Və yaxud da Ermənistana işğalçı dövlət kimi baxmırlar? Gəlinən qənaət odur ki, UNESCO bizə qarşı biganə münasibət bəsləyir. Belə olan halda, Birinci vitse-prezident Mehriban Əliyevanın düzgün və vaxtında atdığı addım Azərbaycanın milli dövlət maraqlarından irəli gəlir. Ötən illər ərzində ölkəmizin mədəni irsinin məhv edilməsinə, törədilən vandallıq aktlarına dair UNESCO-ya kifayət qədər məlumat təqdim edilsə də, nə işğal zamanı, nə də müharibədən sonrakı dövrdə Azərbaycanın mədəni və tarixi abidələrinə Ermənistan tərəfindən vurulmuş ziyanın qiymətləndirilməsi üçün Qarabağa missiya göndərilməyib.

Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri olduğu 18 illik dönəmdə Azərbaycanın UNESCO prinsipləri əsasında dünya miqyasında gördüyü işlər mühüm əhəmiyyətə və çəkiyə malikdir. Şəxsən Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə bir çox ölkələrdə mədəni irsin qorunması, bərpası istiqamətində mühüm işlər görülüb. Mehriban xanım Əliyeva 2004-cü ilin sentyabr ayından UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülmüşdür. Azərbaycanda maddi və qeyri-maddi irsin qorunub saxlanılması, ölkəmizdə və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılmasında Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da rolu böyükdür. Məhz Mehriban xanım Əliyevanın səyləri və gərgin əməyi nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almışdır. Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaradılması sahəsindəki töhfələrinə görə Mehriban xanım 2008-ci ildə UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura tərəfindən gümüş xatirə medalına, 2010-cu ildə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalına layiq görülmüşdür.

18 iyun 2007-ci il tarixdə Heydər Əliyev Fondunda "BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı - UNESCO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında ölkəmizdə peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair" Saziş imzalanmışdır. Bütün imzalanan sazişlər əsasında Mehriban xanım istər öz ölkəmizdə, istərsə də bir sıra xarici dövlətlərdə genişmiqyaslı layihələr həyata keçirmişdir. Belə ki, 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün orta məktəb binası inşa edilmişdir. 2005-ci ildə güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş məktəbin tikintisi üçün 750 min ABŞ dolları həcmində vəsait xərclənmişdir. 2011-ci il 27 oktyabr tarixində isə UNESCO ilə Azərbaycan arasında Haitinin zəlzələdən sonra mədəniyyət sektorunun bərpa edilməsi məqsədilə maliyyə yardımı ilə bağlı saziş imzalanmışdır. Sazişə əsasən, Azərbaycanın birinci xanımı, UNESCO və ICESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 50 min ABŞ dolları məbləğində maliyyə yardımı Haitinin Jakmel şəhərinin tarixi hissəsində yerləşən mədəni obyektlərin bərpasına sərf edilmişdir. Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan diqqət və qayğısı nəticəsində Gürcüstanda yaşayan soydaşlarımız üçün də bir sıra məktəb binaları tikilmiş və yaxud da təmir olunub istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun və şəxsən Mehriban xanım Əliyevanın gördüyü işlər bunlarla bitmir. Fondun maliyyə dəstəyi ilə Bakı şəhərində Müqəddəs Məryəm katolik kilsəsində təmir-bərpa işləri aparılıb. Fondun daha bir dünyamiqyaslı işi isə Vatikanda Müqəddəs Marçellinio və Petro katakombalarının bərpa və təmir olunmasıdır. Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının sədri, Kardinal Canfranko Ravazi müsəlman ölkəsinin xristian abidəsinin bərpasına töhfə verməsinin tarixdə bir ilk olduğunu deməsi diqqətdən yayınmır. Bu addım yerli din xadimləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Bu isə onu göstərir ki, Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın xeyirxah əməlləri və təşəbbüsləri sərhəd tanımır. Azərbaycan bütün dinlərə və onun üzvlərinə hörmətlə, ehtiramla yanaşır.

Hazırkı dövrdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa-quruculuq və bölgənin dirçəldilməsi işlərində Birinci vitse-prezidentin aktiv fəaliyyəti nəzərə alınaraq onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu məlumdur. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər öz məna əhəmiyyətinə görə daha mühüm məsələdir. Əlbəttə ki, bu ərazilərdə bir salamat bina tapmaq qeyri-mümkündür. Nəyin ki, mədəni abidə. Torpaqlarımızın işğaldan azad olunmasından ötən 2 il ərzində dövlət, eyni zamanda Heydər Əliyev Fondu bu ərazilərdə böyük tikinti-bərpa işləri həyata keçirirlər. Bir neçə məktəb, xəstəxana binaları tikilib, mədəniyyət abidələri və bir çox dövlət əhəmiyyətli obyektlər bərpa olunub istifadəyə verilmişdir. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılaraq bərbad hala salınmış bir neçə məscid də təmir olunub. Qarşıda hələ görüləsi çox işlər, həyata keçirilməsi nəzərdə tutulan bir çox layihələr var. Bütün gücünü səfərbər edən Azərbaycan Qarabağı bərpa etməklə həm də regionun sosial-iqtisadi həyatını dirçəldir.

Onu da qeyd edək ki, ünvanlanmış müraciətdə Azərbaycanın bundan sonra da UNESCO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb.

Ramidə YAQUBQIZI,

"Respublika".