Milli həmrəylik ölkənin gücüdür
Diaspora

Milli həmrəylik ölkənin gücüdür

Dünya Azərbaycanlıları

Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaşması lobbi quruculuğu sahəsində Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu isə əslində respublikamızda aparılan dövlət siyasətində ümummilli mənafelərin reallaşdırılması deməkdir.

Bu gün dünyada “qloballaşma” adlanan tarixi proses   başlamışdır. Onun doğurduğu reallıqlar Azərbaycan diasporunun fəaliyyətinə də öz təsirini  göstərməkdədir. İnteqrasiya prosesləri dünyanın müxtəlif regionlarında yaşayan  həmvətənlərimizin daha sıx birləşməsini zərurətə çevirmişdir. Başqa sözlə desək indi azərbaycanlıların ideya-siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyil, həm də müasir dünyada gedən ictimai-siyasi  proseslərin tələbi ilə ortaya çıxan zərurətdir. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra milli birliyin təminatı, dünya azərbaycanlılarının vahid milli mənafe ətrafında birləşdirilməsi  məsələsi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi meydana çıxdı.

Hazırda dost Ukraynada yaşayan azərbaycanlıların  sürətlə təşkilatlanması prosesi müşahidə edilir. Azərbaycan Respublikası bu prosesə dəstək verir, soydaşlarımızın diaspor quruculuğu sahəsində fəaliyyətini  genişləndirmək üçün imkanlar yaradır.

Xalqımızın mənəvi birliyi, azərbaycançılıq ideyası Ukrayna Azərbaycanlıları Konqresi Dnepropetrovski  vilayəti Pavloqrad regional təşkilatında da öz əksini tapmışdır. Təşkilatın sədri həmyerlimiz, əslən Bərdə rayonunun  Hacıbəyli kəndindən olan, qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən Maqsud Şükürov soydaşlarımızın vahid ideya ətrafında  birləşməsi üçün əlindən gələni edir. Onunla söhbət edərkən dedi:

--Dünya azərbaycanlılarının həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir. Azərbaycan dövləti dünyada yaşayan bütün  azərbaycanlıların  qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi  özünün ali məqsədlərindən biri kimi dəyərləndirir.

Ulu öndər, dahi şəxsiyyət  Heydər Əliyev böyük qürur və təəssübkeşliklə milli birliyin prioritet məsələ olduğunu dövlət rəhbəri kimi xalqa bəyan etmişdir: “Biz gərək milli birliyimizi həmişə güclü saxlayaq. Mənim üçün hər şeydən üstün mənim milli  mənliyimdir. Milli mənliyimə görə istədiyim yolla gedə bilmişəm,  istədiyimə nail ola bilmişəm və xalqıma  xidmət edə bilmişəm”.

2016-cı ildə Bakıda keçirilən Dünya azərbaycanlılarının IV Qurultayı Pavloqradda yaşayan həmvətənlərimiz arasında ideoloji birliyi daha da möhkəmləndirilmişdir.

Biz diaspor fəallarının səyi nəticəsində ilboyu yaşadığımız ölkədə müxtəlif tədbirlər keçirir, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğində fəal iştirak edirik.

Son illər Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanda idmanın sürətlə inkişafı,  bir çox mötəbər yarışlarda idmançılarımızın uğurlu nəticələrə imza atması bizi ürəkdən sevindirir.

Vurğulamaq lazımdır ki, Pavloqrad Diaspor Təşkilatında  mütəmadi olaraq 20 Yanvar  faciəsi, Mart qırğını, Xocalı soyqırımı ilə  bağlı silsilə tədbirlər həyata keçirilir. Erməni vəhşiliyini əks etdirən kitab, jurnal və sənədli filmlər  nümayiş etdirilir. Belə mərasimlərə azsaylı xalqların nümayəndələri də dəvət olunur.

Uzun illər idi ki, Azərbaycan ərazisinin bir hissəsi  faşist xislətli ermənilərin işğalı altında idi. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik addımları Azərbaycan xalqının  vətənpərvər övladlarının hünəri sayəsində 44 günlük Vətən müharibəsində qazandığı inamlı qələbə,  torpaqlarımızın işğaldan azad edilməsi  Pavloqraddakı həmvətənlərimiz tərəfindən qürur hissi ilə qarşılandı. Müharibə dövründə  buradakı azərbaycanlılar həmrəylik aksiyaları keçirir,  Qarabağa Yardım Fonduna vəsait köçürürdülər.

Maqsud Şükürov sözünə davam edərək  vurğuladı ki, diaspor fəallarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi, Novruz bayramı, Respublika Günü, Qurban  bayramı, ulu öndər Heydər Əliyevin Doğum Günü, Milli Qurtuluş Günü və digər  milli bayramlarla bağlı silsilə tədbirlər keçirilir. Diaspor fəalları sırasında İbrahim Sarıyev, İmran Məmmədov, Mobil Nəcəfov və  başqalarının adlarını inamla çəkmək olar.

Məlumdur ki, böyük Vətən müharibəsinin odlu-alovlu illərində azərbaycanlı döyüşçülər Ukraynanın müxtəlif ərazilərinin düşmənlərdən azad olunmasında qəhrəmanlıq və rəşadət göstərmişlər. 416-cı Taqanroq diviziyası isə cəbhədə düşmənə sarsıdıcı zərbələr endirmişdir. Qələbə günü ilə bağlı keçirilən tədbirlərdə azərbaycanlı döyüşçülərin  adı və fəaliyyəti fəxrlə qeyd olunur.

Diaspor təşkilatında həmvətənlərimizin  fəaliyyətinin  koordinasiya  edilməsi, soydaşlarımızın hüquq  və azadlıqlarının qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımızla milli-mənəvi dəyərlərinin qorunub saxlanması ilə bağlı ardıcıl və məqsədyönlü iş aparılır.

Yaxınlarda diaspor fəallarının iştirakı ilə “Türk və Azərbaycan dostluğu sarsılmaz və əbədidir” mövzusunda tədbir keçirilmişdir. Mərasimə qatılanlar qürur hissi ilə bildirmişlər ki, Vətən müharibəsində qardaş Türkiyədə Azərbaycana dəstək verilmiş geniş həmrəylik aksiyaları keçirilmiş, daha doğrusu erməni  təbliğatına sipər çəkilmişdir.  Xüsusilə, Şuşa Bəyannaməsi tariximizə qızıl hərflərlə  yazılmışdır.

Pavloqradda yaşayan soydaşlarımız bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, dirçəliş prosesini yol-nəqliyyat infrastrukturunun  formalaşdırılmasını  böyük coşqu ilə  qarşılayırlar...

Qədir ASLAN,

“Respublika”.