Milli birlik və bərabərliyin gücü
Türk dünyası

Milli birlik və bərabərliyin gücü

Türkiyə Mərkəzi Seçki Komissiyası mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunun yekun nəticələri ilə bağlı son rəsmi qərarını elan etdi. Son nəticəyə görə, Rəcəb Tayyib Ərdoğanın 52,18 faiz səs topladığı açıqlandı. Beləliklə, türk xalqı böyük müdrikliklə yeni dövlət başçısını və növbəti çağırış parlamentin tərkibini təsdiqlədi və türk xalqı bir daha özünün yüksək seçib-seçilmək mədəniyyətini bütün dünyaya nümayiş etdirdi.

Türkiyədə keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlandıqdan sonra Türkiyədə prezident seçkisinin ikinci turunda qalib gələn Rəcəb Tayyib Ərdoğanın bu gün Ankarada andiçmə mərasimidir. R.T.Ərdoğan Türkiyə Böyük Millət Məclisində and içib vəzifəsinin icrasına başlayacaq. Prezident and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək və Nazirlər Kabinetinin iclasını keçirəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dövlət başçıları və rəsmi şəxslərin qatılacağı gözlənilir.

Seçki dövründə səngiyən diplomatik gediş-gəlişin Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra daha da canlanacağı gözlənilir.

''Seçki nəticələrinin belə olacağını öncədən proqnozlaşdırmışdıq. Çünki cənab Rəcəb Tayyib Ərdoğan Türkiyəyə və dünyaya sülhlə bağlı inanılmaz töhfələr verən bir liderdir. Bu baxımdan, Türkiyədə müxalifət və onun tərəfdarları olsa da, Rəcəb Tayyib Ərdoğanın bu ölkə üçün gördüyü işləri çox yaxşı analiz edən türk xalqı var. Ona görə də xalq öz rəhbərinə yenidən dəstək verdi. Ərdoğanın bundan sonra da xalqına xidmət edəcəyinə, dünyada sülh naminə, türk dünyası, islam coğrafiyası, insanlıq adına da çox gözəl işlər görəcəyinə əminəm''. Bu fikri açıqlamasında SETA araşdırma mərkəzinin yazarı, siyasi ekspert Bilgehan Öztürk bildirib. Qeyd edib ki, Ərdoğanın dediyi hər sözü əmələ çevirdiyinə görə həm Türkiyə Böyük Millət Məclisində, həm də prezident seçkilərində xalq ona etimad göstərdi, Rəcəb Tayyib Ərdoğana, AK Partiyə yola davam şansı verdi.

Güclü dövlət demək, güclü silahlı qüvvələr deməkdir. Güclü silahlı qüvvələrə malik olmağın yolu isə güclü müdafiə sənayesinin formalaşdırılmasından keçir. Müdafiə sənayesinin ordunun hərbi qabiliyyətini dəstəkləyə bilməsi, dünyada rəqabət edə bilən halda olması, millilik və yerlilik faizinin artması, xaricdən asılılığın azaldılması mühüm önəm kəsb edir. Prezident Rəcəb Tayyib Ərdoğanın 21 illik iqtidarı boyunca güclü ordunun yaradılması üçün müdafiə sənayesinə xüsusi önəm verilmişdir. Türkiyənin müdafiə sənayesi bu illər ərzində suda, havada və quruda silahlı qüvvələrin gücünə güc qatan yerli istehsalla dünyada ilk üç sırada dayanmışdır. Bu illər ərzində "TCG Anadolu", BAYRAKTAR TB3'', ''Kızıl Elma'' SİHA-sı, ''Hürjet'', ''Hürkuş'', ''ATAK'' və s. bu kimi yerli və milli istehsalla önə çıxan Türkiyənin müdafiə sənayesi mühüm uğurlar əldə edib. Türkiyə müdafiə sənayesinin əldə etdiyi uğur, hazırkı mövqeyi məhz milli və yerli silah-sursatların, hərbi texnikanın istehsalı hesabına olub. Onu da deyim ki, bu, təkcə Türkiyə üçün deyil, türk dünyası, xüsusilə də, Azərbaycan üçün də mühüm önəm kəsb edir. Gələcəkdə də Türkiyə müdafiə sənayesinin bu uğurundan türk dünyasına daha böyük pay düşəcək. Bu, eyni zamanda inteqrasiyası daha da dərinləşən Türk Dövlətləri Təşkilatının müdafiə qabiliyyətinin artmasına kömək edəcək. Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi bu sahədə də atılan addımların davam etməsi deməkdir.

 Prezident Rəcəb Tayyib Ərdoğan inanılmaz beynəlxalq əlaqələr qurur. O, hakimiyyətə gəldiyi gündən Azərbaycanla münasibətləri inkişaf etdirib. Türk dünyası ilə əlaqələr yüksək səviyyəyə çatıb, Türkiyənin İslam coğrafiyasında, Aralıq dənizində nüfuzu artıb. Əvvəllər kimsə bizdən yardım istəyəndə biz bunu edə bilmirdik, çünki buna imkanımız yox idi. Amma biz indi havadan, sudan hərəkətə keçməklə istənilən ölkəyə yardım edə bilərik. Bütün bu uğurlar ağır zəhmətin bəhrəsidir. Bu baxımdan, türk xalqı düzgün seçim edib.

Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi Türkiyə-Azərbaycan əlaqələrinin gələcəkdə də inkişaf edəcəyi deməkdir. Bu, müasir dövrdə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə-Azərbaycan əməkdaşlığının daha da dərinləşəcəyi, iki ölkənin hərbi qüdrətinin daha da artması üçün birgə addımların davam edəcəyi deməkdir. Son olaraq bir daha qeyd edim ki, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi təkcə Türkiyənin və Azərbaycanın deyil, o cümlədən türk dünyasının gələcəyə daha inamlı addımlamasını təmin edəcək. Buna, həmçinin bu günlərdə Türk dövlətlərinin iqtisadi inteqrasiyasını təmin etmək məqsədilə yaradılan ''Türk İnvestisiya Fondu''nu da nümunə göstərə bilərik".

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.