Mili Məclisdə “Müstəqillik Günü haqqında
Siyasət

Mili Məclisdə “Müstəqillik Günü haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib

Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə parlament nümayəndə heyətinin oktyabrın 7-dən 9-dək Slovakiya Respublikasına rəsmi səfəri barədə qısa məlumat verib.

Parlamentin sədri xatırladıb ki, Slovakiya Mərkəzi Avropada yerləşən bir ölkədir. Əhalisi 6 milyon nəfərə yaxın, ərazisi təqribən 49 min kvadratkilometrdir. Dinamik inkişaf edən iqtisadiyyata malik sənaye ölkəsidir.

Sahibə Qafarova deyib: "Bu səfər, ümumiyyətlə, Milli Məclisin sədrinin Slovakiyaya ilk rəsmi səfəri idi. Mən Slovakiyanın paytaxtı Bratislavada bu ölkənin Baş naziri Eduard Heger ilə görüşüb. Sonra nümayəndə heyətinin üzvləri ilə parlamentin - Milli Şuranın sədri Boris Kollar, dostluq qrupu və xarici işlər naziri İvan Korçok ilə görüşlər keçirib və danışıqlar apardıq. Mən və Milli Şuranın sədri Boris Kollar Slovakiya mətbuatı üçün birgə brifinq də keçirdik".

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Slovakiyada söhbətlər zamanı o, Azərbaycanın Avropa İttifaqının üzvü olan dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirib. Azərbaycanın enerji siyasəti, Avropanın enerji təhlükəsizliyi məsələlərində ölkəmizin oynadığı rol haqqında danışıb.

Sahibə Qafarova 44 günlük Vətən müharibəsində böyük Qələbə barədə də məlumat verdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan Ermənistanın 30 ildən bəri işğal altında saxladığı torpaqlarını azad edərək, həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail olub. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir.

Milli Məclisin sədri həmsöhbətlərinin diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyulunda imzaladığı Fərmanla ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü müəyyənləşdirilib, iki yeni rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

O, görüşlərdə Ermənistanın təxribatları barədə də məlumat verildiyini deyib. Bildirib ki, Ermənistan işğaldan azad olunmuş ərazilərə terrorçu qruplar göndərir, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra tutulmuş terrorçuları "hərbi əsirlər" kimi qələmə verir, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən boyun qaçırır. Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində bu günədək 150 nəfər mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb. Bu isə bir daha onu göstərir ki, Ermənistan həmişə olduğu kimi, yenə də beynəlxalq humanitar hüququ kobudcasına pozmaqda davam edir.

Sahibə Qafarova deyib ki, o, bununla əlaqədar ötən ilin noyabrında və 2021-ci il aprelin 1-də Slovakiya parlamentində qəbul edilmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və "Dağlıq Qarabağ haqqında" qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirib.

Gələn il Azərbaycanda Xocalı soyqırımının 30-cu ildönümünün qeyd ediləcəyini diqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, bir sıra ölkələrin parlamentləri və bəzi beynəlxalq təşkilatlar insanlığa qarşı törədilmiş bu qətliama dair müvafiq qərarlar qəbul ediblər. S.Qafarova ümidvar olduğunu bildirib ki, Slovakiya parlamenti də Xocalı soyqırımının tanınması prosesinə başlayacaq.

Milli Məclisin sədri çıxışında söhbətlər zamanı iki ölkə arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması üçün müvafiq tədbirlərin görülməsi, COVID-19 pandemiyasına qarşı mübarizədə atılan addımlar, postpandemiya dövründə əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsinin aparıldığını deyib.

Çıxışının sonunda Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfərin uğurla keçdiyini söyləyib.

Sonra iclasda cari məsələlərin müzakirəsinə başlanıb.

Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Milli Məclisin komitə sədri Zahid Oruc, deputatlar Hikmət Məmmədov, Rəşad Mahmudov, Fazil Qəzənfəroğlu, Nizami Səfərov, Aqil Abbas, Elman Məmmədov, Elşən Musayev, Azay Quliyev, Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı və Razi Nurullayev seçiciləri narahat edən məsələlər, pandemiya ilə mübarizə, siyasi partiyaların nümayəndələrinin Şuşa səfəri və ölkəmizin ictimai-siyasi həyatına dair digər mövzularla bağlı fikirlərini bildiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəlikdəki birinci məsələ - "Müstəqillik Günü haqqında" qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü ərəfəsində belə bir qanun layihəsinin müzakirəyə çıxarılması əlamətdar hadisə olmaqla yanaşı, tariximizə hörmətin ifadəsidir. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası 1918-ci il mayın 28-də dövlət müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Müasir Azərbaycan dövləti tarixi varislik üzərində inkişaf edərək bugünkü yüksək səviyyəyə gəlib çatıb. Təqdim olunan qanun layihəsinin məramı tarixi ədaləti bərpa etmək, ötən 103 ilin iki möhtəşəm hadisəsinə dəqiq və düzgün qiymət verilməsini təmin etməkdir.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Müstəqillik Günü haqqında" qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, müstəqilliyimizin məhz bərpasının 30 illiyi ərəfəsində Azərbaycan Prezidenti tərəfindən dövlətçilik tariximiz üçün çox əhəmiyyətli olan "Müstəqillik Günü haqqında" qanun layihəsi təqdim edilməsi çox təqdirəlayiq haldır. Bu qanun layihəsi dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən də müstəqilliyimizin keçən əsrin əvvəllərində əldə edilməsi, sonunda isə bərpası kimi tarixi günlərin daha dəqiq ifadə olunması zərurətindən yaranıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən xalqımız öz müstəqilliyini bərpa edib. Bu tarixi günlərin mahiyyətinə və məzmununa uyğun daha dəqiq ifadə olunması indiki qanun layihəsində öz əksini tapıb. Beləliklə, təklif olunur ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunsun.

Əli Hüseynli həm tarixi xronologiya baxımından, həm də mahiyyət baxımından bu günlərin dövlətçilik tariximizin ən vacib günləri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu qanun layihəsi tarixdə baş vermiş hadisələri özündə daha dəqiq ehtiva edir. Azərbaycan Prezidentinin təqdim etdiyi bu qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsində geniş müzakirə olunub və ətraflı fikir mübadiləsi aparılıb.

Qanun layihəsi barədə çıxış edən Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Hikmət Məmmədov, Qüdrət Həsənquliyev, Kamal Cəfərov, Nurlan Həsənov, Kamilə Əliyeva, Aydın Mirzəzadə, Emin Hacıyev, Əli Məsimli, Fazil Mustafa və Vahid Əhmədov qanun layihəsinin zəruriliyindən bəhs edib, onun müstəqillik tarixi baxımından vacibliyinə toxunublar.

Fasilədən sonra "Müstəqillik Günü haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi davam etdirilib.

Milli Məclisin komitə sədrləri Hicran Hüseynova, Bəxtiyar Əliyev, Tahir Rzayev, deputatlar Nizami Səfərov, Razi Nurullayev, Elşad Mirbəşiroğlu, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Anar İsgəndərov, Musa Qasımlı, Ramin Məmmədov, Nigar Arpadarai, Erkin Qədirli, Azər Badamov, Asim Mollazadə, Cavid Osmanov, Etibar Əliyev, Tahir Kərimli, Azay Quliyev və Sahib Alıyev çıxış edərək müzakirə olunan qanun layihəsinin Vətən müharibəsində Azərbaycanın Zəfəri və dövlətçilik tarixi baxımından əhəmiyyətini, daşıdığı məna yükünü xüsusi vurğulayıblar.

Sonra "Müstəqillik Günü haqqında" qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasda Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında qərar layihəsinə də baxılıb. Milli Məclisin deputatı Azay Quliyev bu komitənin üzvü seçilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

AZƏRTAC