Mikayıl Cabbarov: Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır
MÜSAHİBƏLƏR

Mikayıl Cabbarov: Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır

Gürcüstan Azərbaycan üçün hər zaman xüsusi dost və qonşu ölkə olub. Biz Gürcüstan ilə əlaqələrə böyük dəyər veririk. Qarşı tərəfdən də eyni münasibəti görürük. Ona görə də deyə bilərəm ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı hər iki ölkənin rifahına xidmət etməklə yanaşı, qlobal əhəmiyyət də kəsb edir. Bizim birgə əməkdaşlığımız Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Tbilisidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışında söyləyib.

Nazir bildirib ki, ölkələrimiz arasında əlaqələrin strateji cəhətdən əhəmiyyəti artmaqdadır və bu, iş adamları üçün də böyük imkanlar yaradır.

M.Cabbarov bərpaolunan enerji, turizm, azad iqtisadi zonalar sahələrində iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb və iş adamlarını bu sahələrə daha çox diqqət yetirməyə dəvət edib.