MƏZUNLARA DİPLOMLARIN TƏQDİMETMƏ MƏRASİMİ
Elm və təhsil

MƏZUNLARA DİPLOMLARIN TƏQDİMETMƏ MƏRASİMİ

Azərbaycan Texnologiya Universitetinin (UTECA) 2020/2021-ci tədris ilinin məzunlarına diplomlar təqdim edilib. Bu məqsədlə təşkil olunan tədbir universitetin həyətində ucaldılan Şəhidlər abidəsini ziyarətlə başlayıb. Tədbir iştirakçıları UTECA-nın şəhid məzunlarının abidəsi önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə Regional Kollecin müdiri Fəxrəddin Zeynalov, Kapital Bank ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev, pandemiya qaydalarına uyğun olaraq, az sayda məzunlar və valideynlər tədbirdə  iştirak edib.

UTECA-nın rektor əvəzi Yaşar Ömərov bildirib ki, Tovuz döyüşlərindən 1 il ötür: “Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi, dəmir yumruq sayəsində qazandığımız Zəfər iyul döyüşlərindən ilham almışdı. 12-16 iyul 2020-ci il tarixlərində Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alan zaman yüksək rütbəli zabitlərimiz şəhid olub. Generalımız Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin öz əsgərləri ilə çiyin-çiyinə vuruşaraq, qəhrəmancasına şəhid olmaları xalq birliyinin daha da möhkəmlənməsinə səbəb oldu. Əmrilə 27 il işğalda qalan torpaqlarımız yağı düşməndən təmizləndi - düzgün siyasət və vətənpərvər nəsil sayəsində. Vətən müharibəsi savaşında  UTECA-nın çox sayda tələbə və məzunları iştirak edib. 44 günlük müharibədə universitetin 6 tələbə və məzunu şəhidlik zirvəsinə ucalıb. Rəhbərlik, müəllimlər və tələbələr onlarla qürur duyur”.

Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra söz qonaqlara verilib. Çıxış edənlər məzunlara həyatın yeni mərhələsində uğurlar arzu edib, məsləhət və tövsiyələr veriblər. Məzunların çıxışından sonra diplomlar təqdim edilib.

ÜOMG-si yüksək olan məzunlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, bu il UTECA-nı 470 bakalavr bitirib. Onlardan 13-ü qırmızı diplom alıb. Bu il məzun olan 72 magistrdan 26 nəfəri isə fərqlənmə diplomuna layiq görülüb.

Zabit XƏLİLOV,

“Respublika”.