Mətin döyüşçü qardaşların xatirəsi anılıb
Region

Mətin döyüşçü qardaşların xatirəsi anılıb

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan İman və Bəhrəm Məmmədzadə qardaşlarının anım günü qeyd olunub.

Anım günü münasibətilə Xəzər rayonunun Binə-sovxoz qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirələri böyük ehtiramla yad edilib. Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, rayon ictimaiyyətinin nümayəndələri, Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun əməkdaşları, şəhid ailələri, qazilər, şəhidlərin doğmaları və yaxınları iştirak ediblər.

Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev şəhid qardaşların ailəsinə dərin hüznlə başsağlığı verərək onlara səbir diləyib və Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqlarından söz açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatı bahasına azad olunmuş torpaqlarımızda milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.

İman və Bəhrəm Məmmədzadə qardaşları 2020-ci il noyabrın 2-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizi düşmən tapdağından azad edərkən Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsi uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşlar.

Onlar Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdikləri qəhrəmanlığa görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişlər.

Kamil İSMAYIL,

"Respublika".