Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin siyahısı açıqlanıb
Digər xəbərlər

Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin siyahısı açıqlanıb

Sentyabrın 21-də Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin növbəti iclası olub.

Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, toplantıda üç məsələ müzakirəyə çıxarılıb.

Birinci məsələ ilə əlaqədar məlumat verilib ki, müxtəlif media təmsilçiləri qurultayı işıqlandırmaq istəyən jurnalistlərin ali məclisdə iştirakı ilə bağlı suallar ünvanlayırlar. Onların sərbəst fəaliyyətlərinin təmin edilməsi şərtdir. Bu zaman qurultayın keçirilmə yerinin imkanları nəzərə alınmalıdır. Təşkilat Komitəsi ali məclisi işıqlandıracaq jurnalistlərin ayrıca qeydiyyatının aparılmasını məqbul sayıb. Belə ki, KİV-lər bununla bağlı [email protected] e-mailinə sentyabrın 23-ü saat 15:00-dək yazılı məlumat göndərməlidirlər. Məlumatda qurultayda jurnalist kimi iştirak edəcək əməkdaşların adları qeyd edilməlidir. Məlumat KİV-lərin rəsmi blankında olmalı, möhür və imza ilə təsdiqlənməlidir. Telekanallar 3, gündəlik qəzetlər və informasiya agentlikləri 2, digər informasiya resursları isə qurultayı işıqlandıracaq 1 nümayəndə göndərə bilərlər.

İclasda müzakirəyə çıxarılmış ikinci məsələ Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin siyahısı olub. Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasının İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

İclasda qurultay nümayəndələrinin siyahısı da nəzərdən keçirilib. Təşkilat Komitəsinin qərarına əsasən, siyahı sentyabrın 23-də presscouncil.az saytında yerləşdiriləcək.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində (Ünvan: Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcək. Qeydiyyat saat 09:00-dan 10:00-dək aparılacaq. Saat 10:00-da qurultay işinə başlayacaq.

AZƏRTAC