Məşğulluq
Sosial həyat

Məşğulluq

Əmək haqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə artıq 264 nəfər işlə təmin edilib

Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial iş yerlərində əmək haqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində sosial cəhətdən həssas qruplardan olan 826 şəxsə münasib iş yerlərinə göndəriş verilib.

Onlardan mühüm bir hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olanlardır.Göndəriş verilən şəxslərdən artıq 264 nəfəri ilə işəgötürənlər arasında əmək müqaviləsi bağlanıb və onlar işə başlayıblar. Hazırda digərləri ilə də əmək müqavilələrinin bağlanması prosesi davam edir.  

Proqramda iştirak üçün bu günədək 114 işəgötürən ilə müqavilə imzalanıb və göndəriş verilən şəxslər də həmin işəgötürənlərə aid müəssisələrdə işlə təmin olunurlar. 

“Məşğulluq” altsisteminə vakansiyalar  yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əmək haqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir. 

***

Müharibədən sonrakı dövrdə şəhid ailəsi üzvlərinin və qazilərin məşğulluğuna dəstək

Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 7 minə yaxın şəxsin məşğulluğuna dəstək göstərilib.

Onlardan 5100-dək şəxs özünüməşğulluq proqramı ilə əhatə olunub. Seçdikləri iqtisadi fəaliyyət növləri üzrə həmin şəxslərin kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün proqram əsasında aktivlərlə təminatı işləri aparılır.

Qeyd edilən kateqoriyalardan olan 515 şəxsə münasib işlərə göndəriş verilib, 1000 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək məqsədilə başladılan “Məşğulluq marafonu” çərçivəsində təqdim edilən vakansiyalar üzrə isə 321 nəfər münasib işlə təmin edilib.

Mustafa KAMAL,

“Respublika”.