Meşə yanğınları ilə mübarizə sahəsində Türkiyə və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub
Digər xəbərlər

Meşə yanğınları ilə mübarizə sahəsində Türkiyə və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan Kəmaləddin Heydərov görüşün təsadüf etdiyi mayın 19-nun Türkiyədə geniş qeyd edildiyi Atatürkü Anma, Gənclik və İdman Günü münasibətilə təbriklərini çatdırıb. Nazir iki qardaş ölkə arasında bütün sahələrdə mövcud əlaqələrdən danışaraq, Azərbaycan və Türkiyə liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində bu əlaqələrin ən yüksək səviyyəyə qalxdığını qeyd edib.

FHN-in fəaliyyət istiqamətlərindən ətraflı bəhs edən K.Heydərov meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu çərçivədə, nazir meşə yanğınlarının monitorinqinin aparılması və meşələrin yanğından mühafizəsi sahəsində erkən xəbərdarlıq sistemlərinin tətbiqi, birgə təlimlərin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ölkələrimiz arasında sıx əlaqələrin dinamik inkişafından danışaraq, nazir vəzifəsinə təyin olunduqdan sonra ilk səfər etdiyi ölkənin məhz qardaş Azərbaycan olmasından məmnunluq ifadə edib. V.Kirişçi meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edərək, bu mənada qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.

AZƏRTAC