Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Digər xəbərlər

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə avqustun 19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 13 fevral, 15 fevral, 17 fevral, 18 fevral, 19 fevral, 20 fevral, 21 fevral, 22 fevral, 23 fevral, 24 fevral, 25 fevral 2020-ci il və 27 aprel 2021-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Sonra respublika üzrə dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, seçki qanunvericiliyinə əsasən seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2021-ci il aprelin 27-də Mərkəzi Seçki Komissiyası yeni tərkibdə formalaşdırılıb. Hazırda ölkədəki 125 seçki dairəsi dairə seçki komissiyalarının da üzvləri təyin olunmalı və dairə seçki komissiyaları yenidən təşkil edilməlidir.

Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada hər bir dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən hər bir dairə seçki komissiyasına namizədlərin ikisi maraqlı tərəflərlə - bir namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə razılaşdırılaraq irəli sürülür.

Mərkəzi Seçki Komissiyasının iclasında aparılan müzakirələrdən sonra yuxarıda sözügedən prinsiplər əsas götürülməklə namizədliyi təqdim olunan şəxslərin dairə seçki komissiyalarının üzvləri təyin olunması barədə qərar qəbul edildi. Beləliklə, respublika üzrə 125 seçki dairəsinin dairə seçki komissiyaları tam tərkibdə yenidən təşkil olunub.

Qeyd edək ki, dairə seçki komissiyalarının yeni tərkibdəki üzvlərinin təqribən 90 faizi ali təhsillidir.

Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.

AZƏRTAC