Mərkəzi Seçki Komissiyası 2022-ci ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
Digər xəbərlər

Mərkəzi Seçki Komissiyası 2022-ci ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

Seçki qanunvericiliyinin tələblərinə əsasən 2022-ci il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib, ardıcıl, sistemli və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli prosesdən sonra cari il üçün seçici siyahılarının hazırlanması başa çatıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, hər ilin əvvəlindən etibarən daimi seçici siyahıları müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib olunduqdan sonra Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməlidir. Bununla əlaqədar müvafiq iş aparıldıqdan sonra həmin siyahılar mayın 30-dan gec olmayaraq müvafiq məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunmalı və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək ictimailəşdirilməlidir. 2022-ci ilin daimi seçici siyahıları məhz seçki qanunvericiliyinin yuxarıda sözügedən tələblərinə uyğun şəkildə tərtib edilib dəqiqləşdirildikdən sonra prosesə yekun vurulub.

Mayın 27-də MSK üzvləri media nümayəndələrinin də iştirakı ilə Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının cari il üzrə yenidən tərtib edilmiş variantı və saxlanma şəraiti ilə yaxından tanış olublar. Seçici siyahılarının tərtib edilərək dəqiqləşdirilməsində dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlar, daha da təkmilləşdirilən proqram təminatları barədə Komissiya üzvləri və media təmsilçiləri ətraflı məlumatlandırılıb.

Təqdimat mərasiminin ardınca media nümayəndələrinin də iştirakı ilə MSK-nın iclası keçirilib. Məzahir Pənahovun sədrlik etdiyi iclasda 2022-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, dəqiqləşdirilməsi, təsdiqi və ictimailəşdirilməsi məsələləri müzakirə olunub. İclasda ilin əvvəlindən mayın sonunadək gerçəkləşdirilən irimiqyaslı fəaliyyət barədə geniş məlumat verilib. Sədr aparılan prosesə yaxından köməklik göstərən Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlara təşəkkür edib.

İclasda bildirilib ki, müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumu başçılarının aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə və dairə seçki komissiyaları tərəfindən daimi seçici siyahıları tərtib olunarkən bir sıra seçki məntəqələrinin ərazisində seçici sayının Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan çox olması müəyyən edilmişdir. Bu səbəbdən də Komissiya seçici sayı qanunvericiliklə müəyyənləşdirilmiş saydan çox olan seçki məntəqələrinin ərazisində təxirə salınmadan əlavə seçki məntəqələrinin yaradılmasını müvafiq dairə seçki komissiyalarına həvalə edib.

Komissiyanın iclasında, həmçinin 2022-ci ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq olunduqdan sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsi qərara alınıb.

Qeyd edək ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6 401 955 seçici daxil edilib, onların 47,18 faizi kişilər, 52,82 faizi isə qadınlardır.

İclasda MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişiklər olunması, habelə bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə də qərar qəbul olunub.

AZƏRTAC