Mərifət Nəsibov
Sosial həyat

Mərifət Nəsibov

Azərbaycanın Milli Qəhrəmanı Mərifət Nəsibovun həyat və döyüş yolu ilə tanış olarkən düşünürsən ki, bu cür övladları olan Vətən əbədiyyətə qədər yaşamağa layiqdir və yaşayacaq. Belə qəhrəmanları torpaq yetirir, torpağı isə qəhrəmanlar qoruyur və yaşadır. Nə qədər ki, uğrunda canından keçən övladların var, sən yaşayacaqsan, Azərbaycan!

Birinci Qarabağ savaşında Vətənimizin ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyan qəhrəman oğullarımızdan biri də Mərifət Əhməd oğlu Nəsibov olmuşdur.

...Qazaxın Quşçu Ayrım kəndi uğrunda ağır mövqe döyüşləri gedirdi. Düşmənə qarşı mərdliklə vuruşan, Azərbaycan əsgəri erməni quldurlarını geri çəkilməyə məcbur edirdi. Səngərdə əlverişli mövqe tutan Mərifət döyüşçü yoldaşları ilə ermənilərin atəş nöqtəsini susduraraq, xeyli hərbi sursat ələ keçirdi. Atəşə bir xeyli ara verildi. Axşamçağı daşnaklara əlavə qüvvə gəldi. Onlar yenidən hücumu davam etdirdilər.

Mərifət Nəsibov 1972-ci il mayın 22-də Qazax rayonunun Məzəm kəndində dünyaya göz açmışdır. Mərifət heç vaxt bədii ədəbiyyatdan ayrılmaz, xüsusilə hekayələri, romanları sevə-sevə oxuyardı. Mərifət öz çalışqanlığı ilə müəllimlərinin diqqətini cəlb edirdi.

Mərifət Nəsibov sürücülük ixtisasına yiyələndikdən sonra ordu sıralarına yollanmışdı. Əsgəri xidmətdə dəfələrlə komandanlığın tərifnamələrinə layiq görülmüşdü. Hərbi xidməti başa vurduqdan sonra o, kəndə qayıtmış, gəlişi toy-bayrama çevrilmişdi.

Həmin vaxtlarda Qazaxın sərhəd kəndləri intensiv atəşə məruz qalır, dinc əhalinin rahatlığı pozulurdu. Belə bir çətin məqamda qəlbi Vətən, Azərbaycan eşqi ilə döyünən Mərifət Nəsibov könüllü olaraq Milli Orduya yazıldı. Torpaqlarımızın müdafiəsində fəal iştirak etdi, döyüşlərdə şəxsi igidlik və fədakarlıq nümunəsi göstərdi. O, torpaqlarımızın müdafiəsində cəsur əsgər kimi dayanmışdı. 23 yanvar 1992-ci il Mərifət Nəsibovun son döyüş günü oldu. O, Qazax rayonunun kəndlərində gedən mövqe döyüşlərinin birində qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli, 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü.

Qazax rayonundakı H.Əliyev adına parkda qəhrəman döyüşçünün adına bulaq tikilmişdir.

Qədir ASLAN,

"Respublika".