Mərdliyinizlə qürur duyuruq
Region

Mərdliyinizlə qürur duyuruq

4 oktyabr 2021-ci il tarixində  Biləsuvar rayonunda Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Fariz Hüseynlinin və Osman Bayramovun xatirəsi ehtiramla anıldı.

Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri  şəhidlərin ata ocağını ziyarət edərək onların valideynləri ilə görüşdülər.  Fariz Dadaş oğlu Hüseynli 10 noyabr 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Əsgərabad kənd tam orta məktəbini də bitirmişdi.

Fariz  Hüseynli  Tərtər rayonunun  Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Fariz Hüseynli  4 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əsgərabad kənd məzarlığında dəfn olunmuşdur. Azərbaycan  Prezidenti  İlham  Əliyevin   müvafiq  sərəncamları ilə ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə,  şəxsi  igidlik  və  şucaət  nümayiş  etdirdiyinə  görə  Fariz  Dadaş  oğlu  Hüseynli  ölümündən sonra "Vətən uğrunda" və  "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Ailəli idi, 2 övladı var.

Osman Zeyqəm oğlu Bayramov 13 fevral 1987-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Ailəli idi, iki qız övladı var.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Osman Bayramov 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində iştirak etmiş və Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, doğulduğu Ağalıkənd  kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Osman  Zeyqəm  oğlu  Bayramov ölümündən sonra Vətən uğrunda, Füzulinin azad olunmasına görə və İgidliyə görə medalları ilə təltif edilmişdir.

Tədbir zamanı qəhrəman şəhidlərimizin hər birinin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı oldu.

       Ərəstun ABDULOV,

         “Respublika”.