Mərdlik, şücaət örnəyi
Region

Mərdlik, şücaət örnəyi

44 günlük Qarabağ müharibəsində, haqq savaşımızda göstərdiyi qəhrəmanlığı ilə gələcək nəsillərimiz üçün örnək bir tarix yazıb əbədiyyətə qovuşan Vətən sevdalısı Saməddin Mehman oğlu Fərziyevin doğum gününə Xanəgah kəndində ata ocağına çoxlu ziyarətçi gəlmişdi. Onlar qəhrəmanın göz açdığı evdə ehtiramla bildirdilər ki, 19 yaşında Vətən yolunda canından keçən Saməddinin adı heç zaman milyonların yaddaşından silinməz...

Saməddin Fərziyev Lerik rayonunun Xanəgah kəndində dünyaya göz açıb. Kənd orta məktəbində oxuduğu zaman qarışıq döyüş sənətləri (MMA) və qaydasız döyüşlə məşğul olur. Daha sonra qatıldığı idman yarışlarında dəfələrlə birinciliklər, diplom və sertifikatlar qazanır.

Orta təhsilini başa vurub SHXÇDX-nin Lerik Rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə göndərilir. Vətənini göz bəbəyi tək qoruyan igid əsgər 2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatları nəticəsində başlanan Tovuz döyüşlərində mənfur düşmənə öz yerini göstərə bilir.

2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən haqq savaşımızda ilk günündən etibarən Saməddin qanlı müharibə meydanına atılır, dığalara qarşı mərdliklə vuruşur. Xüsusi təyinatlı qəhrəmanımızın qələbə sorağı cəbhənin ən qaynar nöqtələrində eşidilir.

Onun son döyüş yeri Xocavəndin kəndlərinin azadlığı uğrunda olur. Cəbhə dostu Sənanla birlikdə döyüş tapşırığını yerinə yetirərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edir. 21 oktyabrda iki sadiq dost düşmənin döyüş postunu ələ keçirirlər. Lakin bundan bir neçə dəqiqə sonra xain düşmənin minaatandan açdığı atəş nəticəsində hər ikisi doğma Vətən torpağına sarılaraq, gözlərini əbədi yumurlar. Saməddinin nəşi Qaradağ rayonunun Lökbatan qəsəbəsində torpağa tapşırılır. Saməddin Fərziyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Zəfər ORUCOĞLU.