Mərakeşin Nümayəndələr Palatasının sədri Qarabağda aparılan quruculuq və bərpa işləri barədə məlumatlandırılıb
Digər xəbərlər

Mərakeşin Nümayəndələr Palatasının sədri Qarabağda aparılan quruculuq və bərpa işləri barədə məlumatlandırılıb

ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 23-də Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Nümayəndələr Palatasının sədrini salamlayan Sahibə Qafarova, cari ilin iyun ayında Bakıda keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin birinci konfransı çərçivəsində Raşid Talbi El Alami ilə görüşünü məmnunluqla xatırlayıb. O, Mərakeşin Parlament Şəbəkəsinin həm 2021-ci ildə Madriddə keçirilən təsis iclasında, həm də Bakıda keçirilən ilk konfransında təmsil olunmasından razılığını ifadə edib.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan Sahibə Qafarova təşkilatın fəaliyyəti, qarşıda duran vəzifələr, Azərbaycanın sədrliyi ilə həyata keçirilən və Şəbəkənin institusional inkişafına xidmət edən tədbirlər, həmçinin Parlament Şəbəkəsinin Manamada keçirilməsi nəzərdə tutulan ikinci konfransına hazırlıq məqsədilə görülən təşkilati işlər barədə geniş məlumat verib. O bildirib ki, sədr olaraq, hazırda Parlament Şəbəkəsinin digər parlamentlərarası təşkilatlarla əməkdaşlığını genişləndirməyə çalışırıq. Həmçinin üzv parlamentlərin nümayəndə heyətlərinin formalaşdırılması üzərində işlər davam edir.

Görüşdə qeyd olunub ki, xalqlarımız arasında ortaq dini və mədəni köklər ölkələrimiz arasında əlaqələrdə də mühüm rol oynayır. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edən Sahibə Qafarova deyib ki, hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi məmnunluq doğurur. Parlamentlərimiz arasında təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatları çərçivəsində uğurlu əməkdaşlıq nümunəsi var.

Görüşdə Milli Məclisin sədri ölkəmizin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərini 2020-ci ildə azad etməsi və öz ərazi bütövlüyünü bərpası, münaqişənin həllindən sonra bölgədə yaranmış yeni vəziyyət, həmçinin hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan böyük quruculuq və bərpa işləri barədə ətraflı məlumat verib. Azərbaycanın hər zaman sülh istədiyini, regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində lazımi tədbirlərin həyata keçirdiyini deyən Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan müstəqil deyil, müstəqil siyasət həyata keçirə bilmir və destruktiv mövqe nümayiş etdirir, ziddiyyətli bəyanatlar verir. Ermənistan bu cür hərəkətlərdən çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır.

Azərbaycan bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və ölkəmizə qarşı münasibətdə də eyni münasibəti gözləyir.

Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami cari ildə Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkəmizdə gördüyü inkişaf prosesləri barədə xoş təəssüratlarını bölüşüb.

Mərakeşin Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətə xüsusi diqqət yetirdiyini bildirən Nümayəndələr Palatasının sədri, o cümlədən, Hərəkatın Parlament Şəbəkəsində əməkdaşlığın da əhəmiyyətini qeyd edib. O, Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyini uğurlu hesab etdiklərini və hər cəhətdən dəstəklədiklərini bildirib.

Ölkələrimiz arasında xoş münasibətlər olduğunu deyən Raşid Talbi El Alami bu münasibətlərin parlamentlər çərçivəsində də davam etdiyini söyləyib, qanunverici orqanlarımızda fəaliyyət göstərən dostluq qrupları arasında əməkdaşlığı qeyd edib. Mərakeş Nümayəndələr Palatasının sədri ölkələrimizin ərazi bütövlüyü məsələsində bir-birinə qarşılıqlı dəstək verməsini də razılıqla qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AZƏRTAC