Məqsədyönlü tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılır
Səhiyyə

Məqsədyönlü tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılır

İnsanlar həmişə virus və bakteriyaya qarşı mübarizə aparıb. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilmişdir. 2020-ci ilin martında Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etmişdir. Ölkəmizdə yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə bir çox vacib qabaqlayıcı tədbirlər görülmüşdür. Ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış və karantin rejimi tətbiq olunmuşdur. COVİD-19 virusunun diaqnostikası və müalicəsi üçün zəruri hesab edilən Avropa istehsalı olan laborator testlər ölkəmizə gətirilmişdir. Paytaxt və regionlarda koronavirus xəstələrinin ödənişsiz müalicəsi üçün xüsusi xəstəxanalar ayrılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla mübarizədə görülən tədbirləri yüksək qiymətləndirərək digər ölkələri də Azərbaycanın təcrübəsindən faydalanmağa çağırmışdır.

Dövlətimizin başçısı cənab İlham Əliyev 2020-ci il martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında xəstəxananın kollektivi ilə görüşündə demişdir: “Bu gün ölkəmizin ən böyük xəstəxanalarından biri olan yeni xəstəxana fəaliyyətə başlayır. Xəstəxana bütün müasir standartlara cavab verir. Pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar. Ona görə bu xəstəxananın işə düşməsi əlbəttə ki, koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaqdır.

Koronavirus xəstələrinin buraya yerləşdirilməsi hesab edirəm ki, ən düzgün qərardır. Çünki hazırda bu insanlar ən həssas təbəqədir və onların müalicəsi, onlara lazımi tibbi xidmətin göstərilməsi ən vacib məsələdir. Çünki siz həkimlər yaxşı bilirsiniz ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanası mənim qərarımla onların ixtiyarına verilir və siz həkimlər burada onlara  xidmət göstərəcəksiniz”.

Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Ölkəmiz bu kampaniyaya Çindən gətirilmiş “Sinovak” vaksini ilə başlayıb. Azərbaycana Rusiyanın “Sputnik V” peyvəndinin ilk partiyası olaraq 40 min doza vaksin, COVAX platforması xətti ilə Bakıya COVİD-19 virusuna qarşı 84 min doza “AstraZeneca” peyvəndi gətirilmişdir.

Hazırkı dövrədək 334 min 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 326 min 269 nəfər müalicə olunaraq sağalıb, 4933 nəfər vəfat edib. Ötən müddət ərzində 3 milyon 551 min 620 test aparılıb. Ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 465 min 719-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 452 min 259, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 925 min 460 nəfərdir. Əhalinin xeyli hissəsi peyvənd olunub və vaksinasiya işi davam etdirilir. Bu, bizim sağlam və təhlükəsiz həyatımızın təmin olunması deməkdir.

Vaksinasiya proseduru çərçivəsində insan orqanizmində COVİD-19-a qarşı nəzərdə tutulmuş immunitet reaksiyasının əmələ gəlməsi üçün peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci doza vurulmalıdır. Yaxın bir il ərzində əhalinin 70 faizinin peyvənd olunması nəzərdə tutulmuşdur. Vaksin olunan insanlar ay yarımdan sonra orqanizmdə yaranan immunitet və anticisimlər səbəbindən özünü gələcəkdə baş verəcək ağırlaşma halına qarşı hazırlayır. Peyvəndlənmə səviyyəsi baxımından Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında liderdir. Dünyada vaksin qıtlığı yaşandığı bir zamanda bu məsələlər ölkəmizdə effektiv şəkildə həll olunur.

2021-ci il mayın 24-dən 31-dək Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: Birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası virtual şəkildə keçirilib. Qeyd edək ki, sessiyanın bağlanış mərasimində xüsusi qonaq qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək demişdir ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizəsinin əlaqələndirilməsi də daxil olmaqla, qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəkləyir.

Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVİD-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVİD xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının sayı 10 mindən artıqdır. Bununla yanaşı, COVİD-ın mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.

Ölkəmizdə cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlanılmış və artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşından yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilər. Peyvənd olunanlara COVİD-19 pasportları təqdim edilir.

Azərbaycan 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayıb və Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir.

Ölkəmiz pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslər irəli sürmüşdü. Bu barədə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə dəstəyi etmişdir. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir.

Azərbaycan həmçinin bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.

Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Bu xüsusda, Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırıb.

Ölkəmizdə görülmüş tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır. Metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin götürülməsi o anlama gəlməməlidir ki, pandemiya başa çatıb. İnsanların pandemiyaya yoluxması azalsa da, bu səbəbdən ölənlər hələ də var. Hər kəs vətəndaş məsuliyyətini dərk etməli və ümumi işə öz töhfəsini verməlidir.

K.İSMAYILOĞLU,

“Respublika”.