Məqsədyönlü, düşünülmüş siyasət yürüdən Azərbaycan bu gün regionda söz sahibidir
Siyasət

Məqsədyönlü, düşünülmüş siyasət yürüdən Azərbaycan bu gün regionda söz sahibidir

İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  zəngin dövlətçilik və hərb tariximizdə yeni səhifə açdı. Qarabağ savaşında Zəfər çaldıq. Ermənistanın təcavüzkar siyasəti nəticəsində zəbt olunmuş əzəli Azərbaycan torpaqları işğaldan azad olundu. Ərazi bütövlüyümüz bərpa edildi. 30 il işğal altında qalan yurd yerlərimizi qarış-qarış, kənd-kənd düşməndən azad edən qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevinci yaşatdı. Dünyanın aparıcı 50 ordusu sırasında olan Azərbaycan Ordusu yüksək peşəkarlıq, döyüş qabiliyyəti ilə düşmənə layiqli cavab verdi.

10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinə Azərbaycanın qalibiyyəti ilə son qoydu. Ermənistan kapitulyasiya aktı imzalayaraq məğlub olduğunu bəyan etdi. Prezident İlham Əliyevin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində erməni faşistləri darmadağın edildi, 300-dən artıq yaşayış məntəqəsi, strateji yüksəkliklər, Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələri, Xocavənd rayonunun bir hissəsi, Murovdağ dağ silsiləsi işğaldan azad edildi. Müharibədə qalib gələn Azərbaycan haqlı olduğunu, heç bir ölkənin ərazi bütövlüyünü pozmadığını, dünyada sülhə, əmin-amanlığa töhfə verdiyini bir daha nümayiş etdirdi.

Humanist, sülsevər Azərbaycan xalqı özünü həm də qətiyyətli, mübariz, öz milli dəyərlərinə sahib olan və lazım gəldikdə hər bir qarış torpağı üçün də canından keçməyi bacaran qəhrəman xalq olaraq sübut etdi. Azərbaycan və ona dost, qardaş ölkələr üçün böyük əhəmiyyəti olan şanlı Zəfər günümüz bütün türk dünyasının tarixinə əbədi yazıldı. Xalq-iqtidar birliyi, Ali Baş Komandana xalqın etibarı, etimadı, inamı şanlı qələbəmizi şərtləndirdi. Heç vaxt torpaqlarımızın işğal altında qalması ilə barışmayacağımızı, münaqişənin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, öz doğma torpaqlarımızı nəyin bahasına olur-olsun azad edəcəyimizi bəyan edən İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan kimi deyil, həm də güclü, iradəli, uzaqgörən, yüksək idarəetmə məharətinə malik siyasətçi, yenilməz dövlət başçısı kimi bu Qalibiyyətə imza atdı. 44 gün ərzində 30 il işğal altında qalan torpaqları azad etmək isə ölkə başçısının, dövlət rəhbərinin istər hərb meydanında, istər informasiya məkanında gücünün, cəsarətinin göstəricisidir.

İkinci Qarabağ müharibəsinin ölkəmizin qalibiyyəti ilə bitməsindən artıq iki il keçir. Azərbaycan torpaqlarından böyük itki verərək qovulan düşmənin "yenilməz" ordusu darmadağın edilib. Lakin güclü Azərbaycan dövlətinin, rəşadətli Azərbaycan Ordusunun qarşısında tab gətirməyən Ermənistan məğlub olsa da, hələ də alçaq niyyətindən əl çəkmək istəmir. Azərbaycan hökumətinin məğlub düşmənə sülh şəraitində köhnə səhifələri çevirib qonşu kimi yaşamaq, əməkdaşlıq etmək təklifi hələ də cavabsız qalıb. Bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına, region ölkələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasına və bunun fonunda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına  qardaş Türkiyə dövlətinin, Avropa İttifaqının da böyük səy göstərməsinə baxmayaraq,  xəbis, hər zaman sülhə, birgəyaşayışa təhlükə olan Ermənistan bu günə qədər atılan addımlara müsbət reaksiya verməyib. İki ildir ki, nəyinsə Ermənistanın xeyrinə dəyişəcəyinə ümid edən, havadarlarından kömək gözləyən rəzil düşmən anlamır ki, artıq 2020-ci il 10 noyabrda imzaladığı təslimolma aktının hər bir müddəasını cümlə-cümlə, bənd-bənd yerinə yetirməlidir. Azərbaycanın ərazi bütövlüyünü tanımalı, ölkəmizə qarşı ərazi iddialarından əl çəkməli, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası aparılmalı, kommunikasiyaların açılması həyata keçirilməlidir.

Çünki bölgədə sülh, əmin-amanlıq istəyən və buna nail olmaq üçün də məqsədyönlü, düşünülmüş siyasət yürüdən Azərbaycan bu gün regionda söz sahibidir. Azərbaycan dövlətinin bölgədə nüfuzu gündən-günə artır. Bunu bütün dünya qəbul edir və cılız Ermənistan da gec və ya tez bu reallığı qəbul etməlidir. Çünki onun bundan başqa yolu yoxdur. Onlar bu həqiqəti qəbul etməlidilər ki, Qarabağ Azərbaycan torpağıdır, onun ayrılmaz tərkib hissəsidir. Onlar birmənalı olaraq dərk etməlidilər ki, Azərbaycan torpağında - Qarabağda yaşayan heç bir erməninin nə xüsusi imtiyazı, nə statusu, nə də müstəqilliyi olacaq. Azərbaycan xalqı öz ata-baba torpaqlarında firavan həyat yaşayacaq. Viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz tez bir zamanda bərpa olunacaq. Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra onların dayanıqlı məskunlaşmasını təmin etmək, bu əraziləri cəmiyyətin sağlam, müasir və abad yaşayış mühitinə çevirmək üçün artıq genişmiqyaslı işlərə başlanılıb. Uzun illər işğal altında qalan yurd yerlərimizə həyat qayıdır, müasir infrastruktur layihələr reallaşır. Bərpa işləri ən yüksək səviyyədə təşkil olunur, düşmənin darmadağın etdiyi ərzilərimizdə quruculuq və əsaslı tikinti işləri həyata keçirilir. Dağılmış bütün kəndlər, şəhərlər yenidən qurulur.

Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində demişdir: "...Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq".

Bəli, ölkə başçımızın dönə-dönə vurğuladığı kimi, Azərbaycan gec və ya tez istədiyinə nail olub, bundan sonra da olacaq. Çünki müstəqil Azərbaycan hər bir hadisəyə haqlı mövqedən yanaşır və məqsədinə beynəlxalq hüququn normaları çərçivəsində nail olur. Bu yaxınlarda Azərbaycan dövlətinin haqlı tələbi ilə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin boşaldılması, vətənimizin dilbər guşəsində üçrəngli bayrağımızın dalğalanması bunun gözəl, bariz nümunəsi və eyni zamanda Azərbaycanın tarixi Zəfərinin yeni bir səhifəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".