Məqsəd və prinsiplərilə güclü siyasi platforma
Siyasət

Məqsəd və prinsiplərilə güclü siyasi platforma

25 oktyabr 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə  növbəti üç il üçün sədrliyin Azərbaycana keçdiyi bəyan edilib

Bəşəri dəyərlərin təbliğinə xidmət edən və bütün ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyini qoruyan Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Dünya əhalisinin 55 faizdən çoxu bu hərəkata üzv olan ölkələrin vətəndaşlarıdır. Dünyanın neft ehtiyatlarının 75, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxu həmin ölkələrin payına düşür. Bu isə onun həm də iqtisadi əməkdaşlıq üçün ciddi perspektiv vəd edən beynəlxalq təsisat olduğunu göstərir. "Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Hərəkata sədrlik edən Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro çıxışında Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür edib. Venesuelanın sədrliyi dövründə Qoşulmama Hərəkatının böyük inkişaf yolu keçdiyini, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərdiyini bildirib və növbəti üç il üçün sədrliyin Azərbaycana keçdiyini bəyan edib.

"Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm". Bu fikirləri Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-addım strateji hədəflərə yaxınlaşdırır. Dünyada parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq Azərbaycanın hərəkatın parlament şəbəkəsinin yaradılması təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsi, paytaxtımız Bakı şəhərində keçirilən konfrans ölkəmizə göstərilən etimadın bariz nümunəsi oldu. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Qoşulmama Hərəkatına sədrliyimizin yekdil qərarla 2023-cü ilin axırına kimi uzadılması ölkəmizə olan böyük hörmətin ifadəsi idi. Azərbaycan təşkilata üzv olduqdan sonra onun işində aktiv iştirak edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi təşkilatın fəaliyyətini daha da gücləndirib. Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlaması dünyanı COVID-19 pandemiyasının bürüdüyü çətin vaxtlara təsadüf etmişdi. Həmin dövrdə ölkəmiz pandemiya ilə mübarizədə digər dünya ölkələrinə öz köməyini əsirgəmədi. Pandemiya ilə mübarizə çərçivəsində məhz Azərbaycanın təşəbbüsü ilə müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirildi. 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Sessiyanın təşkili bir daha təsdiqlədi ki, Azərbaycan koronavirusla mübarizədə nəinki regionda, eləcə də dünyada öncül ölkələrdəndir.

Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə ianəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub. Dünyada koronavirus pandemiyası dövründə ən aktiv işlək beynəlxalq təşkilatlardan biri Qoşulmama Hərəkatı idi. Hərəkatın ölkəmizə verdiyi ən önəmli dəstək isə BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin Azərbaycana qarşı qərəzli bəyanat qəbul etmək cəhdlərinin qarşısının alınması oldu.

2021-ci ildə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət edərək, sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş edib, Azərbaycan isə bu təkliflə razılaşıb. QH-nin virtual formatda keçirilmiş Xarici İşlər Nazirlərinin Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha 1 il - 2023-cü ilə qədər uzadılması haqqında qərar verib. Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyil, bu, QH üzvlərinin Azərbaycana olan etimadının, inamının növbəti təzahürüdür.

Mustafa KAMAL,

"Respublika".