Məqsəd torpaqdan daha səmərəli istifadə etməkdir
Region

Məqsəd torpaqdan daha səmərəli istifadə etməkdir

Özünəməxsus təbii coğrafi iqlim şəraitinə malik Qusarda yetişən nemətlərin öz dadı, tamı var. Son illər bu rayonda kənd təsərrüfatı məhsullarının istehsalında müsbət nəticələr olub. Fermer, ailə təsərrüfatları torpaqdan səmərəli istifadə etməklə daha çox məhsul götürür, yüksək gəlir əldə edirlər. Torpaqda innovativ üsullar tətbiq etməklə müasir texnologiyalara əsaslanan yeni-yeni təsərrüfatlar yaradılır. Yerli şərait nəzərə alınmaqla müxtəlif layihələr həyata keçirilir. Odur ki, məhsuldarlıq artır, keyfiyyət yaxşılaşır. Cari təsərrüfat ilinin müsbət göstəriciləri dediklərimizə yaxşı sübutdur. Bütün bunlar barədə daha ətraflı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov məlumat verir:

- Rayonumuzda 84 min 700 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi var.  Bunun 55 min 342 hektarı dəmyə, 29 min 358 hektarı suvarılan torpaqlardır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, meyvəçilik və heyvandarlıqdır. Hər il sahələrdə orta hesabla 24 min hektara yaxın taxıl, 4 min hektara qədər tərəvəz əkilir. Meyvə bağlarının ümumi sahəsi 13 min 537 hektardır.  Bunun 7 min hektarını intensiv bağlar təşkil edir. Son vaxtlar ixracyönümlü fındıq bitkisinin sahəsi də artırılaraq 6 min 400 hektara çatdırılmışdır. Təsərrüfatlarda 41 min 612 baş iribuynuzlu, 82 min 917 baş xırdabuynuzlu heyvan, 197 min 754 quş  bəslənilir. 14 min 520 arı ailəsi ilə 652 arıçı fermer məşğuldur.

Başa çatmaqda olan cari təsərrüfat ilinin ilkin nəticələrini qənaətbəxş hesab etmək olar. Yay aylarının həddindən artıq quraq keçməsinə baxmayaraq, sahələrdən kifayət qədər məhsul toplanıb. İndiyədək 31309.3 ton meyvə, 30734.7 ton tərəvəz yığılmışdır. Sahələrdə yığım hələ davam edir.

Bu il taxılçılıqda göstəricilərimiz daha yüksəkdir. Əvvəlki illərlə müqayisədə rekord həddindədir. Məlumat üçün deyim ki,  cari ilin  məhsulu üçün sahələrdə 15 min 153 hektar  buğda, 7 min 925 hektar arpa, 7 hektar vələmir toxumu olmaqla, cəmi 23085 hektar sahədə taxıl əkilmişdir. Mövcud sahələrdən 72480.1 ton məhsul yığılmışdır ki, bu da hər hektardan 31,4 sentner təşkil edir. Taxıl sahələrində xəstəlik, ziyanvericilərə və alaq otlarına qarşı kimyəvi və aqrotexniki tədbirlər vaxtında aparılmış, bitkilərin inkişaf fazasından asılı olaraq yemləmə gübrələrindən düzgün istifadə edilmişdir. Xüsusi qeyd etmək istəyirəm ki, bu il biçin kampaniyası vaxtında və mütəşəkkil qaydada keçirilmişdir. Bu məqsədlə “Aqroservis” ASC tərəfindən dislokasiya edilmiş kombaynlarla birgə biçinə 107 ədəd texnika çıxarılmışdır.

Yeri gəlmişkən deyim ki, əkinçilikdə yeni layihə həyata keçirməyə başlamışıq. Kənd Təsərrüfatı Nazirliyinin bölgələrdə keçirdiyi “Vahid sahədə vahid əkin” layihəsinə qoşulmuşuq. Layihəyə cari ilin payızlıq əkini dövründə start veriləcəkdir. İlkin olaraq 9 kəndin ərazisini əhatə etməklə 841 hektar torpaq sahəsində bu işin icrası planlaşdırılıb. Burada məqsəd vahid massivdə  yerləşən torpaq sahələrində növbəli əkin sistemini tətbiq etməklə torpağın  münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının  yüksəldilməsidir. Kiçik torpaq sahiblərinin yanaşı ərazilərdə vahid bitki becərməyə qərar verməsi onların xərclərini azaltmaqla daha çox qazanc götürməsinə imkan verəcəkdir. Cəlb olunacaq ərazilərin artırılması istiqamətində tərəfimizdən fermerlər arasında maarifləndirmə işləri davam etdirilir.

Təsərrüfatlarımızda daha bir yenilik qarğıdalının təkrar əkini ilə bağlıdır. Torpaq və iqlim şəraiti suvarılan ərazilərdə eyni əkin sahəsindən ildə iki dəfə məhsul alınmasına imkan yaradır. Qarğıdalının təkrar əkini yem istehsalını artırmaq üçün əhəmiyyətli bir ehtiyatdır. Bununla əlaqədar tərəfimizdən rayonda fəaliyyət göstərən iri fermer təsərrüfatları və MMC-lərlə mütəmadi görüşlər keçirilmiş, bu işin əhəmiyyəti onlara yerində izah olunmuşdur. Artıq 200 hektar  sahədə təkrar qarğıdalı məhsulunun əkilməsi üçün ərazilər müəyyən edilmiş, səpin işləri tamamlanmışdır.

Son illər rayonumuzda intensiv bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonumuzda bunun üçün geniş imkanlar və dövlət dəstəyi mövcuddur. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”nın müvafiq bəndinə əsasən, Aqrar Subsidiya Şurasının qərarı ilə ölkəmizdə intensiv meyvə bağlarına görə subsidiyaların ödənilməsini göstərmək olar. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə respublikamızda yeni salınmış intensiv bağlara 6 növ meyvə bitkisi üzrə birdəfəlik əkin subsidiyası veriləcəkdir. Qərara əsasən, 2021-ci il ərzində salınan fındıq bağlarına da birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulur. Subsidiya veriləcək fındıq bağları 200-1500 metr hündürlükdə olan dağlıq və ya dağətəyi yerlərdə salınmalı, hər hektarda ən azı 330 ting əkilməli, bağ damla suvarma sistemi ilə təchiz olunmalıdır. Bununla bağlı fermerlərlə söhbətlər aparılmış, qeyd olunmuş şərtlərə cavab verən intensiv fındıq bağ sahələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmış və birdəfəlik əkin subsidiyasının ödənilməsi təmin olunmuşdur. Hazırda rayonumuzda 7 min hektara yaxın intensiv bağ sahəsi vardır. 2021-ci ildə 500 hektardan  çox yeni  salınmış intensiv bağ sahəsi qeydiyyata alınıb. Bu sahələrdə əsasən xaricdən gətirilmiş tinglərdən istifadə olunur. Ölkəmizdə ixrac potensialı yüksək olan meyvə bağlarının sahəsinin genişləndirilməsi məqsədilə yeni intensiv bağların salınmasına dövlət dəstəyi genişləndirilir. Yeri gəlmişkən qeyd edim ki, ötən il rayon üzrə 9381 fermerə 34167 hektar əkin sahəsinə görə 8479298 manat subsidiya ödənilmişdir.

Rayonda heyvandarlığın inkişafı istiqamətində də xeyli iş görülüb. Heyvandarlıqda iribuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə rayonda iribuynuzlu heyvanlar arasında süni mayalanma tədbirləri aparılır. Vətəndaşlara məxsus 2976 baş süni mayalandırma yolu ilə doğulan inək EKTİS-də qeydiyyatdan keçirilmişdir. 1960 baş süni mayalandırma yolu ilə alınmış sağlam buzova hər bir baş üçün nəzərdə tutulmuş 100 manat olmaqla, cəmi  196000 manat subsidiya ödənilib 2020-ci ildə Qusar rayonu üzrə 808 arıçıya saxladıqları 17342 arı ailəsinə görə 173420 manat subsidiya verilib.

Məhsul istehalçılarının texnika ilə təminatında da artıq problemlər aradan qaldırılmışdır. Təkcə ötən il fermerlər lizinq yolu ilə 29 ədəd traktor, 42 ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikası ilə təmin olunub.

Görülmüş işlərdə maarifləndirmə tədbirlərinin də əhəmiyyəti böyükdür.  Rayon DAİM-i fermerlərlə həmişə təmasdadır. Maarifləndirmə tədbbirləri ardıcıl və planlı şəkildə aparılır. Aqrar sahədə hər bir yenilik kənd əməkçisinə vaxtında çatdırılır. Bu məqsədlə hər həftənin 4-cü gününü “Fermer günü” elan etmişik. Həmin gün DAİM-in direktoru və mütəxəssisləri kənd icra nümayəndəliklərində fermerlərlə görüşür, onları məlumatlandırmaqla bərabər yerdə qarşılaşdıqları çətinlikləri öyrənir, həlli üçün yerindəcə göstərişlər verilir. Onu da qeyd edim ki, bu işdə DAİM-in yanında fəaliyyət göstərən Fermerlər Şurası da yaxın yardımçımızdır.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.