Məqsəd əhalinin sosial müdafiəsini gücləndirməkdir
Sosial həyat

Məqsəd əhalinin sosial müdafiəsini gücləndirməkdir

Müstəqil Azərbaycan bu gün sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Müvafiq dövlət qurumları iqtisadi inkişafın yaratdığı yeni reallıqları nəzərə alaraq mühüm addımlar atmaqdadır. Bunu Tarif (Qiymət) Şurasının  qəbul etdiyi yeni qərarlardan da görmək mümkündür.

Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayaraq, Nazirlər Kabinetinə əhalinin əməkhaqlarının, eləcə də pensiya və müavinətlərin artırılması ilə bağlı təklif hazırlamasını tapşırıb. Bu da ölkədə sosial-iqtisadi durumun yeni keyfiyyətlər kəsb etdiyini deməyə əsas verir.

Əhalinin sosial rifahının yüksəldilməsi bu gün dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Dövlətin apardığı uğurlu iqtisadi siyasətin əsasında sosialyönümlülük hər zaman öz prioritetliyini qoruyub. Bu mənada aparılan məqsədyönlü islahatlar sosial layihələrin icrasına böyük  imkanlar açır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 16 oktyabr 2021-ci tarixində imzaladığı Sərəncam əhalinin, o cümlədən həssas qruplardan olan ölkə vətəndaşlarının sosial rifah halının qorunması, əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Bu sərəncamın imzalanması nəticəsində həm də dünya bazarlarında qiymət artımının fəsadları aradan qalxacaq.

   Tarif (Qiymət) Şurasında təbii qazın tariflərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. Əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kubmetr müəyyənləşdirilib. Tarif Şurası bundan başqa, “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” qərarına da dəyişiklik edib. Bundan sonra elektrik enerjisinin 1 kVt/saatının aşağı qiyməti 1 qəpik, yuxarı qiyməti isə 2 qəpik bahalaşıb.

Tarif dəyişikliyinin aparılması zərurəti və ötən dövr ərzində ölkədə təbii qaz istehlakının artması, həyata keçirilən infrastruktur layihələr nəticəsində qaz təchizatının əhatə dairəsinin genişlənməsi, abonentlərin sayının yüksəlməsindən yaranıb. Nəticədə dövlətin təbii qazın hasilat və istehlakçıya çatdırılma xərcləri xeyli artıb.

Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə ucuzdur. İl ərzində 1.200 kubmetr qaz istehlak edənlər abonentlərin 51 faizini təşkil edir. Hazırda əhali qrupuna aid abonentlərə təbii qazdan 1.200 kubmetrədək istifadə etdiyi halda qazın 1.000 kubmetri 100 manata (58,82 ABŞ dolları), illik qaz istehlakı 1.200 kubmetrdən çox olan əhali üçün 200 manata (117,65 ABŞ dolları), illik 2.500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün isə 250 manata (147,06 ABŞ dolları) satılır. Beləliklə, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli aşağıdır və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Buna görə də təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində lazımi addımlar atılır, enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı – subsidiyalaşdırılma azalır. Sahəyə investisiya qoyuluşlarının təmin edilməsi üçün imkanlar genişlənir və cəlbedicilik artır. Təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün yaranan zərurət qarşılanır.

Bu artımın xarici təsirləri də mövcuddur. Belə ki, dünya bazarında təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb. COVID-19 pandemiyasının tədricən səngiməsi, dünya iqtisadiyyatının canlanması və sənaye sahələrində istehsalın bərpa olunması fonunda 2021-ci ildən etibarən qazın qiyməti artmağa başlayıb. İlin əvvəlində 1.000 kubmetri 335 dollar olan təbii qaz iyul ayında 500 dollara, avqustda  dünya bazarında 600 dollara yaxın olub. Sentyabrda qiymət artımı davam edib, birjalarda 1.000 kubmetri 700 dollar olan qazın qiyməti oktyabr ayına birjada (İCE) 1200-1400 dollar aralığında təklif olunub. Beynəlxalq Enerji Agentliyi qazın yüksək qiymətlərinin 2022-ci ilin birinci rübündə də davam edəcəyini proqnozlaşdırır.

Elektrik enerjisi üzrə tarif dəyişikliyinin aparılması isə “Azərenerji” ASC-yə verilən təbii qazın tariflərinin artırılması ilə əlaqədar elektrik enerjisinin topdan və pərakəndə tariflərinin yenidən tənzimlənməsi zərurətindən yaranıb. Elektrik enerjisinin topdansatış tarifinin artırılması nəticəsində “Azərişıq” ASC üzrə yaranan əlavə xərc bütün istehlakçılar üzrə bölüşdürülməlidir.

Elektrik enerjisi üzrə mövcud tariflər  2016-cı ilin 1 dekabr  tarixindən tətbiq olunur. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün enerjinin tarif tənzimlənməsi qaçılmaz addımdır. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50 faizdən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndirir. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 6,6 qəpik müəyyənləşdirilib.

2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, habelə pandemiya ilə mübarizə çərçivəsində hökumət tərəfindən iqtisadi təşviq paketlərinin həyata keçirilməsi, iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanmasına səbəb olub. Bu baxımdan elektrik enerjisinə tələbat artıb. Qeyri-əhali istehlakçı qrupları üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik təsdiq edilib. Bu, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müəyyən əlavə xərclərin yaranmasına səbəb ola bilər. Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər nəzarətdə saxlanacaq. Tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcək.

Azərbaycanda alternativ enerji istehsalçıları üçün əlverişli imkanlar yaranır. Bu sektor inkişaf edərsə, təbii qaz sərfiyyatı və təbii qaz əsaslı enerji istehlakı azala, iqtisadiyyatda yeni xidmət sahələri inkişaf etdikcə, daha əlverişli alternativ mənbələr yarana bilər.

2021-ci ildə ölkəmiz COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıtmışdır. Bu, dünya miqyasında pandemiyaya qarşı peyvəndlərin ərsəyə gətirilməsi, ölkəmizdə isə insanlarımızın bu xəstəlikdən qorunması istiqamətində dövlət tərəfindən əhatəli və effektiv sosial-iqtisadi tədbirlərin, xüsusilə genişmiqyaslı peyvəndləmə kampaniyasının keçirilməsi, həmçinin 2020-ci ildə əhalinin sosial baxımdan həssas qruplarına maliyyə və sosial dəstək göstərilməsi, eləcə də pandemiyadan zərər çəkmiş iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara, qurumlara vergi və bank-kredit güzəştlərinin verilməsi sayəsində mümkün olmuşdur. Bununla yanaşı, qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır. Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.

Prezidentin yeni sərəncamı ilə sosial ödənişlərdə ciddi artımlar təmin ediləcək. Sərəncam 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasını, həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətdir.

Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq vətəndaşlarının maaşlarının yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır və dövlət siyasətinin mərkəzində vətəndaşın dayandığını, onun rifah halının yaxşılaşdırılmasını nümayiş etdirən amildir.

 Əli SADIQOV,

“Respublika”.