Məni öldürsələr də, mən yaşaram...
Tarixi şəxsiyyətlər

Məni öldürsələr də, mən yaşaram...

24 oktyabr  Hüseyn Cavidin  doğum günüdür

Kim ki, eşq atəşilə oldu hədər,

Onu yandırmaz öylə atəşlər.

Məni öldürsələr də, mən yaşaram,

Tərk edib xəlqi xaliqə qoşaram.

İnsan bir dəfə dünyaya gəlir, lakin bəzən təkrar doğulmaq da olurmuş. Azərbaycanda doğulub uzaq Sibirdə məzara qoyulan və bir gün yenidən doğulan Cavid kimi...

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə sosializmin "nailiyyətləri"ndən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdı Cavid. Elə bu səbəbdən də, Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş, 1941-ci il dekabrın 5-də dünyasını dəyişmiş, İrkutsk vilayətinin Tayset rayonunun Şevçenko kəndində dəfn edilmişdi. Təxminən 40 il sonra isə...

Hər şey Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin görkəmli şair və dramaturq  Hüseyn Cavidin anadan olmasının 100 illiyinin qeyd edilməsilə bağlı 1981-ci ilin iyun qərarı ilə başladı. Yubiley tədbirləri çərçivəsində Hüseyn Cavidin Bakı və Naxçıvanda ev-muzeyinin açılması, heykəlinin ucaldılması nəzərdə tutulurdu. 1982-ci il oktyabrın 2-də Heydər Əliyev Naxçıvana səfəri zamanı yubileylə bağlı görülən işlərlə maraqlanır. Naxçıvan Vilayət Partiya Komitəsində keçirilən görüşdə ona ziyalıların adından Cavidin nəşinin Azərbaycana gətirilməsi təklifilə müraciət olunur. Bu, Cavidin nəşinin Vətəninə qaytarılmasına dair ilk təklif deyildi. Bundan əvvəl artıq iki dəfə belə müraciət olunsa da, təkliflər nəticəsiz qalmışdı. Nəhayət, ziyalılar bu məsələni üçüncü dəfə gündəmə gətirir və təklifi müsbət qarşılayan Heydər Əliyev buna icazə verməklə yanaşı, həm də lazım olan bütün köməkliyi göstərəcəyini  bildirir.

1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi şairin cənazəsinin gətirilməsi ilə  bağlı qərar  qəbul edir və qərarın  icrası komitənin katibi Həmid Cəfərova tapşırılır. Oktyabrın 14-də Həmid Cəfərovun rəhbərliyi ilə Telman Əliyev və Zakir Nəsirovdan ibarət olan üçlük Sibirə uçur və 19-da İrkutsk vilayətinin rəhbərliyi ilə görüşür. Hüseyn Cavidin dəfn olunduğu məzarlığa getmək müşkülə çevrilir, lakin nümayəndə heyəti hər bir çətinliyi gözə alaraq məzarlığa gedir. Kənd 100 hektarlarla ərazisi olan meşəlik idi. 30 dərəcə şaxtada, ətrafı dizədək örtmüş qar təbəqəsinin altında məzar axtarmaq əsl müsibət idi. Komitə katibi Həmid Cəfərov sonralar o günləri belə xatırlayırdı: "Məzarlığa gəldik. Şaxtalı havada qarın altında olan qəbirlərin arasında 59 nömrəli qəbri axtarırdıq. İki saat axtarışdan sonra birdən rayon prokuroru Yelena Yakovlevnanın səsi gəldi: "Tapdım!". Sevinə-sevinə onun yanına qaçdıq və məzarın başına vurulan taxtanı silib təmizlədik, 59 nömrəsini gördük. Təkrar dəqiqləşdirdik, tam əmin olandan sonra komissiya üzvləri qəbrin açılması ilə bağlı akt imzaladı".

...O anda yaranmış vəziyyəti isə sözlə ifadə etmək, belə çətindir. Qəbrin başında diz çöküb oturan soydaşlarımız gözlərinin yaşını saxlaya bilmirdilər. Bu, həm sevinc, həm də kədər yaşları idi. Yenə də Həmid müəllim danışır: "Qəbrin torpağı çox saf idi, iki metr dərinlikdə tabutun üst hissəsi göründü. Mənim boyum balaca olduğuna görə yerimi Zakirə verdim. O, məzara enib tabutun taxtasını çıxartdı. Ət çürümüşdü, amma sümüklər hamısı yerində idi. Alnını silib öpdüm, baş hissəsinin arxasına baxdım, tüklər yerində idi. Cənazə gətirilmək üçün hazırlandı, elə oradaca mitinq keçirildi. Polkovnik Telman Əliyev gözlənilmədən bizi müşayiət edən 10 nəfər avtomatlının rəhbəri olan mayora tərəf çevrilib komanda verdi: "yaylım atəşi açın!" Və orada 100 yaşını bitirən Cavidin ruhunun şərəfinə 100 yaylım atəşi açıldı...".

Cavidin nəşi Bakıya Şirvanşahlar Sarayına, şahlar otağına gətirildi. Oktyabrın 27-də Azərbaycan SSR Elmlər Akademiyasının böyük zalında iclas keçirildi, noyabrın 1-də başda Heydər Əliyev olmaqla Azərbaycanın dövlət, hökumət nümayəndələri vida mərasiminə toplaşdılar. Daha sonra cənazə Naxçıvana aparıldı. Əvvəl ata evinə gətirilən şair noyabrın 3-də ev-muzeyinin yanında, uşaqlıqda çox sevdiyi tut ağacının altında dəfn olundu. Beləliklə, 1919-cu ildə ata evindən çıxan Hüseyn Cavid 63 il sonra ana torpağa qovuşdu. 1996-cı il sentyabrın 13-də şairin ömür-gün yoldaşı Müşkünaz xanımın məzarı Bakıdan, Ərtoğrul Cavidin məzarı isə Naxçıvandan türbəyə gətirildi. Həmin il oktyabrın 29-da Heydər Əliyevin iştirakı ilə Cavidlərin türbəsinin açılış mərasimi keçirildi. 2004-cü il sentyabrın 12-də isə Turan Cavid də vəfat etdi və o da bu türbədə dəfn olundu.

Şairin taleyindəki bəzi məqamları xatırlayırıq. Belə ki, onun həyatında 3 rəqəmi sirli şəkildə  təkrarlanıb: 1937-ci ilin 3 iyununda 3 - Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiq həbs edilib, məlum "üçlük"  onu gedər-gəlməzə, Maqadana göndərib, 41  il sonra bir başqa "üçlük" onu vətənə gətirib, şairin cənazəsinin gətirilməsi ilə bağlı 3 dəfə məsələ qaldırılıb, ailə 13 sentyabrda bir-birinə qovuşub və s. 59 rəqəmi də həmçinin... Şairin başının ölçüsü 59 olub, 59 yaşında vəfat edib, ölümü 59 nömrəli aktla sənədləşdirilib. Bakıdakı 59 nömrəli evindən zorla ayrı salınan şair Sibirdə 59 nömrəli qəbirdə dəfn olunub və  59 ildən sonra ailəsi ilə   "görüşüb...".

Bu "görüş" həm də onun təkrar doğum günü idi, çünki Cavid təzədən canlanmışdı sanki. Bütün Azərbaycan ondan danışır, Vətəninə qayıdışına görə sevinirdi. Vətən torpağı da sevinirdi, bir torpaq, xalq-millət, Vətən sevdalısını qoynuna aldığı üçün. Həmin gün Cavid təkrar doğulmuşdu, Günəş, Ay kimi...

1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində ruhani ailəsində anadan olan Cavid şair kimi tanındı. Cavid sənəti janr və forma cəhətdən zəngin idi. Klassik Azərbaycan ədəbiyyatının ənənələrini inkişaf etdirən şair XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi, tarixi faciələri, ailə-məişət dramları üslubu, yazı manerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında  yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səviyyələndirilmişdir.

Cavid poeziyası onun romantik şeir və poemalarından ibarətdir. Bu şeirlərin başlıca məzmununu idealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət  axtarışına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr təyin edir. Şairin lirik "mən"i qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan filosof xarakterli aşiqdir:

Xəyal!.. Əvət, yaşadan yalnız əhli-halı odur,

Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.

Məhz bu baxımdan, onu çoxları başa düşmürdü. Başa düşməmək, anlamamaq isə söz adamını qəbul etməmək anlamına gəlməməlidir, axı. Təəssüf ki, "qəliz dil"ini başa düşməyənlər bu qənaətdə idilər. Başa düşmək üçün Cavid səviyyəsinə heç olmazsa  bir az yaxınlaşmaq lazım idi ki, bunu da onlar bacarmırdılar. Əslində, Cavidin bütün yazdıqlarından bir məna süzülüb gəlirdi: "Mənim sevgim, gözəllikdir, Tanrıdır!".  Hər yerdə, hər yanda gözəllik axtaran Cavidin "dilini" nədənsə sovet ideoloqları, onların yaramaz yerli köməkçiləri çox yaxşı başa düşürdülər.  Elə günəşli bir diyarın, günəş qəlbli övladını da buzluqlar diyarına bu səbəbdən göndərmişdilər. Düşünməmişdilər ki, qəlbindəki hərarət, gözəlliyə sevgi  bütün buzları əridə bilər. Necə ki, əritdi... 1938-ci ildə həbs olunaraq "əks-inqilabi əlaqələr saxlamaq", "bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq", "öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək" kimi ittihamlarla günahlandırılan Cavid ölümündən illər sonra 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə bəraət aldı.

"Rəqs", "Pəmbə çarşav", "Uyuyur", "Ah, yalnız sən", "Get", "Könlümü", "Xuraman-xuraman" və s. adlı şeir və qəzəlləri, "Bir ahi-məzlumanə", "İştə bir divanədən bir xatirə", "Hübuti-Adəm", "Azər" və s. adlı poemaları, "Ana", "Şeyx Sənan", "Uçurum", "Afət" faciələri, "Maral", "Şeyda" pyesləri, "Peyğəmbər" və "Topal Teymur" leze dramları və s. ona şöhrət gətirən sənət əsərləridir. Bu əsərlərdəki orijinal təşbeh və metaforalar, epitet və təkrirlər, monoloq və dialoqlar fikrin, mənanın  qüvvətli və emosional vasitələrlə ifadəsinə xidmət edib. Və nəticədə gözəl poeziya nümunəsi yaranıb.

Cavid əsərlərinin ümumi bir leytmotivi vardı. O deyirdi: "Kəssə hər kəs tökülən qan izini, Qurtaran dahi odur Yer üzünü". Müharibəyə, ölümə, qırğına nifrət və etirazını bildirən, ictimai ədalətsizliyi tənqid, insan daxilindəki alçaq və çirkin ehtirasları ifşa edən Cavid onların islah olunmasına çalışır, insanlığa səsləyirdi.

Ədəbiyyatımızda özünəməxsus yeri olan Cavid də, onun bütün zamanlar üçün aktual olan poeziyası da bu baxımdan əbədiyaşardır:

Əbədiyyət mənim məzarımdır

Çünki sultani-eşq yarımdır.

Eşq üçün can nisan edən ərlər,

Əbədi bir həyat içində gülər...

Zümrüd QURBANQIZI,

"Respublika".