Mənalı ömrünü Vətənə ləyaqətlə xidmətə həsr etmiş peşəkar zabit, nümunəvi vətəndaş
Sosial həyat

Mənalı ömrünü Vətənə ləyaqətlə xidmətə həsr etmiş peşəkar zabit, nümunəvi vətəndaş

Ölkənin birinci şəxsləri, xarici ölkələrin dövlət başçıları ilə bağlı tədbirlərdə iştirak edən jurnalistlər, demək olar ki, daim mühafizə xidmətinin əməkdaşları ilə təmasda olurlar. Tərlan Qədirovun həmkarlarının xətrinə dəyməsin, o, xeyirxah xarakteri və jurnalistlərə həssas münasibəti ilə xidmət yoldaşlarından fərqlənirdi. Tez-tez jurnalistlərə müraciətlə deyərdi: "Sizi çoxdandır ki, görmürəm".

Əlbəttə, Prezidentin mühafizəçilərinin özünəməxsus vəzifələrinin bir sıra nüansları adi insanlara sadəcə məlum deyil. Lakin polkovnik Tərlan Qədirov və dövlət başçısını mühafizə edən digər işçilər imkan daxilində Azərbaycan jurnalistlərinin işi üçün şərait yaradırdılar. Jurnalistlər tez-tez Tərlan Qədirova üz tutaraq heç bir söz demədən mənalı baxışları ilə bu və ya digər hərəkət üçün icazə istəyirdilər. Tərlan Qədirov kimi peşəkar insanlar da öz hərəkətləri ilə başa salırdılar ki, biz bir vəzifəni yerinə yetiririk - Vətənə xidmət edirik.

Dövlət başçısının xarici səfərlərində polkovnik jurnalistlərə imkan daxilində həmişə kömək edirdi. Xeyirxah iş görmək onun özünə də məmnunluq gətirirdi. Baxışlarındakı təmkin, məğrur duruşu həmişə ona qarşı xoş duyğular oyadırdı.

Tərlan Qədirov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Belə adamlar onlara çağırış vərəqəsi göndərilməsini gözləmirlər, belə kişilər Vətəni qorumaq üçün cəbhəyə gedirlər.

Vətənə təmənnasız xidmətə həsr edilmiş ömür heç vaxt asan və sadə olmur. O, cəmi 58 il yaşadı və bu ömrün 36 ilini Vətənə, dövlətə sədaqətlə xidmət işinə həsr etdi.

Qeyd edək ki, polkovnik Tərlan Azər oğlu Qədirov 1964-cü il dekabrın 20-də Bakıda anadan olub. Taleyini hərbi sahə ilə bağlayan Tərlan Qədirov dövlətə, dövlətçiliyə, Vətənə ləyaqətlə xidmət edib. O, 1986-1992-ci illərdə ovaxtkı Dövlət Təhlükəsizlik Komitəsində, 1992-ci ildən isə Prezidentin Təhlükəsizlik Xidmətində çətin, lakin nümunəvi xidmət yolu keçib.

Daim vətənpərvərliyi ilə seçilən Tərlan Qədirov Birinci Qarabağ müharibəsində qızğın döyüşlərdə iştirak edib, göstərdiyi fədakarlıq nümunələrinə görə dəfələrlə təltif olunub. O, xidmət dövründə ümumilikdə 17 medalla, o cümlədən "Hərbi xidmətlərə görə", "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.

Nəcib insanlar dünyasını dəyişəndə bu, həmişə kədər hissi doğurur, belə şəxsləri yaxından tanıyanlar üçünsə bu itkinin yarası uzun müddət sağalmır.

Bir oğul, iki qız atası olan polkovnik Tərlan Qədirov 2022-ci il yanvarın 25-də vəfat edib. Tərlan Qədirov yanvarın 27-də son mənzilə yola salınıb. Allah rəhmət eləsin!

AZƏRTAC