Sosial həyat

"Məktəblinin dostu" layihəsinin 5 illiyi qeyd olunub

Dekabrın 23-də Bakı şəhəri 20 nömrəli məktəb-liseydə "Məktəblinin dostu" layihəsinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, "Məktəblinin dostu" layihəsi ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin əhəmiyyətindən söz açıb, ötən 5 ildə layihənin əhatə dairəsinin daha da genişləndiyini deyib. Məktəblinin dostları olan təhsil ocaqlarında təlim və tədrisin keyfiyyətinin daha da yüksəldiyini bildirən təhsil naziri bu modelin digər ölkələrdə də tətbiq olunduğunu diqqətə çatdırıb. Nazir məktəblinin dostlarının təkcə şagirdlərin deyil, eyni zamanda, təhsilin dostu olduğunu söyləyib.

Emin Əmrullayev layihədə iştirak edən əməkdaşların fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən təhsil nazirinin müşaviri, "Məktəblinin dostu" layihəsinin rəhbəri Rüstəm Ağayev bu günə qədər layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib, layihə üzrə 5 ildə əldə olunan uğurlardan söz açıb. Bildirilib ki, hazırda layihə Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsi olmaqla ümumilikdə 226 müəssisədə icra olunur. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır.

Daha sonra layihənin əməkdaşlarına səmərəli fəaliyyət, xüsusi təşəbbüskarlıq və fəallıq nümayiş etdirdiklərinə görə sertifikatlar təqdim olunub.

AZƏRTAC