Məktəbi döyüş meydanına dəyişən müəllim
Sosial həyat

Məktəbi döyüş meydanına dəyişən müəllim

Hər gün məktəbə tələsən, sevimli şagirdlərinə fiziki tərbiyənin aşılanmasına çalışan, işlədiyi pedaqoji kollektivdə hörmət qazanan, vətənpərvər bir insan kimi tanınan Vüqar müəllimin həyat yolunu Vətən müharibəsi dəyişib. Daha məktəbə deyil, düşmənə qarşı döyüşlərə atılan müəllim səngər yoldaşları ilə torpaqların işğaldan azad edilməsi uğrunda döyüşüb. Təkcə Vüqar deyil, Vətən müharibəsində peşəsindən asılı olmayaraq, hər kəs düşmənə qarşı bir yumruq kimi birləşdi. Məktəbi döyüş meydanına dəyişərək şəhid olan müəllimlərdən biri də Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbin fiziki tərbiyə müəllimi Vüqar Vəliyevdir.

Vüqar Ağdam rayonunun Rzalar kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Vüqar 2017-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək pedaqoji fəaliyyətə başlayıb. Cəmi bir il müəllimlik edən Vüqar Vətən müharibəsi başlayanda səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbəsinə müraciət edib. Vətəni hər şeydən üstün tutub. Döyüşlərdə igidlik göstərib. Strateji yüksəkliklərin azad olunmasında rəşadətlə döyüşüb. Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhidin anası Gülzadə Vəliyeva bildirir ki, atasız böyüyən Vüqar uşaq vaxtlarından zəhmətkeş olub. Evin bütün qayğıları onun çiyinlərində idi. Peşəsini çox sevirdi. Şagirdlər də onu sevirdilər. Şəhid olandan sonra yuxuma girmişdi. Deyirdi yerim yaxşıdır, ağlama. İstəyim odur ki, Vüqar şəhid olan yerə gedim.

Vüqarın əmisi Əfəndi Vəliyev onun vətənpərvərliyindən danışır:

- Demək olar ki, Vüqar düşmənə qisas hissi ilə böyüyüb. Vüqarın vətənpərvər ruhda böyüməsinə təsir göstərən amillərdən biri də kəndimizin təmas xəttində yerləşməsi, illərdir atəş altında yaşamağımız olub. Vüqar vətənpərvərliyini əməli ilə göstərdi. Onun dəfni zamanı da düşmən kəndimizi atəşə tutdu. Buna baxmayaraq, camaat heç nədən qorxmadan, şəhidin dəfn mərasimində iştirak edib.

Şəhid Vüqar Vəliyev Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhid ailəsi dövlət qayğısı ilə əhatə olunub. Taleyin və zamanın ağır sınaqlarına sinə gərən Vüqar Vəliyevin qısa, lakin şərəfli həyat yolu gələcək nəsillər üçün əsl örnək olacaq. Vətəni, milləti, torpağı ucaldan şəhidlərin əziz xatirəsi heç zaman unudulmayacaq.

Salman ALIOĞLU,

“Respublika”.