Məhsul ixracı artıb
İQTİSADİYYAT

Məhsul ixracı artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, İxrac icmalının sentyabr sayına əsasən, 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycanın ixracı 13 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,6 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 mln. ABŞ  dolları və ya 37,1% artıb. 

2021-ci ilin yanvar-avqust ayları ərzində Rusiyaya 522,3 milyon ABŞ dolları, Türkiyəyə 407,3 milyon ABŞ dolları, İsveçrəyə 154,9 milyon ABŞ dolları, Gürcüstana  109,5  milyon ABŞ dolları və ABŞ-a 48 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Normallaşma prosesinin davam etdiyi dövrdə avqust ayı üzrə ixrac 1,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 95,3% təşkil etməklə 230,4 mln ABŞ dolları olub. 2021-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1% artaraq 38,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 106,6 % artaraq 192,1 milyon ABŞ dolları təşkil edib.

 

Dövriyyədə olan nağd pul artıb

Azərbaycanda pul bazası 2021-ci ilin sentyabr ayında 326,4 milyon manat artıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, avqust ayının sonunda 14 milyard 172,3 milyon manat təşkil etmiş pul bazası sentyabr ayının sonunda 14 milyard 498.7 milyon manata çatıb. Cari ilin 9 ayı ərzində isə pul bazası 934,5 milyon manat artıb. Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul kütləsi isə dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Bəybala BƏYBALAYEV,

“Respublika”.