Məhsul istehsalı ilbəil artır
İQTİSADİYYAT

Məhsul istehsalı ilbəil artır

Respublikamızın ən iri kənd təsərrüfatı rayonlarından olan Şəkidə əhalinin əsas məşğuliyyəti sənətkarlıq, turizm, ticarət və kənd təsərrüfatıdır. Son on ildə rayon üzrə ümümi məhsul buraxılışının həcmi 1,1, sənaye məhsulunun həcmi 1,8, kənd təsərrüfatı məhsullarının həcmi isə 1,1 dəfə artmışdır. Bununla yanaşı, Şəkidə taxılçılıq, tütünçülük və baramaçılıq geniş inkişaf etmişdir. Bağçılıq və heyvandarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, hər il rayonda 48-64 min hektar sahədə taxıl əkilir və orta hesabla ildə 150-200 min ton taxıl istehsal olunur ki, bunun da 120-130 min tonunu ərzaqlıq buğda təşkil edir. İstehsal olunan taxıl rayon əhalisinin taxıla olan tələbatından iki dəfə çoxdur. Tələbatdan artıq istehsal olunan taxıl isə respublikamızın digər rayonlarına satılır.

Rayonun iqtisadi inkişafına təsir göstərən digər bir sahə tütünçülükdür. Şəki tütün istehsalı üzrə respublikada birinci yerdə qərarlaşıb. Belə ki 2021-ci ildə 1241 hektar ərazidə tütün əkilmiş, bu sahələrdən 4150 ton tütün tədarük edilmişdir. 2022-ci ildə isə tütün əkini sahələri 1250 hektara çatdırılmışdır. Yığılan tütünlərin qurudulması üçün rayon ərazisində ümumilikdə müasir standartlara uyğun 246 tütünqurutma kamerası quraşdırılmışdır.

Qeyd edək ki, Şəki şəhərində fəaliyyət göstərən "Azəripək" MMC - də il ərzində 1000 tona yaxın barama qəbul olunaraq istehsal prosesinə cəlb edilir. Müəssisənin Şəki, Ağsu, Zərdab, Bərdə, Füzuli, Zaqatala rayonlarında barama qəbulu və qurutma məntəqələri yaradılmışdır. Rayonda heyvandarlığın, arıçılığın və bağçılığın inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Ümumilikdə 307 hektar ərazidə üzüm bağları salınmışdır ki, bu sahələrdən ildə 4 min tondan artıq üzüm istehsal olunur.

2022-ci ilin sonuna olan statistik məlumata görə, rayonda 61266 baş iribuynuzlu, 177253 baş xırdabuynuzlu heyvan bəslənilir. Eyni zamanda rayonda 12853 arı ailəsi vardır.

"Aqroinkişaf-2017" MMC tərəfindən 500 hektar ərazidə qoz və badam, "Green Factory" MMC tərəfindən 100 hektar sahədə meyvə, "Monte-Ferro" MMC tərəfindən 2700 hektarda fındıq bağları salınmışdır. Ümumilikdə rayonda fiziki və hüquqi şəxslərin istifadəsində 7497 hektar meyvə bağları mövcuddur. Onlardan 3925 hektarı bar verən bağlardır. 2022-ci ildə rayonda mövcud olan (bar verən) meyvə bağlarından 27850 ton məhsul istehsal olunmuşdur.

"Green Factory" MMC-nin meyvə bağları ərazisində Fransa, İtaliya, Türkiyə şirkətlərindən 55 min ədəddən çox sertifikatlı meyvə ağacları alınaraq əkilmişdir. Bağda şaftalı, nektarin, ərik, gavalı, xurma, gilas, alma, alça meyvələrinin bir neçə növü yetişdirilir. Sahə üzərində doluya qarşı istifadə edilən 3 ədəd top quraşdırılmışdır.

Məhsuldarlığın inkişaf etdirilməsi məqsədilə fasiləsiz su təminatı üçün 8 ədəd artezian su quyusu qazılmış, ümumi həcmi 15 min kubmetr olan su rezervuarı tikilmişdir. Ərazinin fasiləsiz və səmərəli suvarılması məqsədilə şirkətin mütəxəssisləri tərəfindən 2 ədəd su nasosu quraşdırmaqla stansiya tikilmiş, ümumi uzunluğu 380 kilometr olan damcılama və 10 kilometr magistral borularla qabaqcıl suvarma texnologiyalarının bütün texniki normalarına uyğun damcılama tipli suvarma sistemi yaradılmışdır. Müəssisənin ərazisində (3 hektar sahədə) logistik mərkəz fəaliyyət göstərir. Logistik mərkəzə ümumi həcmi 1000 kubmetr olan 9 ədəd soyuducu kamera, istehsalat gücü günə 3 ton olan qurutma, istehsalat gücü saatda 5 ton olan çeşidləmə və qablaşdırma avadanlıqları, anbar binası, ofis və digər yardımçı binalar daxildir.

M.NƏRİMANOĞLU,

"Respublika".