Məhkəmə-hüquq islahatlarının əsas məqsədi ictimai etimad və vətəndaş məmnunluğudur
Digər xəbərlər

Məhkəmə-hüquq islahatlarının əsas məqsədi ictimai etimad və vətəndaş məmnunluğudur

Ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunmuş ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə silsilə tədbirlər təşkil edilib. Məhkəmə-hüquq sistemində aparılan islahatların cəmiyyətdə böyük maraq doğurduğu nəzərə alınaraq bayram ərəfəsində Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə "Məhkəmə-hüquq islahatlarının əsas məqsədi ictimai etimad və vətəndaş məmnunluğudur" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində keçirilən tədbir dövlətimizin başçısının açılışını etdiyi müasir binasının istifadəyə verilməsinin 10 illiyi ilə əlamətdardır. Dünya Bankının vətəndaşlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi nominasiyalarının qalibi olmuş ən uğurlu layihəsi çərçivəsində inşa olunmuş məhkəmə binası bu gün də müasirliyini qoruyur. Təsadüfi deyil ki, Dünya Bankı binanın səliqə-sahmanla istismar olunmasını, yaradılmış yüksək şəraitin bütün istifadəçilərdə, o cümlədən məhkəmələrə gələn vətəndaşlarda məmnunluq doğurmasını yüksək qiymətləndirib.

Konfransda Ədliyyə Nazirliyinin rəhbərliyi və məsul işçiləri, Milli Məclisin aidiyyəti komitələrinin sədrləri və üzvləri, Prezident Administrasiyasının məsul təmsilçisi, Məhkəmə-Hüquq Şurası Aparatının, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının rəhbər vəzifəli şəxsləri, hakimlər və hakimliyə namizədlər, ali təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, gənclər və media mənsubları iştirak ediblər.

Tədbirin açılışında ədliyyə nazirinin müavini Toğrul Musayev və Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək tədbirin qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanları və vətəndaş cəmiyyəti institutları arasında səmərəli və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təzahürü olduğunu vurğulayıblar. Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının mərkəzində ədalət mühakiməsinə və ədliyyəyə əlçatanlığın təmini, vətəndaş məmnunluğunun artırılması və şəffaflıq prinsipləri dayanır. Təkcə son 10 ildə məhkəmə-hüquq islahatlarının bu istiqamətdə davamlılığını təmin edən 300-ə yaxın qanun, fərman və qərar qəbul olunub.

Sonra ədliyyə və məhkəmə sahəsində tətbiq olunan növbəti rəqəmsal innovasiyalara dair videoçarx nümayiş etdirilib. Təqdimatda vətəndaşların əlçatanlığının asanlaşdırılması məqsədilə qanunvericilik aktlarını mobil qaydada dərhal əldə etməyə imkan verən mobil "E-qanun" tətbiqi, həmçinin "Elektron məhkəmə" və "Elektron notariat" informasiya sistemlərinin növbəti innovativ imkanları barədə məlumat səsləndirilib.

Tədbirdə ədliyyə və məhkəmə-hüquq sistemində islahatlara, dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı görülən işlərə, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində məhkəmə qərarlarının icrasının təmin olunması, innovasiyaların tətbiqinin əhəmiyyəti ilə bağlı çıxışlar dinlənilib.

Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə respublikamızın hərtərəfli tərəqqisinə uyğun olaraq Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə aparılan islahatların əsas hədəfi vətəndaşdır, insanların rahatlığı, onlara əlverişli şəraitin yaradılması, keyfiyyətli xidmətin göstərilməsidir.

Ədliyyə fəaliyyətinin rəqəmsallaşdırılması, o cümlədən Nazirlik tərəfindən aparılan və bütün ölkəni əhatə edən elektron ədliyyə və məhkəmə informasiya sistemlərinin fəaliyyəti bu məqsədlərə yönəlib.

Dövlət başçısının "yol xəritəsi" olan 3 aprel 2019-cu il tarixli Fərmanın icrası çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər görülüb, çoxsaylı qanun layihələri hazırlanaraq ölkə Prezidentinin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul olunub.

Eyni zamanda, məhkəmə infrastrukturunun müasirləşdirilməsi ilə bağlı görülən tədbirlərin, 30-dək məhkəmə üçün yüksək beynəlxalq standartlara uyğun inşa olunmuş "hi-tech" bina və komplekslərin istifadəyə verilməsinin vətəndaşların rahatlığına və əlçatanlığına xidmət etdiyi bildirilib.

Bildirilib ki, qeyd olunan Fərmanın icrası çərçivəsində, həmçinin məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının fəaliyyəti təkmilləşdirilib, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni Qaydalar qəbul olunub, Fərmanla ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi məqsədilə seçim prosesi fasiləsiz aparılaraq, davamlı müsabiqələr keçirilir.

Bununla yanaşı, ədalət mühakiməsinin həyata keçirilməsində və vətəndaşların hüquqlarının təmin olunmasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası, bu sahədə iş yükünün ilbəil artması nəzərə alınaraq nazirliyin icra xidmət fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı görülən tədbirlər, o cümlədən bu sahədə qanunvericiliyin təkmilləşdirilərək İcra Məcəlləsinin hazırlandığı, alternativ icra mexanizmlərinin tətbiqi və s. barədə məlumat verilib.

Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc məhkəmə-hüquq islahatlarının, dövlət-vətəndaş münasibətlərinin ictimai rəyi formalaşdırdığını, aparılan məmnunluq sorğularının fəaliyyətin düzgün və dolğun qiymətləndirilməsinə və təkmilləşdirilməsinə imkan verdiyini qeyd edib, məhkəmə hakimiyyətinin, hakimin nüfuzunun ictimai etimada əsaslandığını vurğulayıb.

Sonra mövzu ətrafında müzakirələr aparılıb. Maraqlı və səmimi şəraitdə keçən müzakirələrdə çıxış edən digər deputatlar Qüdrət Həsənquliyev və Fazil Mustafa ədliyyə və məhkəmə sahəsində böyük ictimai əhəmiyyət kəsb edən yenilikləri məmnunluqla qeyd ediblər. Bildiriblər ki, son illər ədliyyə sistemində çox uğurlu işlər görülür, Ədliyyə Nazirliyi ictimaiyyət və vətəndaş cəmiyyəti institutları ilə ən sıx və çevik kommunikasiya həyata keçirən qurum olaraq reallaşdırılan tədbirlərlə bağlı mütəmadi ictimai müzakirələr keçirir. Bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi əhəmiyyətlidir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illər məhkəmə-hüquq sisteminin müasirləşdiyini, şəffaflığın artdığını bildirib, Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlıqda keçirilən tədbirlərə, davamlı pulsuz hüquqi yardım aksiyalarının təşkilinə toxunub.

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ədliyyə Nazirliyi ilə çox sıx əməkdaşlıq edilərək bu ərəfədə hüquqşünas tələbələr üçün ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə tanışlıq turlarının keçirildiyini və bunun tələbələrin nəzəri və praktiki cəhətdən biliklərinin artırılmasına xidmət etdiyini qeyd edib.

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri Əliməmməd Nuriyev, Rauf Zeyni, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı Ədliyyə Nazirliyinin ölkədə ictimai iştirakçılığı ilk təmin edən qurum olaraq vətəndaş cəmiyyəti ilə əməkdaşlığa daim xüsusi önəm verdiyini bildirib, tədbirin ictimai əhəmiyyətini qeyd ediblər.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz rəqəmsal transformasiya sahəsində nazirlik tərəfindən görülən işləri təqdir edərək əhaliyə təqdim olunan innovasiyaların, həmçinin qanunvericiliyin təkmilləşdirilməsini şərtləndirdiyini vurğulayıb.

Müzakirələr zamanı, həmçinin bır sıra təkliflər irəli sürülərək faydalı fikir mübadiləsi aparılıb.

AZƏRTAC