Məhkəmə ekspertizası fəaliyyəti ədalət mühakiməsinin səmərəliliyinə xidmət edir
Digər xəbərlər

Məhkəmə ekspertizası fəaliyyəti ədalət mühakiməsinin səmərəliliyinə xidmət edir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayan Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ədliyyə nazirinin müavini Eldar Nuriyev çıxış edərək məhkəmə ekspertizası fəaliyyətinin dövlətimizin başçısının tapşırıqlarına uyğun müasirləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ mexanizmlərin tətbiqi ilə bağlı həyata keçirilən tədbirləri qeyd edib. Vətən müharibəsində Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlərin istintaqı və mülki infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə yüzlərlə cinayət işi üzrə ekspertizaların icra edildiyini, 500-dən çox əmlak, o cümlədən fərdi yaşayış evləri, sənaye obyektləri üzrə tədqiqatlar aparıldığını vurğulayıb.

Mərkəzin rəis əvəzi Rahim Rəhimov ötən il məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən təyin olunan ekspertizaların sayının 25 faizdən çox artdığını, ekspertizaların 50 faizə qədərinin daxili işlər orqanları, 33 faizinin məhkəmələr, 8 faizinin prokurorluq, qalanının isə digər qurumlar tərəfindən təyin edildiyini bildirib.

Qeyd edilib ki, keçirilən ekspertizaların 24 faizi cinayət, 31 faizi mülki, kommersiya və digər qeyri-cinayət işləri, habelə 45 faizi isə istintaqa qədər materiallarla bağlı olub.

Ümumilikdə, 41 ekspertiza ixtisası, o cümlədən ballistik, trasoloji, narkotik vasitələr, yol-nəqliyyat hadisələri, tikinti-texniki, əmtəəşünaslıq, xətşünaslıq və başqa növlər üzrə 38 mindən çox işə baxılıb, ekspertlər tərəfindən 1 milyondan çox tədqiqat obyekti araşdırılaraq, qoyulan sualların 97 faizinin həllinə nail olunub.

Cəmiyyətin inkişafı və mülki hüquq münasibətlərinin artması, eyni zamanda, əhalinin, xüsusilə sahibkarların məhkəmələrə inamının yüksəlməsi və hüquqların məhkəmə müdafiəsinə üstünlük verilməsi nəticəsində bəzi növlər, o cümlədən iqtisad ekspertizaları üzrə işlərin sayı əhəmiyyətli dərəcədə çoxalıb.

Bildirilib ki, cinayətkarlıqla mübarizədə təhqiqat və istintaq orqanlarının həyata keçirdiyi tədbirlər çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən elm və texnikanın nailiyyətləri tətbiq edilməklə cinayət hadisələri ilə bağlı alət və vasitələrin, odlu və soyuq silahların, atəş, insan və digər izlərin, predmetlərin tədqiqi aparılıb.

Eyni zamanda, narkotik maddələrin növü, tərkibi, miqdarı və digər xüsusiyyətləri ilə bağlı ekspertizaların nəticələrinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında əhəmiyyəti qeyd olunub. Bundan əlavə, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan ekspertizaların təhlili göstərir ki, daha ağır nəticələrə səbəb olan hadisələr əsasən sürət həddini aşma və vaxtında azaltmama, yolayrıcında keçmə qaydalarını pozma, svetoforun qadağanedici işığına riayət etməmə, eyni zamanda, digər hərəkət iştirakçılarının təhlükəli şərait yaratması və s. ilə bağlı olub.

Məlumat verilib ki, əmtəəşünaslıq ekspertizası zamanı isə mülkiyyət əleyhinə olan cinayətlər üzrə əmlakın qiymətləndirilməsi, dəymiş ziyanın hesablanması və s. ilə bağlı tədqiqatların aparılması vətəndaşların mülkiyyət və sahibkarlıq hüquqlarının təminatına yönəlib.

Eyni zamanda, mühəndis-texniki ekspertizası üzrə tikinti-quraşdırma və təmir işlərində pozuntuların olub-olmaması müəyyən edilib, vətəndaşların mülkiyyət hüquqları ilə bağlı mübahisələr üzrə minlərlə tikililərə, torpaq və əmlaka yerində baxış keçirilərək araşdırma aparılıb.

İclasda, həmçinin xətşünaslıq, sənədlərin texniki, linqvistik, kompüter-texniki ekspertizaları üzrə işlərə toxunularaq sənədlərin, imzaların, pasportlarda möhür, ştamp və digər rekvizitlərin saxtalaşdırılması, o cümlədən COVID-19 pasportlarının saxta üsullarla hazırlanması, audio-video materialların montaj edilməsi ilə bağlı və digər tədqiqatlar aparılaraq həqiqətlərin üzə çıxarıldığı vurğulanıb.

Bildirilib ki, ədalət mühakiməsinin çevik həyata keçirilməsi məqsədilə ekspertizaların bir çoxunun icrası qanunvericiliklə müəyyən olunmuş müddətdən tez başa çatdırılıb. Eyni zamanda, ekspertizaların keçirilməsi ilə bağlı dövlət büdcəsinə ödənilməli vəsaitin miqdarı da əvvəlki illə müqayisədə xeyli artıb.

Həmçinin elmi-tədqiqat və metodiki iş diqqətdə saxlanılaraq ekspertizaların daha keyfiyyətli təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi, bu sahədə Mərkəzin imkanlarından səmərəli istifadə olunması və s. ilə bağlı hazırlanmış 100-dən artıq metodik tövsiyə məhkəmə və istintaq orqanlarına kömək məqsədilə göndərilib.

Bununla yanaşı, ekspertiza tədqiqatlarının dolğun və dəqiq aparılmasına, yeni növ ekspertizaların keçirilməsinə və ekspert rəylərinin beynəlxalq miqyasda tanınması məqsədilə akkreditasiyaya xüsusi önəm verildiyi qeyd edilib, ekspertiza növlərinin layiq görüldüyü beynəlxalq standartlara uyğunluq sertifikatının ötən il daha dörd il müddətinə yeniləndiyi vurğulanıb.

Müşavirədə Mərkəzin iş üsul və vasitələrinin təkmilləşdirilməsi məqsədilə müasir innovasiyaların tətbiqi, habelə ekspertizaların təyin olunması barədə qərar və ya qərardadların hərəkət dövriyyəsini izləməyə imkan verən "Elektron ekspertiza" informasiya sisteminin yaradılması ilə bağlı zəruri tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Həmçinin qarşıda duran vəzifələr müzakirə olunaraq, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, o cümlədən metodik və profilaktik fəaliyyətin gücləndirilməsi, məhkəmə-istintaq orqanlarına həqiqətlərin üzə çıxarılmasında elmi-texniki tərəqqinin nailiyyətlərinin aşılanması, qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə ekspertiza fəaliyyətinin səmərəliliyinin və ekspert rəylərinin keyfiyyətinin artırılması ilə bağlı konkret tapşırıqlar verilib və digər tədbirlər müəyyən edilib.

AZƏRTAC