Məhərrəmsiz bir il...
Sosial həyat

Məhərrəmsiz bir il...

AZƏRTACn şəhid jurnalisti Məhərrəm İbrahimovun əziz xatirəsi qəlbimizdə yaşayır

Onsuz bir il yaman tez ötdü, sanki bir göz qırpımında gəlib keçdi. Bəlkə ona görə ki, biz Məhərrəmin yoxluğu ilə barışmadıq, onun ölümünə inanmadıq. Axı şəhidlər ölmür, şəhidlər tanrının sevdiyi bəndələrdi...

2021-ci ilin o müdhiş, qəlbimizi ağrıdan, ürəyimizi qana döndərən o 4 iyundan bizi 365 gün ayırır. Həmin gün Kəlbəcərin Susuzluq kəndindən gələn acı xəbər nəinki bizi, eləcə də bütün media dünyasını sarsıtdı. Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində iyunun 4-də saat 11 radələrində tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular.

Məhərrəm İbrahimov AZƏRTAC-da müxbir kimi əmək fəaliyyətinə başlayanda cəmi 22 yaşı vardı. On yeddi il - 2004-cü il sentyabrın 1-dən həmin faciəli hadisəyə qədər agentlikdə bir jurnalist, bir əsgər ömrü yaşadı. Azərbaycan Ordusunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti, eləcə də ən qaynar nöqtələrdən xəbərlər hazırlanması ona həvalə olunmuşdu. O, bu çətin işin öhdəsindən bacarıqla gəlirdi.

Həyatsevər və nikbin, peşəsinə qəlbən bağlı, vətənpərvər ruhlu jurnalist olan Məhərrəm 44 günlük Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam edilmişdi. Düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə gedir, hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. O, daim qaynar nöqtələrə, hadisələrin mərkəzində olmağa can atırdı. Sorağı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər azad edilmiş ərazilərdən gəlirdi. Hərbi jurnalist kimi üzərinə düşəni lazımınca yerinə yetirirdi. Dəfələrlə AZƏRTAC-da ilin ən yaxşı əməkdaşı adına layiq görülmüşdü. Eləcə də "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi", Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalları ilə təltif olunmuşdu. Ən yüksək mükafatını isə ölümündən sonra aldı: 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini...

Xatirələrin izi ilə ötən günlərə, illərə qayıtmaq, olmuşları bir daha yaşamaq qəlb incidir, ürək dağlayır. Sözlər, baxışlar, gülüşlər yenidən canlanıb heç bir qüvvənin geri qaytara bilməyəcəyi aləmə aparır insanı. Məhərrəmlə bağlı o qədər şirin, unudulmaz xatirələr var ki, bilmirəm, hansını yazım, hansını xatırladım?

O, şirin, həzin, həm də kövrək bir nəğmə kimi yaddaşımıza hopub. Nə qədər varıqsa, nə qədər yaşayacağıqsa bizimlə yol yoldaşı olacaq...

Məhərrəm olduğu məclislərə xüsusi şuxluq gətirərdi. Danışığı, təmkini, səbri, baməzə söhbətləri ilə hamının qəlbinə yol tapırdı.

O, AZƏRTAC-ın da, İkinci Qarabağ savaşının da ilk şəhid jurnalisti oldu. Məhərrəmin də daxil olduğu çəkiliş qrupunun gördüyü işin mahiyyəti və miqyası o qədər böyük və əhəmiyyətlidir ki, onun dəyərini tarix özü verəcək. Zaman keçəcək, azad olunmuş torpaqlarımız yenidən canlanacaq, quruculuq işləri amansız işğalın izlərini itirəcək, gələcək nəsillər 30 illik işğalın dağıdıcı izini onların çəkdiklərindən, arxivləşdirdiklərindən, yazdıqlarından öyrənəcək.

Fikirləşirdim ki, işğaldan azad olunmuş torpaqları qarış-qarış gəzmiş ən çox məlumata malik jurnalist Məhərrəm olacaq. O yerlərlə bağlı bilmədiklərimizi ondan eşidəcəyik, çox təəssüf.. Deməli, qismət deyilmiş!...

Hərdən onunla xəyali söhbət edirəm. Eh... Məhərrəm, uşaqlığın qaçqınlıqla, gəncliyin yetimliklə, yetkinliyin ailə-uşaq, gün-güzəran qayğıları ilə keçdi. Sən hərbi jurnalist kimi peşəkarlaşan, bir ata kimi kamilləşən bir zamanda bu dünyaya "əlvida" dedin.

"Tarix yazırıq" deyirdin və bu gün özün də tarixə döndün. Bu gün sənin tarixləşən adına çox yerdə rast gəlmək olur. Bir vaxtlar gəzdiyin küçə hazırda sənin adını daşıyır, AZƏRTAC-ın binasında adına xatirə guşəsi yaradılıb, yaşadığın evin qarşısına xatirə lövhən vurulub...

Ölüm həyatın inkarı yox, təsdiqidir, onun sonluğu, tamlığı, tamamlığı, bütövlüyünün yekunudur. Fransızlar: "Axşam gündüzü tamamladığı kimi, ölüm də həyatı tamamlayır" deyirlər. Bilmirəm, bunu vaxtsız ölümlərə də aid etmək olar, ya yox?.

Hər səhər AZƏRTAC-dakı şəklinə salam verirəm. Hər dəfə çərçivədən boylanan şəklinə baxdıqca göz yaddaşımda işıqlı çöhrən, sifətinin kədəri, fərəhi, gülüşü, həsrəti, qulaq yaddaşımda səsin, sözlərin, danışığın, qəlbimdə sənli xatirələr yenidən canlanır.

Bu gün sənin və sənin timsalında canını bu Vətən üçün fəda etmiş yüzlərlə oğulun ruhu düşmən işğalından azad olunmuş o torpaqlarda dolaşır, rahatlıq tapır. Vaxt gələcək övladların Uğur və Toğrul da Qarabağda, elə sənin minaya düşdüyün o yerdə şəkil çəkdirib bütün dünyaya bir daha bəyan edəcəklər ki, bu torpağın əzəli və əbədi sakinləri bizik.

Vaxtsız ölüm, amansız düşmən fitnəsi imkan vermədi ömrün 40-na çatmağa. Sən hamının, elə bu qoca dünyanın da yaddaşında 39 yaşında qaldın. Təsəllimiz odur ki, sən heç də hər kəsə nəsib olmayan uca bir məqama - şəhidlik məqamına yüksəldin. Bu millətin savaş tarixində sənin də adın qalacaq. Bizə, dostlarına, doğmalarına toxtaqlıq verən də elə budur..

AZƏRTAC