Məğlub ölkə bölgədə sülhü təhdid deyil, təşviq etməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir
Siyasət

Məğlub ölkə bölgədə sülhü təhdid deyil, təşviq etməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir

Əsrlər boyu xalqımıza qarşı düşmənçilik mövqeyində olan, tarixin müxtəlif dövrlərində ərazilərimizi işğal edən, vətəndaşlarımızı yurd yerlərindən didərgin salıb məcburi köçkünə çevirən, deportasiyalar, soyqırımları törədən ermənilər ötən əsrin 90-cı illərinin əvvəllərində növbəti işğalçılıq siyasəti həyata keçirdilər. 1988-ci ildən etibarən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonları işğal edərək ərazilərimizin 20 faizdən çox hissəsini zəbt etdilər. Və bu işğalçılıq siyasəti 30 il davam etdi.

2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlayan Azərbaycan Vətən müharibəsində ərazi bütövlüyünü təmin etdi, beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan, hüquq normalarını, BMT-nin dörd qətnaməsini kobud şəkildə pozan Ermənistanı döyüş meydanında məğlub edərək torpaqlarını yağı düşməndən geri aldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gün ərzində əks-hücum əməliyyatını qələbə ilə başa çatdırdı. Döyüşlərə davam gətirə bilməyən düşmən təslim oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 9-dan 10-na keçən gecə imzaladıqları üçtərəfli Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan düşməndən geri alındı. Üçtərəfli Bəyanat münaqişənin həllinə nöqtə qoydu. Həmin tarixdən etibarən hərbi əməliyyatlar dayandırıldı. İmzalanmış bəyanat təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasət nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaradır.

Bəyanatın 3-cü bəndində Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentinin yerləşdirildiyi göstərilir. 4-cü bənddə isə Rusiya Federasiyasının xüsusi texnikadan ibarət sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin ərazidən çıxarılması ilə paralel olaraq yerləşdirilməsi bəyan edilir. Lakin diz çöküb yalvararaq imzaladığı bəyanatdan irəli gələn müddəaları yerinə yetirməkdən boyun qaçıran Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən öz silahlı birləşmələrinin tamamilə çıxarılması şərtinə əməl etmək istəmir.

 İkinci Qarabağ müharibəsi artıq iki ildir ki, Ermənistanın acı məğlubiyyəti ilə bitib. Təslimolma aktı imzalayan düşmən ölkə üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Müharibənin bitdiyi ilk günlərdən Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaqdan boyun qaçırır, müxtəlif bəhanələrlə müddəti uzadır. Təxribatçı, işğalçı ölkə imicindən çıxa bilməyən Ermənistan, sözsüz ki, humanist ideyalara sadiq, sülhsevər, tolerant Azərbaycanın bu addımını dəyərləndirmək səviyyəsində deyil. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmək isə hər bir dövlətin qarşısında dayanan mühüm vəzifədir. Havadarlarının himayəsi ilə 30 il beynəlxalq hüquq normalarına, konvensiyalara məhəl qoymayan Ermənistan artıq çıxış yolunun qalmadığını anlamaq istəmir, lakin nəyi gözlədiyini isə heç özü də bilmir.

Müharibədən sonra regionda yeni vəziyyət, yeni reallıqlar yaranıb. Sülh, təhlükəsizlik, qarşılıqlı anlaşma, etibarlı tərəfdaşlıq münasibətlərinin qurulması bu reallıqların qəbul olunmasını zərurətə çevirib. Azərbaycanla Ermənistan arasında sülhün və təhlükəsizliyin bünovrəsi sayılan, regionda kommunikasiyaların açılmasını təmin, region dövlətləri ilə əməkdaşlığı təşviq edən üçtərəfli Bəyanat ölkələr qarşısında bir sıra öhdəliklər qoyur. Bölgədə yeni əməkdaşlığın qurulması və Zəngəzur dəhlizinin yaradılması başda olmaqla bir çox layihələrin reallaşması isə Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsindən asılıdır. Bu baxımdan, Azərbaycan və Ermənistan öz ümumi sərhədlərini müəyyən etməli və bununla bağlı razılığa gəlməli, sərhədlərin delimitasiyası başa çatdıqdan sonra isə qonşu dövlət arasında sərhədin keçdiyi ərazilərin sərhəd nişanları ilə işarələnməsi - demarkasiyası həyata keçirilməlidir.

Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasına Avropa İttifaqı xüsusilə maraqlıdır. Avropa İttifaqının Prezidenti Şarl Mişel bu istiqamətdə böyük səy göstərir. Belə ki, onun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında Belçika Krallığının paytaxtı Brüsseldə 4 dəfə - 2021-ci il dekabrın 14-də, bu il aprelin 6-sı, may ayının 22-si və avqustun 31-ində görüş keçirilmiş və bütün görüşlərdə iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və s. barədə müzakirələr aparılmışdır. Belə ki, dekabrın 14-də baş tutan görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması, ikinci görüş zamanı isə aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi ilə bağlı razılığa gəlmişlər.

Üçüncü dəfə keçirilən müzakirələrdə də əvvəlki görüşlərdə olduğu kimi, Azərbaycanın işğaldan azad etdiyi ərazilərində minaların təmizlənməsi, Ermənistan-Azərbaycan müharibəsi zamanı saxlanılanların azad edilməsi məsələlərinə toxunulmuş, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında yaxın günlərdə dövlətlərarası sərhəddə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclasının baş tutacağını və bölgədə sülhün, əmin-amanlığın təmin olunması yollarının müzakirə ediləcəyini diqqətə çatdırmışdır. Azərbaycan Prezidenti İlham Əliyev ölkələr arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam verildiyini, Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı Ermənistanın baş naziri ilə razılığa gəldiklərini bildirmişdir. Ölkə başçımız üçtərəfli görüşün nəticəsi olaraq iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin qısa zamanda həyata keçiriləcəyinə ümid etdiyini vurğulamış, ikinci Brüssel görüşünün nəticələrinə uyğun olaraq artıq aprel ayının sonlarında sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün işçi qrupunun, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu istiqamətdə danışıqlara hazır olduğunu diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində artıq 4 dəfə Rusiyanın Soçi şəhərində üçtərəfli görüş keçirilmişdir. Ötən il 26 noyabr tarixli Soçi Bəyanatına müvafiq olaraq bu il aprel ayının sonunadək Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və hər iki ölkənin sərhəd xətti boyu və onun yaxınlığında sabit, təhlükəsiz vəziyyətin təmin edilməsi məqsədilə Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsi daxil idi. Azərbaycan razılığa gəlinən məsələlərlə bağlı öhdəliklərini yerinə yetirsə də, Ermənistan tərəfi buna adekvat cavab verməmişdi. Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq". Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də yaxın vaxtlarda sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işlərin aparılacağını bildirmişdi.

Oktyabr ayının 31-də 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli görüşlərin davamı olaraq Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə Azərbaycan-Ermənistan arasında sülh sazişinə dair növbəti üçtərəfli görüşü keçirilib. Bu dəfəki görüşdə də iki ölkə arasında münasibətlərin normallaşması üçün sülh müqaviləsinin bağlanmasının vacibliyi qeyd olunmuş və hər iki ölkənin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığı məsələlərinin BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq həyata keçirilməsi vurğulanmışdır. Bütün görüşlərdə olduğu kimi, qətiyyət və prinsipiallıq nümayiş etdirən Azərbaycan Prezidenti Rusiya Federasiyasının Prezidenti ilə ikitərəfli görüş zamanı Azərbaycanın Ermənistana 5 baza prinsipi əsasında sülh təklif etdiyini vurğulayaraq demişdir: "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik".

Bütün bunlar qalib Azərbaycanın beynəlxalq hüququn fundamental prinsiplərinə, eyni zamanda 2020-ci il 10 noyabr bəyanatının müddəalarına riayət edərək regionda sülhü, təhlükəsizliyi, əmin-amanlığı təşviq etdiyinin göstəricisidir. Və məğlub Ermənistan da bölgədə sülhü təhdid deyil, təşviq edən addımlar atmalı, 10 noyabr Bəyanatını imzalayarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Mehparə ƏLİYEVA,

"Respublika".