Məftun Abbasov: Altı ay əvvəlki ilə bugünkü Şuşa arasında böyük fərq var
MÜSAHİBƏLƏR

Məftun Abbasov: Altı ay əvvəlki ilə bugünkü Şuşa arasında böyük fərq var

Bu gün Şuşada abadlıq işləri aparılır, bir sıra iaşə obyektləri tikilir. Altı ay əvvəlki ilə bugünkü Şuşa arasında böyük fərq var.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bildirib.

Azərbaycan Prezidenti tərəfindən Şuşada 1 saylı ümumtəhsil məktəbinin və məscidin təməlinin qoyulduğunu xatırladan Məftun Abbasov deyib: “Şuşada ilk olaraq Prezidentin xüsusi nümayəndəliyinin, Dövlət Qoruğu İdarəsinin yaradılması, Şuşanın dövlət qoruğu elan edilməsi, Azərbaycan ilə qardaş Türkiyə arasında Şuşa Bəyannaməsinin bu tarixi şəhərimizdə imzalanması Prezident İlham Əliyevin Şuşaya xüsusi önəm verdiyini əyani şəkildə göstərir. Artıq “Zəfər yolu”nda da tamamlanma işləri gedir”.

Şuşanın partlamamış silah-sursat və minalardan təmizlənməsi istiqamətdə işlərin aparıldığını vurğulayan M.Abbasov yaxın vaxtlarda bu prosesin də yekunlaşacağını deyib: “Şuşanın qapısı şuşalılara açıqdır. Bura səfərlər təşkil olunacaq. Biz bu səfərlərdə əsasən yaşlı nəslin nümayəndələrinə üstünlük verəcək, sonra yavaş-yavaş cavan nəslin nümayəndələrinin də səfərlərini təşkil edəcəyik”.

AZƏRTAC