Medianın İnkişafı Agentliyinin birillik hesabatı
Digər xəbərlər

Medianın İnkişafı Agentliyinin birillik hesabatı

Yanvarın 12-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilmişdir. Konfransda Medianın İnkişafı Agentliyinin ötən bir il ərzində həyata keçirdiyi işlər və tədbirlər barədə geniş hesabat xarakterli məlumat verilmişdir.

Konfransı açıq elan edən Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva mətbuat nümayəndələrini salamladıqdan sonra, sözü Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılova verdi. 2022-ci ildə Medianın İnkişafı Agentliyi tərəfindən görülən işlərlə bağlı məlumat verən Əhməd İsmayılov bildirdi ki, "Media haqqında" Qanun ötən il 8 fevral tarixində təsdiqlənib, MEDİA Agentliyi tərəfindən hazırlanmış 8 normativ hüquqi akt layihəsi imzalanıb. Qəzet, xəbər saytı və mətbuat nümayəndələrinin məlumatlarının sistemləşdirilməsi məqsədilə Media Reyestri fəaliyyətə başlayıb. Eyni zamanda, "Jurnalistlərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ tanınıb, media məhsullarının və həmin məhsulların istehsalı (nəşri) ilə bağlı kağızın idxalı və satışı ƏDV-dən azad edilib", - deyə Əhməd İsmayılov ətraflı məlumat vermişdir.

Çap mediasının rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə "E-köşk" qəzet və jurnalların rəqəmsal abunə və satış platforması, eyni zamanda, Azərbaycanın ilk milli rəqəmsal media təhlil platforması "Metrix" proqramı istifadəyə verilib. Həmçinin beynəlxalq əməkdaşlığın qurulması çərçivəsində ümumilikdə 14 görüş keçirilib. Xarici və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 4 tədbir təşkil edilib. Medianın İnkişafı Agentliyi bir il ərzində media ilə bağlı 11 beynəlxalq tədbirdə təmsil olunub. Sevindirici haldır ki, artıq media nümayəndələrinin birbaşa özlərinə aid tədbirləri də işğaldan azad olunmuş ərazilərdə keçirilir. Belə ki, Milli Mətbuat Günündə 20-dək ölkədən olan xarici media nümayəndələri daxil olmaqla ümumilikdə 200 nəfərin iştirak etdiyi Şuşa şəhərində "Mediada qlobal sənədlər, yeni çağırışlar" Beynəlxalq Media Forumu keçirilib.

Əhməd İsmayılov çıxışı zamanı onu da qeyd etdi ki, Media Agentliyində 50-yə yaxın jurnalist və media subyekti ilə görüş keçirilmişdir. Jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə 800 nəfərdən ibarət qruplara təlimlər keçirilib.

Sonda Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin birillik fəaliyyəti və imza atdığı yeniliklərlə bağlı media nümayəndələrinin suallarını cavablandırdı.

Ramidə YAQUBQIZI,

"Respublika".