Medianın İnkişafı Agentliyi ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Elm və təhsil

Medianın İnkişafı Agentliyi ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Martın 17-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEİDA) ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

MEDİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədin imzalanmasında məqsəd Medianın İnkişafı Agentliyi ilə ADA Universiteti arasında müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi-praktik tədbirlərin həyata keçirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, habelə media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkil edilməsidir.

Sənədi Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

Memoranduma əsasən, tədris ili ərzində istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının keçirilməsi, bununla yanaşı, təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi nəzərdə tutulub.

Memorandum çərçivəsində tərəflərin nümayəndələrinin iştirakı ilə birgə layihə və tədqiqatlar həyata keçiriləcək, konfranslar, təlimlər və seminarlar təşkil ediləcək.

Əməkdaşlıq memorandumu tələbələri MEDİA-nın fəaliyyəti və vəzifələri haqqında məlumatlandırmaq məqsədilə Universitetdə "Karyera günləri"nin keçirilməsini də nəzərdə tutur. Həmçinin tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya mövzuları Agentliyin həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndiriləcək.

AZƏRTAC